Əhmədov Bəşir Abbas oğlu (5 may 1932, Tovuz rayonu – 19 iyun 2007, Bakı) — Azərbaycan filoloq-dilşünası, metodist, pedaqoq. Ali Attestasiya komissiyasında ekspert şurasının, pedaqoji elmlər üzrə ixtisaslaşdırılmış müdafiə şurasının, Elmlər Akademiyasında Terminologiya komitəsinin, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının, Bakı Slavyan Universitetində universitet və fakültə elmi şuralarının, Azərbaycanda Pedaqoji-Psixoloji Elmləri Əlaqələndirmə Komissiyası rəyasət heyətinin, "Maarifçi" qəzeti redaksiya heyətinin və Milli Məclisdə təhsil qanununun yeni redaksiyasını hazırlayan işçi qrupunun üzvü olmuşdur.
Bəşir Əhmədov | |
---|---|
Bəşir Abbas oğlu Əhmədov | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Alakol, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Uşağı | İlham Əhmədov |
Elm sahələri | filologiya, dilçilik |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
Bəşir Əhmədov 1932-ci il 5 mayda Tovuz rayonunun Alakol kəndində anadan olmuşdur. 7 illik təhsilini Alakol kənd məktəbində, orta təhsilini isə Gədəbəy rayonunun Qoşabulaq kənd orta məktəbində almışdır. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuş, 1955-ci ildə həmin universiteti bitirmişdir. 1953-cü ildən elmi məqalələri mətbuat səhifələrində dərc olunmağa başlamışdır. 1955-ci ildə Mərəzə qəsəbəsində (Şamaxı rayonu), daha sonra isə Əli Bayramlı (Şirvan) rayonunda dil-ədəbiyyat müəllimi işləmişdir. Elə həmin il Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olmuşdur. 1961-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ə.Dəmirçizadənin rəhbərliyi altında "V sinifdə Azərbaycan dili fonetikasının tədrisi" mövzusunda namizədlik, 1967-ci ildə "Məzmunla formanın vəhdəti nitq inkişafı metodikasının əsası kimi" (elmi məsləhətçi prof. Ə.Abdullayev) adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. 1960-1966-cı illərdə Azərbaycan ETPEİ-də elmi işçi, sonra elmi katib vəzifələrində çalışmışdır. 1966-1971-ci illərdə M.F.Axundov adına APRDƏİ (indi BSU) Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının, 1971-1976-cı illərdə isə V.İ.Lenin adına APİ-də (indi ADPU) Pedaqogika kafedrasının müdiri işləmişdir. 1976-1984-cü illər arasında APXDİ-də pedaqogika fənnini tədris etmişdir. 1984-cü ildən ömrünün sonuna qədər Bakı Slavyan Universitetində Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına rəhbərlik etmişdir. Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü olmuşdur.
Üç övladı, yeddi nəvəsi və altı nəticəsi var.
2007-ci ildə vəfat etmişdir.
16 noyabr 2015-ci ildə Bakı Slavyan Universitetində professorun "Etimologiya lüğəti"nin təqdimatı keçirilmişdir.[1]
Bəşir Əhmədov elmi yaradıcılığa 1961-ci ildə başlamışdır. Onun yaradıcılığı Azərbaycan dilçiliyi, Azərbaycan dilinin tədrisi metodikası və pedaqogika elmi ilə bağlıdır. O, bir çox publisistik yazıların da müəllifidir. Alim eyni zamanda Azərbaycanda elmi kadrların hazırlanmasında fəaliyyət göstərmişdir. O, 3 doktorluq işinə elmi məsləhətçi, 25 elmlər namizədinə elmi rəhbər olmuş, 75 dəfə rəsmi opponent kimi çıxış etmiş, 30 əsərin elmi redaktoru olmuşdur. Keçmiş SSRİ-nin bir sıra şəhərlərində, o cümlədən Kiyev, Daşkənd, Tbilisi, İrəvan və s. dəfələrlə elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Onun yazılarından bir qismi Azərbaycandan kənarda dərc olunmuş, görkəmli akademiklər A.Tekuçev, M.A.Danilov, A.V.Dudnikov, Babanski və s. tərəfindən yüksək qiymətləndirilmişdir. Alim 1985-ci ildən M.F.Axundov adına Pedaqoji İnstitutda fəaliyyət göstərən "Məktəbə kömək komissiyası"nın sədr müavini kimi Azərbaycanın, demək olar ki, bütün rayonlarında olmuş, xalq təhsilinin müasir problemlərinə dair silsilə mühazirələr oxumuş, bu barədə mətbuat səhifələrində müntəzəm olaraq informasiyalar dərc etdirmişdir. O, həm də Ali Attestasiya Komissiyasında ekspert şurasının, pedaqoji elmlər üzrə ixtisaslaşdırılmış müdafiə şurasının, Elmlər Akademiyasında Terminologiya komitəsinin, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının, Bakı Slavyan Universitetində universitet və fakültə elmi şuralarının, Azərbaycanda Pedaqoji-Psixoloji Elmləri Əlaqələndirmə Komissiyası rəyasət heyətinin, "Maarifçi" qəzeti redaksiya heyətinin və Milli Məclisdə təhsil qanununun yeni redaksiyasını hazırlayan işçi qrupunun üzvü olmuşdur. Keçmiş SSRİ dövründə Moskvada pedaqogikanın metodoloji problemləri üzrə elmi şuranın üzvü olmuş və bütövlükdə Zaqafqaziyanı təmsil etmişdir. Onun 33 monoqrafiyası, dərslikləri və dərs vəsaitləri, müxtəlif jurnal və qəzetlərdə çap olunmuş 650-ə yaxın məqaləsi mövcuddur. Metodist alimin zəngin elmi yaradıcılığının bir hissəsini 1960-1977-ci illərdə qələmə aldığı monoqrafiyaları təşkil edir. O, dilçilik, metodika və pedaqogikanın müxtəlif problemlərini özündə əks etdirən monoqrafiyalarında toxunduğu hər bir məsələni özünəməxsus tərzdə araşdırmağa çalışmışdır. Monoqrafiyalarda fonetikanın tədrisi, Azərbaycan dili təliminin qanunları, prinsipləri və metodları, rabitəli nitq vərdişlərin inkişaf etdirmək yolları, Azərbaycan dili dərslikləri ilə işləməyə dair metodik göstərişlər, sadə cümlənin tədrisi, nitq inkişafında müxtəlif fənlərin rolu və digər məsələlər əhatə olunmuşdur. Alim öz yazılarında elmə aşağıdakı yenilikləri gətirmişdir: