. Love.az

Celairi Hokmdarlarinin Siyahisi - Wikipedia - Love.az

Ana Səhifə - Celairi Hokmdarlarinin Siyahisi

Cəlairilər sultanlığını idarə edən hökmdarların siyahısı. Sultanlığın əsası 1340-cı ildə Şeyx Böyük Həsən[q 1][1] tərəfindən qoyulmuş və ikinci hökmdarı sultan Üveysin hakimiyyət illərində ən qüdrətli dövrünü yaşamışdır. Sultan Üveys dövründə Cəlairilər Azərbaycanı,[4] Şərqi Anadolunun[7] və Əcəm İraqının bir hissəsini ələ keçirdilər. Həmçinin bu dövrdə Şirvanşahlar[8] və Mərkəzi İranda hakimiyyətdə olan Müzəffərilər[q 2][9] Cəlairilərin vassalına çevrildilər. Sultanların iqamətgahı müxtəlif dövrlərdə Bağdad,[1] Təbriz,[4] Şuştər[5] və Hillə[6] olmuşdur.

Cəlairi hökmdarları
Keçmiş monarxiya
Böyük Həsən dövründə Cəlairilər sultanlığı
Böyük Həsən dövründə Cəlairilər sultanlığı
İlk hökmdar Böyük Həsən[1]
Son hökmdar II Hüseyn[2]
Titul sultan, bahadır xan[3]
Rəsmi məkan Bağdad,[1] Təbriz,[4] Şuştər,[5] Hillə[6]
İdarəetmə forması Mütləq monarxiya
Yaranması 1340[1]
Süqutu 1432[2]

1340-cı ildən 1432-ci ilədək Cəlairilər sultanlığı 10 sultan tərəfindən idarə olunmuşdur. 3-cü hökmdar sultan Əhmədin ölümündən sonra dövlət süqut dövrünə qədəm qoydu və uzun müddət keçmədən Bağdad (1412)[10] və Ərəb İraqının böyük hissəsi Qaraqoyunlular tərəfindən ələ keçirildi. Bundan sonra Cəlairi sultanları Şuştər və Hillə civarında 20 il hakimiyyətdə oldular. 1432-ci ildə son Cəlairi hökmdarı II Hüseynin Hillədə Qaraqoyunlu əmir İsfahan tərəfindən öldürülməsi ilə Cəlairilər sultanlığı süquta uğradı.[2]

Mündəricat

  • 1 Cəlairilərdə hökmdar
  • 2 Hökmdarların siyahısı
  • 3 Qeydlər
  • 4 İstinadlar
  • 5 Ədəbiyyat

Cəlairilərdə hökmdar

redaktə

Cəlairilərdə hökmdar monqollarda olduğu kimi taxta xüsusi təntənə ilə keçirdi. Önəmli əmirlərdən ikisi sultanın qolundan tutaraq onu taxta oturdurdu. Həmçinin vəliəhd şəhzadə qurultaylara xüsusi tədbirlə qatılırdı. Bütün mütləq monarxiyalardakı kimi hökmdar və ailəsi cəmiyyətin bütün siniflərinin üzərində və dövlətin sahibi sayılırdılar.[3]

Sultanlığın qurucusu Şeyx Həsəni çıxmaq şərti ilə bütün Cəlairi hökmdarları "sultan" və "bahadır xan" titullarından istifadə edirdilər. Hökmdarların xüsusi bayrağı, davulu, tuğrası, sancağı, çətiri, yarlığı, tamğası olurdu və adına sikkə zərb olunurdu. Həmçinin hər cümə günü məscidlərdə hökmdarın adına xütbə oxunurdu. Hökmdarın verdiyi əmirlər "yarlıq", və ya "fərman" adlandırılırdı. Sənədlərə sultanın nişanəsi kimi "tamğa" vurulurdu.[3]

