Biokimyəvi korroziya – mikroorqanizmlərin metala təsiri ilə əlaqədar olan prosesdir. Bu proses iki səbəbdən baş verə bilər. Birinci metal özü mikroorqanizmlər üçün qida mənbəyi ola bilər. İkinci mikroorqanizmlərin həyat və fəaliyyəti zamanı əmələ gələn birləşmələrin təsirilə korroziya prosesi baş verə bilər. Mühitdən və şəraitdən asılı olaraq korroziya prosesinin özü də müxtəlif formalarda müşahidə olunur;
Korroziya prosesinin qarşısını tam almaq mümkün olmasa da, onun sürətini nəzərə çarpacaq dərəcədə azaltmağın müxtəlif yolları vardır ki, bunun da ən səmərəli və asan tətbiq oluna biləni korroziyaya qarşı inhibitorlardan istifadə olunmasıdır. Korroziya inhibitorlarının geniş tətbiq sahələrindən biri də neftçıxarma və neft emalı sənayeləridir. Bu sahədə korroziya inhibitorlarından istifadə etməklə yüksək nəticələr əldə edilmişdir. Korroziya inhibitorlarından sənayedə geniş istifadə edilməsinin səbəbi təkcə onun effektivliyi yox, eyni zamanda universal xassəyə malik olması və iqtisadi cəhətdən səmərəliliyidir. Hazırda tərkibcə qeyri-üzvi və üzvi birləşmələrdən ibarət olan çoxlu miqdarda korroziya inhibitorları məlumdur.
İnhibitor – latın sözü olub "inhibeo", yəni prosesi dayandıran, qarşısını alan və ya yavaşıdan deməkdir. Inhibitorlar kimyəvi tərkibinə görə üzvi və qeyri-üzvi birlşmələrdən ibarət olur. Qeyri-üzvi birləşmələrdən ibarət olan inhibitorlara misal olaraq NaNO2, K2Cr2O7, Na2CrO4, Na2MoO4 və s. göstərmək olar. Tərkibcə üzvi birləşmələrdən ibarət olan birləşmələrə misal olaraq monoetanolamini, dietilamini, formaldehidi, benzoat dietilamini, alkilsulfonatları, ammonium duzlarını, neft turşularının duzlarını, aminləri, nitrobirləşmələri və s. göstərmək olar. Üzvi tərkibli inhiitorların təsir mexanizmi başlıca olaraq iki tip adsorbsiya prosesi ilə xarakterizə olunur: fiziki və kimyəvi.