. Love.az

Azerbaycan Dili Dialektlerinde Fonetik Hadise Ve Qanunlar - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Dili Dialektlerinde Fonetik Hadise Ve Qanunlar
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Mündəricat

  • 1 Ahəng qanunu
    • 1.1 Ahəng qanununa ciddi riayət olunan şivələr
    • 1.2 Ahəng qanununun tez-tez pozulduğu şivələr
    • 1.3 Ahəng qanunu bəzi hallarda pozulan şivələr
  • 2 Assimilyasiya
    • 2.1 İrəli assimilyasiya
    • 2.2 Geri assimilyasiya
  • 3 Dissimilyasiya
    • 3.1 İrəli dissimilyasiya
    • 3.2 Geri dissimilyasiya
  • 4 Yerdəyişmə (Metateza)
    • 4.1 Yanaşı yerdəyişmə
    • 4.2 Yanaşı olmayan yerdəyişmə
  • 5 Səs artımı (Proteza)
    • 5.1 Söz əvvəlində saitlərin artımı
    • 5.2 Söz əvvəlində samitlərin artımı
    • 5.3 Söz ortasında sait artımı
    • 5.4 Söz ortasında samitlərin artımı
    • 5.5 Söz sonunda saitlərin artımı
    • 5.6 Söz sonunda samitlərin artımı
  • 6 Səslərin düşümü (Eliziya)
    • 6.1 Saitlərin düşümü
    • 6.2 Samitlərin düşümü
  • 7 Samitlərin qoşalaşması
  • 8 Ədəbiyyat

Ahəng qanunu

redaktə

Şivələrdə ahəng qanunu ədəbi dilə nisbətən bir o qədər də möhkəm deyildir. Ayrı-ayrı şivələrdə ahəng qanununa eyni dərəcədə riayət olunmur. Saitlər ahənginin saxlanması və pozulması baxımından baxımından şivələr üç qrupa bölünür:

1. Ahəng qanununa ciddi riayət olunan şivələr

2. Ahəng qanununun tez-tez pozulduğu şivələr

3. Ahəng qanunu bəzi hallarda pozulan şivələr

Ahəng qanununa ciddi riayət olunan şivələr

redaktə

Bu qrupa Qazax, Qarabağ və Gəncə şivələri daxildir. Qazax və Qarabağ şivələrində dodaq ahəngi də ədəbi dilimizə nisbətən inkişaf etmişdir. Ədəbi dildə damaq ahənginə əsasən iki variantda işlənən şəkilçilərin Qazax və Qarabağ şivələrində dodaq variantları da özünü göstərir: otlayırdı (ədəbi dil) – otdordu (Qazax) – otduyurdu (Qarabağ). Ədəbi dildə ahəng qanununa tabe olmayaraq, sözün əvvəlində i səsi işləndiyi halda, Qazax, Gəncə və Qarabağın bəzi şivələrində ı səsi ilə işlənir: ışıx, ılxı, ıldırım.

Ahəng qanununun tez-tez pozulduğu şivələr

redaktə

Buraya Quba, Bakı, Şəki, Zaqatala, Qax, Ordubad, Culfa, Lənkəran və Təbriz şivələri aiddir. Bu şivələr də ahəng qanunu həm söz köklərində, həm də şəkilçilərdə pozulur. İncə saitli sözlərə qalın saitli şəkilçilər qoşulur: gidax, gəlmax, günnux, dedıx və s. Bakı şivəsində əksər hallarda qalın saitli sözlərə incə saitli şəkiləilər əlavə olunur: alaceg, almeg, almani və s.

Ahəng qanunu bəzi hallarda pozulan şivələr

redaktə

Bu qrupa Şamaxı, Naxçıvan və Muğan şivələri daxildir. Ahəng qanununun pozulma məqamları:

  • Söz köklərində: qeymağ, qeytan, quzi, meyva, töyux, söyux və s.
  • İsmin yönlük halında: aniyə, qapiyə, çuxuyə və s.
  • İsmin təsirlik halında: bobani, almani, ocaği və s.
  • Mənsubiyyət kateqoriyasında: coravim, coravin, coravi və s.
  • Sıra saylarında: altiminci, qırxınci, onunci və s.
  • Məslərlərdə: almeg, yazmeg, getmax və s.
  • İndiki zamanda: alerex, oxiyir və s.

Şivələrlə dodaq ahəngi damaq ahəngi ilə müqayisədə zəifdir. Lakin qərb şivələrində, xüsusilə Qazax şivəsində açıq dodaq saitlərinin ardıcıllığı gözlənilir. Bu hadisəyə daha çox sözün iki hecasında riayət olunur. Qazax şivəsində açıq dodaq saitlərinin ardıcıllığı iki şəkildə təzahür edir:

1) Açıq dodaq saitlərinin ardıcıllığı: olmor, yoxlo:r, ötö:r, köçmör və s.

2) Açıq və qapalı dodaq saitlərin ardıcıllığı: quror, düşör, tutordu.