Hökmdarların siyahısı

redaktə
  Hakimiyyətin banisi   Hökmdar   Ölkənin bir qismində hakimiyyət   Son hökmdar
Titul Adı Hakimiyyət illəri Qeydlər Sikkə
Noyon Böyük Həsən
Tacüd-dünya vəd-din Şeyx Həsən noyon ibn Hüseyn
ərəb. تاج الدنيا والدين شيخ حسن نيون بن حسين‎
1340[11] — iyul, 1356[11]
  • Əmir Hüseyn Cəlayırın və Elxani hökmdarı Arqun xanın qızı Ölcəteyi xatunun oğlu.[12]
  • Şeyx Həsənın bacısı Soyurğatmış xatun Elxani hökmdarı Məhəmməd Olcaytu ilə evlənmişdi. Həmçinin özü isə 1323-cü ildə Elxani sarayında güclü mövqedə olan Əmir Çobanın qızı Bağdad xatunla evlənmişdi.[13] Bu səbəbdən həmin dövrdə Elxani sarayında güclü nüfuza sahib idi. Lakin sultan Əbu Səid Bağdad xatuna aşiq oldu və sultanın istəyi ilə Şeyx Həsən Bağdad xatunu boşadı. Bu boşanmadan sonra sultanın gözündə etibar qazandı və Arran, Şirvan, Muğan daxil olmaqla Şimali Azərbaycanın böyük qisminə hakim təyin olundu.[14]
  • 1327-ci ildə Əmir Çobanın ölümündən sonra Elxani sarayında Bağdad xatun və vəzir Qiyasəddin Məhəmməd arasında nüfuz mübarizəsi başladı. Qiyasəddin Məhəmməd tərəfindən Bağdad xatun və Şeyx Həsənin sultana sui-qəsd planlanması barədə şayiə yayıldı və beləliklə, 1331-ci ildə Şeyx Həsən Kəmax qalasında həbs edildi.[15] Lakin 1332-ci ildə günahsızlığı sübut edilikdən sonra, həbsdən azad olundu və Ruma[q 3] vali təyin edildi.[14][16]
  • 1332-ci ildə Əbu Səidin ölümündən sonra Elxanilər arasında hakimiyyət uğrunda mübarizə başladı. Şeyx Həsən 1336-cı ildə Elxani hökmdarı Musa xanı məğlub etdi və yerinə Məhəmməd xanı hakimiyyətə gətirdi. Beləliklə, hakimiyyəti faktiki olaraq öz əlində cəmləşdirdi.[17]
  • 1337-ci ildə bir qrup Elxani əyanı Çingiz xan nəslindən gələn Toğa Teymur adlı şəhzadəni sultan elan edərək hakimiyyətə gətirmək istəsələr də, Marağa yaxınlığında baş vermiş döyüşdə üsyançıların qüvvələri məğlub edildi, üsyan yatılırıldı.[18]
  • Bu dövrdə Əmir Çobanın Məmlük sultanlığında həbsdə olan nəvəsi Kiçik Həsən Məmlük ərazisini tərk edərək Elxani ərazilərinə geri döndü. Kiçik Həsən oyratlar və digər Elxani əmirləri ilə birləşərək 1339-cu ildə Marağa yaxınlığında Şeyx Həsəni məğlub etdi. Şeyx Həsən İraqa çəkildi və 1340-cı ildə müstəqillik elan edərək, Cəlairilər sultanlığının əsasını qoydu.[19][1] Daha sonra 1341-ci ildə Bağdad yaxınlığında, ikinci qarşıdurmada, Qaraqoyunluların yardımı ilə Kiçik Həsənin qüvvələrini məğlub edərək İraqda hakimiyyətini möhkəmləndirdi.[20]
  • Kiçik Həsən Çobaninin ölümündən sonra hakimiyyətə gələn qardaşı Məlik Əşrəf 1347-ci ildə Şeyx Həsən üzərinə yeni bir yürüş təşkil etsə də, Bağdad yaxınlığında baş vermiş toqquşmada məğlub edildi və Təbrizə geri döndü.[21][22]
  • Şeyx Həsənin qüvvələri 1347-ci ildə Luristanı, 1350-ci ildə isə Çobaniləri məğlub edərək Diyarbəkir, Əxlat və Ərzurumu ələ keçirdi.[23]
  • Şeyx Həsən 1356-cı ildə vəfat etdi və Nəcəfdə dəfn edildi.
 
