Bodrumlu Ömər Lütfi Əfəndi (1817, Bodrum, Muğla ili, Osmanlı imperiyası – 20 aprel 1897, İstanbul) — Osmanlı şeyxülislamı və alimi.[1][2]
Bodrumlu Ömər Lütfi Əfəndi | |
---|---|
18 yanvar 1889 – 4 sentyabr 1891 | |
Əvvəlki | Üryanizadə Əhməd Əsad Əfəndi |
Sonrakı | Mehmed Cəmaləddin Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1817 |
Doğum yeri | |
Vəfat tarixi | 20 aprel 1897(1897-04-20) |
Vəfat yeri | |
Atası | Hacı Mehmed Əfəndi |
Həyat yoldaşı | Fatma xanım |
Uşağı | Faiq Əhməd Əfəndi |
1817-ci ildə Bodrumun Sayzima kəndində dünyaya gəldi. Bodrumlu Hacı Ömər Əfəndinin nəvəsi, Hacı Mehmed Əfəndinin oğludur. İlk təhsilini burada aldıqdan sonra İstanbula gedərək Akşehirli Ömər Əfəndinin dərslərinə qatıldı və icazət aldı. 1850-ci ildə müdərrisliyə başladı və Fateh mədrəsəsinə təyin olundu. Sultan Əbdüləzizin cülusundan sonra onun böyük oğlu Şahzadə İzzəddin Əfəndinin müəllimi təyin edildi. 1875-ci ilədək müxtəlif vəzifələrdə xidmət etdikdən sonra həmin tarixdə İstanbul qazılığına yüksəldi. Qısa müddət sonra Anadolu qazəsgəri seçildi və həccə getdi.
Saray protokoluna zidd olaraq Rumeli qazəsgəri olmadan 18 yanvar 1889-cu ildə şeyxülislamlığa yüksəldi. İki ildən artıq bu vəzifədə xidmət etdikdən sonra sədrəzəm Kamil Paşanın hökumətiylə birlikdə 4 sentyabr 1891-ci ildə vəzifədən alındı.[3] Vəzifədən alınmasında xələfi olan məktubçusu Cəmaləddin Əfəndinin onun barəsində saraya yazdığı şikayət ərizəsinin mühüm rolu oldu. Yazılan şikayətdə Sultan Əbdülhəmidin taxtdan endirilməsi və V Muradın yenidən taxta çıxarılması üçün şeyxülislamdan fətva istənildiyi qeyd edilmişdi. Bu səbəblə həmin hökumət kabinetinin bütün üzvləri dərhal paytaxtdan uzaqlaşdırıldı. Ömər Lütfi Əfəndi isə yaşı səbəbilə İstanbuldakı köşkündə nəzarət altına alındı. 20 aprel 1897-ci ildə vəfat etdi və Kiçik Çamlıcada inşa etdirdiyi Bodrumi məscidinin həyətinə dəfn edildi.[4] Üləma zümrəsindən olan və özündən öncə vəfat edən Faiq Əhməd Əfəndi adlı bir oğlunun və bir qızının olduğu bilinir.
İmtiyaz, Osmaniyə və Məcidi nişanları ilə təltif olunan Ömər Lütfi Əfəndinin yaxşı dərəcədə ərəbcə və farsca bildiyi, xeyriyyəçi biri olduğu bilinir. Kiçik Çamlıca səmtində öz adını daşıyan bir məscid inşa etdirmişdir.[5][6]