Bakı şivəsində bəzən açıq dodaq saitlərinin ardıcıllığına rast gəlinir: bobon öydödü? Dodaq ahənginin pozulma məqamları:

  • u səsindən sonra ı səsinin gəlməsi: burın, qurı, qumlığ
  • ü səsindən sonra i səsinin gəlməsi: tüsdi, tüki, tülki və s.
  • o səsindən sonra ı səsinin gəlməsi: boyın, oğlım, qolım.
  • ö səsindən sonra i səsinin gəlməsi: gördi, özi, sözdi və s.

Şivələrdə damaq ahəngi qüvvətlidir. Lakin bəzi şivələrdə damaq ahənginin pozulması halları da mövcuddur:

  • a və ı səslərindən sonra u səsinin gəlməsi: bığdanun, alduz
  • a və ı səslərindən sonra o səsinin gəlməsi: aton, anon
  • ə və i səslərindən sonra ü səsinin gəlməsi: əlün, gəlsün
  • ə və i səslərindən sonra ö səsinin gəlməsi: nənön, dədön
  • e səsindən sonra ü və ö səslərinin gəlməsi: belün, yerün, getsöz

Assimilyasiya

redaktə

Assimilyasiya hadisəsi şivələrdə geniş yayılmışdır. Təsir istiqamətinə görə assimilyasiyanın iki növü var:

1) İrəli assimilyasiya;

2) Geri assimilyasiya.

İrəli assimilyasiya

redaktə

İrəli assimilyasiya da bir səs özündən sonra gələn səsə təsir edərək onu ya tamamilə öz məzrəcinə uyğunlaşdırır və ya başqa səsə çevirir. Aşağıdakı tipləri var:

  • rl>rr: qarrı, varrı, narrar
  • nl>nn: oğlannar, odunnar
  • nd>nn: mənnən, sənnən
  • zl>zz:: qızzar, qazzar
  • zd>zz: bizzən, Arazzan
  • dl>dd: arvaddar, daddı
  • st>ss: dussağ, tüssü
  • zl>zd: qızdar, duzdu
  • tl>td: otdar, atdar və s.

Geri assimilyasiya

redaktə

Geri assimilyasiyada isə bir səs özündən əvvəl gələn səsi ya tamamilə öz məxrəcinə uyğunlaşdırır və ya başqa səsə çevirir. Əsas tipləri bunlardır:

  • rl>ll: alıllar, gəlillər
  • nm>mm: qammaz, dimməz, oyammağ
  • ts>ss: yassın, gessə
  • zs>ss: yassın, görməssən
  • nb>mb: sünbül, anbar və s.

Dissimilyasiya

redaktə

Dissimilyasiya hadisəsinə görə eyni cinsdən olan iki səsdən biri başqa (fərqli) səslə əvəz olunur və ya düşür. Dissimilyasiya da təsir istiqamətinə görə iki növü olur:

1) İrəli dissimilyasiyada;

2) Geri dissimilyasiyada.

İrəli dissimilyasiya

redaktə

İrəli dissimilyasiyada eynicinsli səslərdən ikincisi başqa səsə çevrilir. Əsas tipləri bunlardır:

  • r>l: qəral, zərəl, qurtal
  • n>l: fantal
  • m>b: əmbə

Geri dissimilyasiya

redaktə

Geri dissimilyasiyada eyni cinsli səslərdən birincisi başqa səslə əvəz olunur:

  • r>l: muldar
  • r>n: mundar
  • n>l: lərdivan

Yerdəyişmə (Metateza)

redaktə

Yerdəyişmə də şivələrə xas olan fonetik hadisələrdəndir. Bu hadisə şivələrdə iki şəkildə özünü göstərir:

1) yanaşı yerdəyişmə;

2) yanaşı olmayan yerdəyişmə.

Yanaşı yerdəyişmə

redaktə

Yanaşı yerdəyişmədə qonşu səslər dəyişir. Əsas tipləri bunlardır:

  • rb>br: Tərbiz, İrbahım
  • yb>by: loyba
  • zğ>ğz: vazğal
  • yd>dy: maydan, bayda
  • rg>gr: örgənir
  • pr>rp: kirpik
  • ur>ru: doğrudan
  • hr>rh: Fəhrad

Yanaşı olmayan yerdəyişmə

redaktə

Yanaşı olmayan yerdəyişmə də müxtəlif mövqeli səslər dəyişilir. Aşağıdakı tipləri yayılmışdır:

  • ğd>dğ: qardığalı
  • ğn>nğ: yornuğ
  • lr>rl: partal<paltar
  • mn>nm: intaham
  • mh>hm: cahamat
  • rn>nr: xuncur>xurcun və s.

Səs artımı (Proteza)

redaktə

Səs artımı hadisəsinə şivələrdə tez-tez rast gəlinir. Bu hadisə həm saitləri, həm də samitləri əhatə etməklə sözün bütün mövqelərində özünü göstərir.