Sultan,
bahadır xan
Üveys Cəlayır
Müizəddin sultan Üveys ibn Həsən
ərəb. معز الدين السلطان أويس بن حسن‎
1356[11] — 10 oktyabr, 1374[11]
  • Şeyx Həsən Cəlayırın və Çobani şəhzadəsi Dilşad xatunun oğlu. 1356-cı ildə atasının ölümündən sonra taxta çıxmışdır.
  • Üveys Cəlayırın hakimiyyətinin ilk illərində Çobani Məlik Əşrəf Qızıl Orda hökmdarı Canıbəy tərəfindən öldürüldü və Azərbaycan Qızıl Orda tərəfindən ələ keçirildi.[24] Canıbəy oğlu Berdibəgi şəhərə vali təyin etdi və paytaxta geri döndü. Lakin bir müddət sonra Canıbəyin xəstələnməsi xəbərini alan Berdibəg, Çobanilərdən Əxicuğu öz yerinə təyin edərək paytaxta getdi. Bölgədəki hakimiyyət boşluğundan istifadə edən sultan Üveys 1358–1359-cu illərdə Azərbaycana yürüş təşkil etdi və Təbrizi ələ keçirdi.[25] Daha sonra irəliləyən Cəlairi ordusu Şirvan istisna olmaqla Azərbaycana nəzarəti tamamilə ələ keçirdi və sultan Üveys paytaxtı Bağdaddan Təbrizə köçürdü.[4]
  • 1360–1361-ci ildə sultan Üveys Əxlata yürüş təşkil etdi. Şəhər hakimi Xızır Şah Cəlairilərə tabeliyini bildirdi və ona sığınan Çobani şəhzadəsi Teymurdaşı edam etdirdi.[26]
  • 1364-cü ildə Müzəffəri hökmdarı Şah Şücaya qarşı üsyan qaldıran qardaşı Şah Mahmud Üveys Cəlayırdan kömək istədi və qarşılığında onun vassalı olacağını vəd etdi. Bu təklifi qəbul edən Üveys Cəlayır bölgəyə ordu göndərdi. Şah Şücanı məğlub edən Cəlairi ordusu həmin il Müzəffərilərin paytaxtı Şiraza daxil oldu və Şah Mahmud Müzəffəri sultanı elan edidi.[9] Lakin bölgə faktiki olaraq əyalət qismində Cəlairi əmirləri tərəfindən idarə olunurdu. Bu vəziyyət Müzəffəri əyanlarının narazılığına gətirib çıxardı və onlar yenidən Şah Şüca ətrafında birləşməyə başladılar. 1366-cı ildə ordu ilə Şiraza doğru hərəkətə keçən Şah Şüca yenidən hakimiyyətini bərpa etdi və Müzəffərilər Cəlairilərin hakimiyyət sahəsindən çıxdılar.[9]
  • 1366-cı ildə Tikrit, Mosul və Mardin Cəlairilər tərəfindən ələ keçirildi.[7] Həmin il Üveys Cəlayır Qaraqoyunlular üzərinə hərəkət edərək Muş yaxınlığında Bayram xocanı məğlub etdi.[22] Bayram xoca Üveys Cəlayırın hakimiyyətini qəbul etdi.[7]
  • Sultan Üveys 1364-cü ildə Şirvanşahlar üzərinə yürüş təşkil etmək istəsə də, həmin dövrdə Bağdad valisi Xoca Mircanın qiyam qaldırması bu plan pozmuşdu.[27] Şirvana hücumu yarımçıq qoyan sultan, geri qayıdaraq Bağdada hərəkət etdi və üsyanı yatırdı. Daha sonra 1366-cı ildə Şirvana yenidən yürüş təşkil etdi. Bayram bəyin komandanlıq etdiyi Cəlairi ordusu şirvanşahın müdafiə olunduğu Şamaxı qalasını mühasirəyə aldı. Müqavimət göstərə bilməyəcəyini başa düşən şirvanşah Kavus qaladan çıxaraq təslim oldu və həbs edildi. 3 ay Təbrizdə həbsdə qaldıqdan sonra, Cəlairi vassallığını qəbul etməsi və oğlu Huşəngi zəmanət kimi Cəlairi sarayına göndərməsi şərti ilə azad edildi.[8]
  • 1368–1370-ci illərdə Müzəffəri Mahmud Şah yenidən sultan Üveysə müraciət edərək qohumluq əlaqələri qurmaq istədiyini və onun dəstəyi olarsa Əcəm İraqının və Farsın Cəlairi hakimiyyəti altına keçə biləcəyini vəd etdi. Bu təklifi qəbul edən Üveys Cəlayır bacısını böyük təntənə ilə İsfahana göndərdi.[28] Həmçinin bununla birlikdə çox sayda hərbi qüvvə də Mahmud Şaha dəstək üçün göndərildi. Mahmud Şah bu hərbi qüvvə ilə birlikdə qardaşı Şah Şücanın üzərinə hərəkətə keçsə də, baş vermiş hərbi toqquşmada tərəflərdən heç biri üstünlük əldə edə bilmədi və öz ərazilərinə geri çəkildilər. Nəticədə İsfahan mərkəz olmaqla Əcəm İraqının bir hissəsi Cəlairi hakimiyyəti altına keçdi.[28]
  • Ərazilərini şərqə doğru genişləndirmək istəyən Üveys Cəlayır Astrabad hakimi əmir Vəli üzərinə hərəkətə keçərək 1371-ci ildə Rey yaxınlığında onu məğlub etdi və şəhəri ələ keçirdi. Lakin qardaşı əmir Zahidin ölüm xəbərini aldıqdan sonra irəliləmədi və geri dönmək məcburiyyətində qaldı.[29]
  • Şeyx Üveys Cəlayir 1374-cü il oktyabrın 10-da Təbrizdə vəfat etdi.[30]
 
