Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslərin siyahısı, bəzən KİV-lər tərəfindən "qara siyahı" olaraq adlanır — Azərbaycanın 2020-ci ilə qədər işğal olunmuş ərazisi olan Qarabağ və hələ də işğal altında olan Kərki, Yuxarı Əskipara, Sofulu və Barxudarlı anklavlarına qanunsuz səfər etmiş əcnəbi şəxslərin siyahısı.
2018-ci ildə Azərbaycanın xəbərdarlığına məhəl qoymadan işğal edilmiş ərazilərə qanunsuz səfər etmiş 96 xarici ölkə vətəndaşının adı "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı"na daxil edilib.[1]
2013-cü ildə politoloq Vəfa Quluzadə siyahını "praktiki təsir baxımından doğru ölçü" adlandırıb.[14] O, qeyd edib ki, "bu, rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağa səfər etmək niyyətində olanlara xəbərdarlıqdır".[14]
İsrail və Rusiya vətəndaşlığına sahib olan Aleksandr Lapşin 2011-ci və 2012-ci ildə Qarabağa səfərlərindən sonra arzuolunmaz şəxslər siyahısına salınıb.[3] O, buna baxmayaraq 2016-cı ildə Azərbaycana Ukrayna pasportu ilə gəlib.[3] Aleksandr Lapşin bu səfəri barədə bloqunda yazıb.[3]
Azərbaycan sərhədini qanunsuz şəkildə keçməkdə ittiham edilən Aleksandr Lapşin Bakının müraciətinə əsasən 2016-cı il dekabrın 16-da Belarusun Minsk hava limanında saxlanılıb.[3] 2017-ci ilin fevral ayında o, Azərbaycana Belarusdan xüsusi təyyarə ilə ekstradisiya edilib.[3] İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində 3 il müddətinə həbs qərarı verib.[3] 2017-ci ilin sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda həbsdə olan bloqer Aleksandr Lapşini əfv edib və Lapşini sentyabrın 14-də İsrailə ekstradisiya edib.[3][15]