Azərbaycan fişəng və səma fənərləri — Azərbaycan mərasimlərində istifadə edilən vasitələr. Azərbaycan regionlarında fişəng və səma fənərləri üçün müxtəlif cür adlandırılmalardan istifadə edilir.
Azərbaycanın da daxil olduğu Səfəvi imperiyasında 22 növ fişəng mövcud idi. Bu fişənglərə ulduz yağışı, sehrli nərgiz, tovuz quşu, Hind gülü, 7 rəngli nərgiz və səməndər çiçəyi kimi adlar verilmişdi.[1]
Fişənglərlə keçirilən şənlik Azərbaycanda atəşfəşanlıq, atəşbazlıq, fişəngbazlıq adlandırılmışdır.[2] Naxçıvanda Novruz bayramı ərəfəsində, köhnə ilin axır çərşənbəsində atəşfəşanlıq edilər, fişəng fırladılaraq göyə atılar, taraqqa partladılardı.[3] Taraqqa sözü Şuşa ləhcəsində də işlədilir. Y. V. Çəmənzəminli "Həyatımın 20 ili" əsərində Novruz bayramını təsvir edərkən taraqqa sözünü işlədir: "Sonra tonqal qalayıb üzərindən atılardıq, fişəng-taraqqa atardıq…"[4]
Köhnə ilin axır çərşənbəsində Ordubadda isə ustaların kağızdan barıt qatışığı ilə düzəltdikləri oyuncaq taraqqa, beşaçılan, onaçılanlar partladılıb atəşfəşanlıq edilir, bununla da şər qüvvələri qorxudub qaçırda bildiklərinə inanırdılar.[5][6] Ordubadın Dəstə kəndində atılan bir fişəng növü isə tumanagirən adlanır.[7]
— İsmayıl Şıxlı, "Dəli Kür" əsəri[8]
Novruz bayramında üskü-lopa atılması ilə xəstəliyin, hər cür pisliyin qarşısının alındığına inanılırdı. İlk üç çərşənbədə tonqalda yandırılan lopa üç dəfə ev-eşin dövrəsində dolandırılar və bu sözlər deyilərdi:[8]
Qaçın, qaçın, şeytanlar,
Sizi oda qalaram.[8]
Ovsun üçün istifadə edilən bu sözlərdə şər qüvvələrin qorxub-qaçması, bir daha evə yaxınlaşmaması ifadə olunub.[8]
Naxçıvan bölgəsində lopa ilə birlikdə şar adından da istifadə edilir, ilaxır çərşənbədə uşaqlar tərəfindən hazırlanan "şarlar" yandırılıb fırladılaraq göyə atılırdı.[3] Bakı kəndlərində həm tonqala, həm də göyə atılan lopalara üskü deyilir, Novruz qabağı çərşənbələr üskü çərşənbəsi adlandırılırdı.[8]
Novruz bayramının ilk günü olan baca-baca günündə İğdırın azərbaycanlı gəncləri əllərinə tel yumaqlarını yığır, onları qaz yağına batırıb, yandırıb havaya atırlar. Məqsəd elektrik olmadığı vaxtlar havanı işıqlandırmaq, yazın gəlişi ilə birlikdə aydınlığın gəlməsini qeyd etməkdir.[9]