Sultan,
bahadır xan
I Hüseyn Cəlayır
Cəlaləddin sultan Hüseyn ibn Üveys
ərəb. جلال الدين السلطان حسين بن أويس‎
1374[11] — 1382[11]
  • Şeyx Üveysin oğlu.[31]
  • Taxta çıxdığı ilk dövrlərdə, Müzəffəri hökmdarı Şah Şüca Cəlairilər üzərinə yürüş təşkil etdi. Təbriz yaxınlığında baş vermiş döyüşdə Cəlairilər məğlub oldular.[32] Sultan Hüseyn Bağdada çəkildi, Təbriz Şah Şüca tərəfindən tutuldu. Lakin dövrün siyasi şərtləri Şah Şücanın Təbrizdə çox qalmasına imkan vermədi və Azərbaycanı tərk edərək geri qayıtdı.[33] Qardaşı, Bağdad valisi Şeyx Əlidən yeni ordu qüvvə alan sultan Hüseyn,[31] Şah Şücadan 1 həftə sonra Təbrizə daxil oldu.[32]
  • Daha sonra Şah Şüca müharibəni dayandırmaq və qohumluq əlaqələri ilə sülhə razılaşmaq üçün təklif göndərdi. Sultan Hüseyn bu təklifi qəbul etdi və bacısı Dilşad xatun Şah Şücanın oğlu Zeynalabidin bəylə evləndirildi.[32]
  • 1374-cü ildə sultan Üveysin ölümündən sonra Qaraqoyunlular Cəlairi hakimiyyətinə tabe olmaqdan imtina etdilər və qarət məqsədilə Cəlairi ərazilərinə hücumlar təşkil etdilər.[34] 1378–1379-cu illərdə sultan Hüseynin Qaraqoyunlular üzərinə yürüş təşkil etdi. Qaraqoyunlu Bayram xoca və Qara Məhəmməd müqavimət göstərsələr də, məğlub oldular və yenidən Cəlairilərə tabelik bildirdilər.[34]
  • 1378-ci ildə Şeyx Əli müstəqillik elan etdi və sultan Hüseynə tabe olmaqdan imtina etdi.[31] 1380–1381-ci illərdə sultan Hüseyn Bağdada yürüş etdi. Şeyx Əli Şuştərə çəkildi. Əmir Adilin komandanlıq etdiyi Cəlairi ordusu Şuştəri mühasirəyə aldı. Müqavimət göstərə bilməyəcəyini anlayan Şeyx Əli təslim oldu və yenidən tabelik bildirdi. Sülh əldə edilsə də, Ərəb İraqının valiliyindən çıxarıldı və Şuştər hakimi təyin edildi.[35] Əmir Adil sultan Hüseynlə münasibətləri pozulduğu üçün Bağdada geri dönmədi və bölgədəki qiyamçı kürd tayfalarını tabe etmək üçün hərbi əməliyyatlara başladı. Sultan Hüseynin Bağdadda az qüvvə ilə qalmasından istifadə edən Şeyx Əli Bağdada hərəkət edərək sultan Hüseyni buradan çıxardı və Ərəb İraqını yenidən ələ keçirdi.[35]
  • 1381–1382-ci illərdə Astarabad və Mazandaran hakimi əmir Vəli Reyə hücum edərək şəhəri işğal etdi. 1382-ci ildə Reyi geri almaq üçün əmirəl-ümərə əmir Adil ordu yığmağa başladı və sultan Hüseyndən əlavə qüvvə istədi.[36] Sultan Azərbaycandakı bütün ordunu əmir Adilin yanına göndərdi. Öz yanında isə sadəcə 20 əsgəri qaldı.[36] Bu vəziyyətdən istifadə edən qardaşı Əhməd Cəlayır üsyan qaldırdı.[31] Böyük ordu ilə Təbrizə hərəkət edən Əhməd Cəlayir, həmin il sultan Hüseyni öldürdü və taxta çıxdı.[37]
 
Sultan,
bahadır xan
Bəyazid Cəlayır
Bəyazid ibn Üveys
ərəb. بايزيد بن أويس‎
1382–1384
  • Şeyx Üveysin oğlu.
  • 1382-ci ildə Əhməd Cəlayırın taxta çıxdığı dövrdə Təbrizi tərk edərək Sultaniyəyə əmir Adilin yanına getdi. Əmir Adilin dəstəyi ilə burada "sultan" elan edildi.[37]
  • Bəyazid Cəlayır və əmir Adil Əhməd Cəlayırla bir neçə dəfə döyüşsələr də, tərəflərdən heç biri yekun qələbə əldə edə bilmədi.[38] 1383-cü ildə tərəflər arasında sülh imzalandı. Lakin bu sülh çox çəkmədi. 1384-cü ildə baş vermiş Neylan döyüşü nəticəsiz oldu. Sultan Əhmədin getdikcə güclənməsi əmir Adili Müzəffərilərdən kömək istəməyə məcbur etdi. Lakin sultan Əhmədin səyləri ilə bu ittifaq pozuldu.[38]
  • Nəhayət 1384-cü ildə Sultaniyəyə hərəkət edən Əhməd Cəlayır, şəhəri müqavimətsiz ələ keçirdi. Bəyazidi əsir alaraq özü ilə Təbrizə apardı.[38]
Sultan,
bahadır xan
Əhməd Cəlayır
Qiyasəddin sultan Əhməd ibn Üveys
ərəb. قياس الدين سلطان أحمد بن أويس‎
1382[11] — 1410[11]
  • Şeyx Üveysin oğlu.[31]
  • Taxta çıxmamışdan öncə Ərdəbil və Bəsrə valisi olmuşdur.[31] 1382-ci ildə qardaşı sultan Hüseyn Cəlayırı devirərək hakimiyyəti ələ keçirdi.[37]
  • Taxta çıxdığı dövrdə ciddi müqavimətlə üzləşdi. Qardaşları Bəyazid və Şeyx Əli onun hakimiyyətini qəbul etmədilər.[39] Bəyazid Sultaniyə hakimi əmir Adil tərəfindən "sultan" elan edildi.[37]
  • 1382-ci ildə Bağdad valisi Şeyx Əli sultan Əhməd üzərinə hərəkətə keçdi. Təbriz yaxınlığında baş vermiş toqquşmada məğlub olan sultan Əhməd Naxçıvana çəkildi.[37] Burada Qaraqoyunlu hökmarı Qara Məhəmmədin köməyi ilə Şeyx Əli məğlub edildi və öldürüldü.[40]
  • Sultan Əhməd və Bəyazid arasında baş vermiş qarşıdurmalarda tərəflərdən heç biri üstünlük əldə edə bilmədi. Nəticədə şirvanşah Huşəngin yardımı ilə tərəflər arasında sülh müqaviləsi imzalandı. Müqavilənin şərtlərinə görə Azərbaycan sultan Əhmədə, Əcəm İraqı Bəyazidə, Ərəb İraqı isə sultan Əhmədlə Əmir Adilin ortaq hakimiyyətinə verildi.[38] Lakin sülh çox çəkmədi. Marağada Neylan adlı yerdə baş vermiş döyüşdə tərəflərdən heç biri üstünlük əldə etmədilər. Əmir Adil Şah Şüca ilə ittifaq bağlayaraq yenidən sultan Əhmədin üzərinə yürüş təşkil etmək fıkrinə düşdü, lakin sultan Əhməd onların ittifaqını pozaraq, Şah Şücanı öz tərəfinə cəlb etdi. Sultaniyəyə hərəkət edən sultan Əhməd şəhəri döyüşsüz ələ keçirdi və Bəyazidi əsir alaraq özü ilə Təbrizə apardı.[38][41]
  • 1385-ci ildə Qızıl Orda xanı Toxtamış Azərbaycana yürüş etdi və Təbrizi ələ keçirdi. Əhməd Cəlayır şəhərin geri alınması üçün ordu göndərsə də, bu qüvvə Təbriz yaxınlığında məğlubiyyətə uğradıldı və geri çəkildi.[42] Toxtamışın Azərbaycanı tərk etməsindən sonra, 1386-cı ildə sultan Əhməd Təbrizə daxil oldu.[43] Lakin yenə də burada çox qala bilmədi, Əmir Teymurun bölgəyə yaxınlaşması xəbərini aldıqdan sonra Bağdada çəkildi, Təbriz Teymurilər tərəfindən ələ keçirildi.[44]
