Bəhram Gurun əjdahanı öldürməsi - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Məhəmməd Zaman tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatür əlyazmasına sonradan əlavə edilmişdir.[1] Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır.[3]
Bəhram Gurun əjdahanı öldürməsi | |
---|---|
![]() | |
Rəssam | Məhəmməd Zaman |
Tarixi | 1675–1676[1] |
Üslubu | İsfahan miniatür məktəbi |
Saxlanıldığı yer | Britaniya Milli Kitabxanası |
İnventar nömrəsi | Or. 2265, f.203v[2] |
Əsərdə şərq miniatürlərinə xas olan kompozisiyanın ənənəvi sistemi dəyişdirilmişdir.[4] Atlı Bəhram, ön planda qabarıq verilmiş caib əjdahaya ox atır. Arxa planda ağaclı dağlar və Avropa tipli bir ev görünür. Rəssam şərq üslubunu yalnız Bəhramın geyimində və surətində saxlamışdır.[4]
1675-ci ildə Bəhram Gurun əjdahanı öldürməsi mövzusunda miniatür işləmiş Məhəmməd Zaman, İtalyan rəssamlığından təsirlənmişdir.[5] Nadir Zamanov qeyd edir ki, "İtaliyada təhsil almış bu rəssamın yaradıcılığında klassik miniatür üslubu ilə realistik Avropa boyakarlığının xüsusiyyətləri birləşir." [4] İvanovun fikrincə isə, Məhəmməd Zaman İsfahanda hansısa italyan rəssamdan təhsil almışdır. Onun II Şah Abbas tərəfindən təhsil üçün İtaliyaya göndərilməsi və orada katolisizmi qəbul etməsi isə əfsanədir.[5]
Bu mövzuya M. Zamandan əvvəl Behzad və Qasım Əli müraciət etmişdir.[4]