Əbu Ömər Minhacəddin Osman ibn Siracəddin əl-Cüzcani (ərəb. منهاج سراج الجوزجاني; təq. 1193[1], Qövr – təq. 1260) — "Təbəqati-Nasiri" adlı əsəri ilə məşhurlaşmış[2] XIII əsr İran tarixçisi, alimi və ədibi.
Cüzcani | |
---|---|
ərəb. منهاج سراج الجوزجاني | |
Doğum tarixi | təq. 1193[1] |
Doğum yeri | |
Vəfat tarixi | təq. 1260 |
Elm sahələri | tarix, ədəbiyyat, şəriət |
İş yeri |
XIII əsrin ilk yarısında Dehli Türk sultanlığında ən yüksək dini-qəzai mövqelərə qədər yüksəlmiş və "Təbəqati-Nasiri" adlı əsəri ilə Hind-İran tarixçiləri arasında mühüm yer tutmuş məşhur bir alim və ədibdir. 1260-cı ildə tamamlanmış olan bu əsər, bilxassə Qurilər və Dehli sultanları haqqında dəyərli bir qaynaq olduğu kimi, Çingiz xanın qərb səfərləri və Monqol istilası haqqında da (bir sıra müasır şəhadətləri ehtiva etməsi baxımından) ilk mühüm qaynaqlardan sayılır.
Əsasən Cüzcanlı olan bu ailə, dədə-babaları İmam Əbdülxaliqin Qəznəyə gəlib yerləşməsindən sonra bir daha Cüzcana dönməmişlərsə də bu nisbəni mühafizə etmişdilər. Qəznəvi sultan İbrahim ibn Məsudun (v. h. 492) qırx qızından birini alaraq Qəznədə yerləşən bu imamın İbrahim adlı bir oğlu olmuşdur ki, bunun oğlu Minhacəddin Osman, müəllifimizin babasıdır. Hacdan dönüşündə, Sistanda yerləşmişdi; bunun oğlu Siracəddin Məhəmmədin, elm və sənət adamı olaraq dövründə böyük bir şöhrət qazanmış olduğu, müəllifimizin onun haqqında işlətdiyi "əfsahül-acəm, ucubatüz-zaman" sifətlərindən anlaşılır.
Qəznəvilər sülaləsi zamanında mümtaz bir mövqe sahibi olan bu ailənin, Orta Çağ Şərq dünyasının umumi ənənəsinə görə, Gurlular dövründə də iqbaldan düşmədiyini, Siracəddinin həyatı haqqında müəllifimizin verdiyi məlumatdan öyrənirik.
Muizzəddin Məhəmməd ibn Sam, Lahuru zəbt edərək, Qəznəlilərin Hind hakimiyətinə son verdiyi sırada, onu Hindistan qazi-ı ləşkərYığmə təyin edir (582). Sonradan Firuzkuha dönərək, Qiyasəddin Məhəmmədin xidmətində olduğu sırada, özünü vaxtıyla tanımış və çox təqdir etmiş olan sultan Bahaəddin Sam ibn Məhəmməd, 1191-ci ildə Bamiyan taxtına keçincə, onu öz yanına çağırdır. Sultanın vəədlərinə və israrlarına dayanamayan Siracəddin, Qivasəddirdən izin almadan, qalxıb Bamiyana gəlir; məmləkətin baş qazılığı, ordu qazılığı, xətiblik, intisab işləri və iki mədrəsə, bu vəzifələrə aid zəngin iqtalar ilə birlikdə, ona verilir. Müəllifimiz bu sırada üç yaşında olduğuna görə, bu hadisənin 592-ci ildə olduğu anlaşılır.
Siracəddinin sonradan Sultan Qiyasəddinin təkrar təvəccühünü qazandığını və xidmətinə daxil olduğunu görürük.
Abbasi xəlifəsi əl-Nasır Lidinillah tərəfindən səfarətlə göndərilən İbn əl-Xətib ilə birlikdə Bağdada Qiyasəddinin elçisi sifəti ilə ezamı bunu göstərir. Bu səyahət əsnasında yolda quldurlarlar tərəfindən öldürüldüyü haqqında "Təbaqət"in çap olunmuş qismində mövcud olan rəvayətə görə, bu ölümün Qiyasəddinin vəfat tarixi olan (1202/1203)-ci ildən əvvəl olması həqiqət olar. Onun daha əvvəl, Sistan məliklərindən Tacəddin Hərb tərəfindən yenə eyni xəlifəyə səfərətlə göndərildiyi də kitabın Sistan məliklərinə aid çap olunmuş qismində mövcuddur. Siracəddin, Qurlular sarayındakı mühüm mövqeyi sayəsində, yenə bu xanədan ətrafında toplanmış aristokrat bir ailənin qızını almışdı ki, əsasən Tuləkli olan bu qız, Sultan Qiyasəddinin qızı Mahi-Mülk xatunun süd bacısı və məktəb yoldaşı idi. İstər müəllifimiz, istər bacıları bu anadan doğmuşdular.
589-cu ildə Lahurda doğan Minhacəddin daha 7 yaşında ikən, müəllim İmam Əli Qəznəvidən Quran oxuyub hifz etməyə çalışırdı.
Cüzcani uşaqlıq illərini Sultan Qiyasəddin Məhəmməd ibn Samın qızı Mahi-Mülk xatunun yanında sarayda keçirmiş və onun tərəfindən böyüdülmüşdür. 1225-ci ildə Nimruzda hakimiyyət sürən Məlik Tacəddin Yinal Təgiyə elçi olaraq göndərilmişdir. 1226-cı ildə Ucdə hakimiyyətdə olan Əmir Nasirəddin Kabacə tərəfindən Hindistanda qurulmuş ən qədim təhsil müəssisələrindən biri olan Mədrəsəyi-Firuzinin rəhbəri təyin olunmuşdur. 1228-ci ildə Dehli Məmlük sultanı Şəmsəddin İltutmış (İlətmiş) Cüzcanini Dehlidəki ən yüksək hüquqi və dini müəssisələrin başçısı təyin etdi. Bütün dövlət məmurları onun burada verdiyi dərslərdə iştirak edirdilər. Dehli Məmlük sultanı Möizzəddin Bəhram Şah tərəfindən qadıl-qudat (baş qadı) təyin edilən Cüzcani Dehlidəki qarışıqlıqlardan narahat olaraq 640-cı (1242–43) ildə Benqaldakı Ləknəvti şəhərinə getdi. Lakin orada gözlədiyini tapa bilmədi və iki il sonra yenidən Dehliyə qayıtdı. Gəvalyarda bir müddət qadı kimi çalışdı və daha sonra İltutmışın oğlu Sultan I Nəsirəddin Mahmud Şah (1246–1266) tərəfindən inşa etdirilən Mədrəsəyi-Nəsiriyyənin rəhbəri təyin olundu. Cüzcaninin hüquq sahəsindəki bilik və bacarığını yüksək qiymətləndirən Sultan Nəsirəddin onu yenidən qadıl-qudat təyin etdi (1251). İki il sonra İmadəddin Reyhan tərəfindən təşkil edilən saray intriqaları nəticəsində nüfuzdan düşdü və vəzifədən azad edildi. Lakin növbəti il əvvəlki vəzifəsini yenidən qazandı və ona "sədri-cihan" (dünyanın başçısı) titulu verildi (1254). Nəsirəddinin güclü vəziri Uluğ Xanı Əzəmin dəstəyi ilə bir daha qadıl-qudat vəzifəsinə təyin edilən Cüzcani Sultan Qiyasəddin Bəlabanın hakimiyyəti dövründə (1266–1287) vəfat etdi və böyük ehtimalla Dehlidə dəfn olundu.[2]
Cüzcaninin ən mühüm əsəri "Təbəqati-Nasiri"dir. Cüzcani bir çoxu günümüzə çatmamış qaynaqlardan istifadə edərək yazdığı və 1260-cı ilin sentyabrında tamamlayaraq Sultan Nasirəddin Mahmuda təqdim etdiyi bu əsərlə böyük şöhrət qazanmışdır. Adəmdən başlayaraq öz dövrünə qədər baş vermiş hadisələri əhatə edən və ümumi bir İslam tarixi olan bu əsər, üslubunun gözəlliyi və məzmununun zənginliyi səbəbindən XIII əsrdə yazılmış tarixlər arasında seçilən bir yerə malikdir. Xüsusilə müəllifin yaşadığı dövrdə Hindistan və Əfqanıstanda baş verən hadisələr baxımından "Təbəqati-Nasiri" birinci əl mənbə hesab olunur. Cüzcani, saraya yaxınlığından istifadə edərək bəzi hadisələri şəxsən müşahidə etmiş, bir qismini isə görgü şahidlərinin ifadələrinə əsaslanaraq yazmışdır. Başqa heç bir mənbədə rast gəlinməyən orijinal məlumatların yer aldığı "Təbəqati-Nasiri" iyirmi üç bölmədən ibarətdir. Bu bölmələrdə ardıcıllıqla peyğəmbərlər tarixi, Raşidi xəlifələri, Əməvilər, Abbasilər, İranda hökm sürən sülalələr, Tübba və Yəmən hökmdarları, Tahirilər, Səffarilər, Samanilər, Deyləmilər (Büveyhilər), Qəznəvilər, Səlcuqlular, Eldənizlilər, Fars Atabəyləri (Salğurlular) və Səncərdən sonra Nişaburda hökm sürən əmirlər; Nimruz və Sistan hökmdarları, Əyyubilər, Xarəzmşahlar, Qurlular, Qurluların Bamiyan və Toxaristan qolu, Qəznədə hökm sürən Qurlular, Dehli Sultanlığı (Müəzzilər), Dehli Sultanlığı (Şəmsilər), Dehli Sultanlığına tabe olan hökmdarlar, Qarahıtaylar və Monqol işğalını izah edilir. Bereni "Təbəqati-Nasiri"yə "Tarixi-Firuz Şahi" adlı bir əlavə yazmışdır. Sonrakı illərdə Mirxand və Xandmir kimi tarixçilər "Təbəqati-Nasiri"ni mənbə olaraq istifadə etmişlər. Əsərin Hindistanla bağlı XI və XVII–XXIII bölmələri ilk dəfə V. Nasau Lis, Xadim Hüseyn və Əbdülhəy tərəfindən "Bibliotheca Indica" toplusu çərçivəsində nəşr olunmuşdur (Kəlkətə 1864). Monqollarla bağlı hissəsi isə "Siyasətül-əmsar fi təcribətil-əsar" və ya "Tarixi-Ali Cəngiz" adı ilə çap olunmuşdur (Mumbay 1890). Daha sonra Əbdülhəy Həbibi Kəndəhari tərəfindən əsərin tam mətni nəşr olunmuşdur. "Təbəqati-Nasiri" H. G. Revrti tərəfindən ingilis dilinə tərcümə edilmiş (Kəlkətə 1873–1881; göstəricisi, Kəlkətə 1897) və bu nəşrin faksimilesi də hazırlanmışdır (Yeni Dehli 1970). H. M. Eliot və Dausn da əsərin geniş bir xülasəsini ingilis dilinə tərcümə etmiş və "The History of India as Told by Its Own Historians" (London 1869) adlı kitabın II cildində (s. 259–383) nəşr etmişlər. Cüzcaninin "Nasirinamə" adlı bir məsnəvi yazdığı bəzi mənbələrdə qeyd olunur, lakin bu əsər günümüzə gəlib çatmamışdır.[2]