  • Əmir Teymur 1392-ci ildə ikinci böyük yürüşünə çıxdı. Əhməd Cəlayır sülh üçün Əmir Teymurun yanına hədiyyələrlə birlikdə elçi heyəti göndərdi. Lakin Əmir Teymur ona tabelilik bildirmədiyini əsas gətirərək hədiyyələri qəbul etmədi və 1393-cü ildə Əhməd Cəlayıra məktub yazaraq üzərinə hərəkət edəcəyini bildirdi. Teymuri ordusunun yaxınlaşması xəbərini aldıqdan sonra Əhməd Cəlayır Bağdadı tərk etdi[45] və Məmlük sultanı Fərəcə sığındı.[45]
  • Əmir Teymurun bölgədən uzaqlaşmasından sonra İraqa geri dönən Əhməd Cəlayır buradakı hakimiyyətini yenidən bərpa etdi.[46] Qaraqoyunlu hökmdarı Qara Yusiflə müttəfiqlik qurub Teymurilərə qarşı mübarizə aparmaq istəsələr də, 1399-cu ilə Əmir Teymurun bölgəyə yenidən qayıtmasından sonra Bağdadı tərk etdilər[45] və Osmanlı sultanı İldırım Bəyazidə sığındılar.[46]
  • 1401-ci ildə Osmanlı ərazisindən ayrılan sultan Əhməd Hilləyə, oğlu Tahirin yanına getdi. Bu dövrdə oğlu ilə münasibətləri pozulan sultan, Qara Yusifin yardımı ilə onu məğlub edərək öldürdü. Lakin burada çox qala bilmədi və yenidən sultan Fərəcə sığındı. Sultan Fərəc Əmir Teymurun təziqi ilə onu və Qara Yusifi həbs etdirdi.[47] Sultan Əhməd və Qara Yusif həbsdə olarkən bir-biriləri ilə şərt kəsdilər ki, həbsdən çıxdıqdan sonra Azərbaycan Qara Yusifin, İraqi-Ərəb isə sultan Əhmədin olsun.[48]
  • 1405-ci ildə Məmlük sultanlığı daxilində yaranmış qarşıdurmalar səbəbindən sultan Fərəc Qara Yusif və sultan Əhmədi həbsdən azad etdi.[49] Həmçinin Əmir Teymur vəfat etdi. Həmin ildə böyük ordu toplayan Əhməd Cəlayır Bağdada daxil oldu.[50] 1406-cı ildə isə Təbriz ələ keçirilsə də,[51] Teymuri Əbu Bəkrin əraziyə gəlməsi ilə sultan Əhməd Bağdada çəkildi.[52] Bölgədəki Teymuri qüvvələri Qara Yusif tərəfindən məğlubiyyətə uğradıldı və 1407-ci ildə Qaraqoyunlular Təbrizə daxil oldular.[53]
  • 1409–1410-da Əhməd Cəlayır Xuzistana yürüş etdi. Cəlairi ordusu Hüveyzəni və Səlasil qalasını ələ keçirdi.[54]
  • 1409-cu ildə Təbrizə elçi göndərərək Qara Yusifdən Həmədan yaylağının ona verilməsini istədi. Lakin bu tələbi rədd edildi.[55] 1410-cu ildə sultan Əhməd Təbrizə doğru qəfil yürüş təşkil etdi. Həmin vaxt Qara Yusif Ərzincanın mühasirəsi ilə məşğul idi.[56] Qara Yusifə bu xəbər çatanda o, Ərzincandan geriyə döndü.[57] 1410-cu ildə Təbrizin yaxınlığında baş verən döyüşdə Qara Yusif qələbə qazandı. Sultan Əhməd əsir alındı[58] və daha sonra öldürüldü.[59]
 