Söz əvvəlində saitlərin artımı

redaktə

Söz əvvəlində saitlərin artımı (proteza). Bu hadisə alınma sözlərdə st, sk, sp, şk, ş, r, l səslərindən əvvəl baş verir: Alınma sözlərdə st, sk, sp, şk səslərindən əvvəl qapalı saitlərin artımı Azərbaycan dilində söz əvvəlində iki kar samitin yanaşı işlənməməsi və st, sk, sp, şk, r samitləri ilə başlayan heca tiplərinin olmaması ilə bağlıdır:

  • i səsinin artımı: ispirt, iskan // istikan, isdansiya, İrza, ilanpa (salyan)
  • ı səsinin artımı: ısdol // ıstol
  • u səsinin artmı: ustul // ustol, usu (Bakı, Qazax), Urbaba, uruh

Söz əvvəlində samitlərin artımı

redaktə

Söz əvvəlində samitlərin artımı:

1) y səsinin artımı (Zaqatala, Qax, Naxçıvan, Qazax) şivələrdə qapalı saitlərdən və açıq a səsindən əvvəl müşahidə olunur: yeniş (Naxçıvan), yıldız, yıldırım, yılxı, yuca, yüzük (Zaqatala, Qax), yaloy/ yalov (Qazax) və s.

2) h səsinin artımı əksər şivələrdə, xüsusilə də Zaqatala və Qax şivələrində nəzərə çarpır: haçar hindi, hasan (əksər şivələrdə), herik, ho, hoны//huna, həmək (Zaqatala, Qax).

Söz ortasında sait artımı

redaktə

Söz ortasında sait artımı (epenteza). Şivələrdə alınma sözlərdə iki samit arasına sait artımı nəzərə çarpır:

  • i səsinin artımı: əmir, elim, sədir
  • ı səsinin artımı: qırıx, zurına
  • u səsinin artımı: zulum, turup
  • ü səsinin artımı: ötürü, höküm
  • o səsinin artımı: oxoley (Zaqatala)

Söz ortasında samitlərin artımı

redaktə

Söz ortasında samitlərin artımı:

  • y səsinin artımı əsasən qərb şivələrinə aid olub, alınma sözlərdə özünü göstərir: fayız, zayıf, vayğun.
  • h səsinin artımı: sahat, camahat
  • n səsinin artımı: kilint, sərhənd, balanca

Söz sonunda saitlərin artımı

redaktə

Söz sonunda saitlərin artımı. Şivələrdə bu hadisəyə az hallarda sonor səslərdən sonra rast gəlinir: həmi, qədərə, metrə, indiyənətənə.

Söz sonunda samitlərin artımı

redaktə

Söz sonunda samitlərin artımı.

  • n səsinin artımı: kin, kimin, ərəbcən, ötrün
  • m səsinin artımı: bərkəm
  • y səsinin artımı: kiloy, çantoy

Səslərin düşümü (Eliziya)

redaktə

Səslərin düşümü hadisəsi də sözün əvvəlində, ortasında və sonunda müşahidə olunur.

Saitlərin düşümü

redaktə

Saitlərin düşümü hadisəsi vurğusuzluqla bağlı və sözlərin birləşməsi nəticəsin- də meydana çıxır: Smail, xəznə, qəhrman oğlun, oğla, qayya, quyya, Əlquli, qaroğlan.

Samitlərin düşümü

redaktə

Samitlərin düşümü:

  • h səsinin düşümü : ömürçəx', örüx', və:şi (Qazax, Zaqatala)
  • y səsinin düşümü: uxarı, umrux, uxu, murtda (Qazax), iməli (Zaqatala), Usup (Naxçıvan), i:rmi, göərçin
  • g səsinin düşümü: qaraöüz, hare:dir (Qazax)
  • v səsinin düşümü: do:şan, ö:lad
  • r səsinin düşümü: qutar, gəlisə, yaxşıdı, aleyla
  • l səsinin düşümü: atmış, qaxdı, gə<gəl
  • n səsinin düşümü: so:ra, qo:şi, gö:lüm, kət<kənd
  • t səsinin düşümü: dos, dəs, vax və s.

Samitlərin qoşalaşması

redaktə

Söz köklərində samitlərin qoşalaşması türk dillərinə xas olan fonetik hadisələrdəndir. Bu hadisə Azərbaycan şivələrində həm kar, həm də cingiltili samitləri əhatə edir:

  • m səsinin qoşalaşması: hammı, həmməşə
  • r səsinin qoşalaşması: qarranquş, kərrə
  • z səsinin qoşalaşması: uzzun, təzzə
  • t səsinin qoşalaşması: tüttəg (Qazax)
  • ç səsinin qoşalaşması: qoççağ, kiççix'
  • ş səsinin qoşalaşması: aşşağı

Ədəbiyyat

redaktə
  • Məmmədli M. Ə. Azərbaycan dialektologiyası. Bakı: “Zərdabi Nəşr” MMC. 2019. səh. 352.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_dili_dialektlərində_fonetik_hadisə_və_qanunlar&oldid=8122874"
LOVE.AZ