Sultan,
bahadır xan
Şah Vələd
Əlaüd-dünya Şah Vələd ibn Şeyx Əli
ərəb. علاء الدنيا شاه ولد بن شيخ علي

‎

1410[11] — 1411[11]
  • Cəlairi şəhzadəsi Şeyx Əlinin oğlu.[10]
  • Şah Vələd 1410-cu ildə sultan Əhməd Qara Yusifə qarşı məğlub olarkən, həmin ərəfədə öldürülmüşdü. 1410–1411-ci illərdə dövləti onun adından arvadı Tendu xatun idarə etmişdi.[10]
  • Tendu xatun Şah Vələdin ölümünü uzun müddət gizlədə bilmədi və onun qayıtması adı ilə Bağdadda şənliklər təşkil etdi. Hər kəsin başının şənliklərə qarışdığı bir vaxta, gecə ikən Bağdadı tərk edərək Şuştərə getdi.[10]
  • Bağdad əyanları Cəlairi sülaləsinin üzvlərinin şəhəri tərk etməsini öyrəndikdən sonra, Bəkubədə olan Qara Yusifin oğlu Şah Məhəmmədə şəhəri nəzarətə götürməsi üçün müraciət etdilər. Buraya hərəkət edən Qaraqoyunlu ordusu 1412-ci illərdə şəhəri nəzarətə götürdü.[10]
Sultan,
bahadır xan
Şah Mahmud Cəlayır
Şah Mahmud ibn Şah Vələd
ərəb. محمود بن شاه ولاد‎
1411[11] — 1416[5]
  • Şah Vələdin və Tendu xatunun oğlu.[5]
  • Tendu xatun və saray əyanları onu Bağdadda olarkən taxta çıxarmaq istəsələr də, daha sonra yaşının az olması səbəbindən bu fikirdən daşındılar.[5]
  • Tendu xatun ilə Şuştərə gəldikdən sonra burada "sultan" elan edildi və bu bölgə ətrafındakı kiçik ərazini idarə etdi.[5]
  • 1416-cı ildə Tendu xatun tərəfindən öldürüldü.[5]
Sultan,
bahadır xan
II Üveys Cəlayır
Üveys ibn Şah Vələd
ərəb. أويس بن شاه ولاد‎
1416[6] — 1421[11]
  • Şah Vələdin və Tendu xatunun oğlu.[6]
  • 1416-cı ildə qardaşının ölümündən sonra taxta çıxdı. 1419-cu ildə Tendu xatunun ölümündən sonra tək hakimiyyət sürməyə başladı.[6]
  • Onun dövründə Bəsrə Cəlairilər tərəfindən ələ keçirildi (1417).[6]
  • 1421-ci ildə Bağdada yürüş təşkil etdi və şəhəri mühasirəyə aldı. Qaraqoyunlu hökmdarı Qara İsgəndərin bölgəyə gəlməsi barədə xəbər aldıqdan sonra, onunla döyüşəcək qüvvəsi olmadığı üçün geri çəkildi. Həmin il yenidən Bağdada hücum etsə də, şəhər yaxınlığında məğlub edildi və öldürüldü.[6]
 
Sultan,
bahadır xan
Şah Məhəmməd Cəlayır
Şah Məhəmməd ibn Şah Vələd
ərəb. شاه محمد بن شاه ولاد‎
1422[11] — 1424[6]
  • Şah Vələdin və Tendu xatunun oğlu.[6]
  • 1417-ci ildə Cəlairilərin Bəsrəni ələ keçirməsindən sonra Bəsrəyə vali təyin edildi.[6]
  • 1419-cu ildə Tendu xatunun ölümündən sonra qardaşı II Üveysə qarşı üsyan qaldırdı. Lakin üsyan nəticəsiz oldu. Məğlub edildi və yenidən tabelik bildirdi.[6]
  • 1422-ci ildə qardaşının Bağdadda öldürülməsindən sonra taxta çıxdı.[11]
  • Cəlairilərin bölgədə güclənməsindən narahat olan Teymurilərin Şiraz və Fars hakimi İbrahim Şah Cəlairilər üzərinə yürüş təşkil etdi. Müqavimət göstərə bilməyən Şah Məhəmməd Vasit və Cəzirə tərəflərinə çəkildi, Şuştər Teymurilər tərəfindən ələ keçirildi.[6]
  • 1423-cü ildə ordu toplayaraq Qaraqoyunluların əlində olan Hilləyə yürüş etdi. Şəhər hakimi əmir Dursun müqavimət göstərə bilmədi və şəhəri tərk edərək Təbrizə getdi. Hilləyə daxil olan Şah Məhəmməd dövlətin mərkəzini buraya köçürdü.[6]
  • 1423-cü ildə ordu toplayaraq Bağdada doğru hərəkət etdi. Lakin şəhəri ələ keçirə bilmədi və geri döndü.[6]
  • 1424-cü ildə Hillədə vəfat etdi.[6]
 
Sultan,
bahadır xan
II Hüseyn Cəlayır
Hüseyn ibn Əlaüddövlə
ərəb. حسين بن علاء الدولة‎
1424[2] — 1432[11]
  • Cəlairi şəhzadəsi Ələüddövlənin oğlu.[2]
  • Ələüddövlənin Qara Yusif tərəfindən Ədilcəvaz qalasında həbs edildiyi dövrdə dünyaya gəlmişdir. Atasının ölümündən sonra burada Ağqoyunlu hökmdarı Qara Osmanın yanında qaldı.[2]
  • 1423–1424-cü illərdə Şah Məhəmməd başqa bir varisi olmadığı üçün Hüseyn Cəlayırı Hilləyə dəvət etdi və onu vəliəhdi elan etdi.[2]
  • 1424-cü ildə Şah Məhəmmədin ölümündən sonra Hillədə Cəlairi taxtına oturdu.[2]
  • Sultan Hüseyn Bağdadı çıxmaq şərtilə Ərəb İraqının böyük qismini Qaraqoyunlulardan geri aldı. Həmçinin bu dövrdə Şuştər də yenidən Cəlairilər tərəfindən ələ keçirildi. Bağdad hakimi, Qaraqoyunlu şəhzadəsi əmir İsfahanın bir neçə yürüşünü dəf etsə də, 1432-ci ildə Hillədə məğlub edildi və öldürüldü.[2]
  • Sultan Hüseynin öldürülməsi ilə Cəlairi hakimiyyəti rəsmi olaraq sona çatdı.[2]
 

Qeydlər

redaktə
  1. ↑ Və yaxud farsca Həsən Bozorq (fars. حسن بزرگ‎).
  2. ↑ 1364–1366-cı illərdə müvəqəti olaraq Cəlairilərin vassalı oldular.
  3. ↑ Hal hazırda Anadolu.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Abdulkadir Yuvalı, 1997. səh. 311-312
  2. ↑ 1 2 3 4 5 6 7 8 9 10 Bülent Yılmaz, 2002. səh. 247
  3. ↑ 1 2 3 Bülent Yılmaz, 2002. səh. 274-278
  4. ↑ 1 2 3 4 Bülent Yılmaz, 2002. səh. 129
  5. ↑ 1 2 3 4 5 6 7 Bülent Yılmaz, 2002. səh. 243
  6. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Bülent Yılmaz, 2002. səh. 245-246
  7. ↑ 1 2 3 Fatih Korkmaz, 2017. səh. 15
  8. ↑ 1 2 Patrick Wing, 2016. səh. 112
  9. ↑ 1 2 3 Bülent Yılmaz, 2002. səh. 131-135
  10. ↑ 1 2 3 4 5 Bülent Yılmaz, 2002. səh. 240-242
  11. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Muzaffer Ürekli, 1993. səh. 264-265
  12. ↑ Bruno De Nicola, 2017. səh. 90-129
  13. ↑ Nilgün Dalkesen, 2007. səh. 67
  14. ↑ 1 2 Fatih Korkmaz, 2017. səh. 12
  15. ↑ Patrick Wing, 2016. səh. 70
  16. ↑ Bülent Yılmaz, 2002. səh. 87
  17. ↑ Bülent Yılmaz, 2002. səh. 93
  18. ↑ Bülent Yılmaz, 2002. səh. 97
  19. ↑ Fatih Korkmaz, 2017. səh. 13
  20. ↑ Bülent Yılmaz, 2002. səh. 110
  21. ↑ Bülent Yılmaz, 2002. səh. 116
  22. ↑ 1 2 Charles Melville, 1994. səh. 255
  23. ↑ Bülent Yılmaz, 2002. səh. 117
  24. ↑ Peter Jackson, 1986. səh. 6
  25. ↑ Fatih Korkmaz, 2017. səh. 14
  26. ↑ Bülent Yılmaz, 2002. səh. 130
  27. ↑ Patrick Wing, 2016. səh. 108
  28. ↑ 1 2 Bülent Yılmaz, 2002. səh. 140-142
  29. ↑ Peter Jackson, 1986. səh. 7
  30. ↑ Patrick Wing, 2016. səh. 121
  31. ↑ 1 2 3 4 5 6 Türküstan, 2023, say: 7
  32. ↑ 1 2 3 Bülent Yılmaz, 2002. səh. 159-161
  33. ↑ Bülent Yılmaz, 2002. səh. 159-160
  34. ↑ 1 2 Bülent Yılmaz, 2002. səh. 161-162
  35. ↑ 1 2 Bülent Yılmaz, 2002. səh. 169-171
  36. ↑ 1 2 Fatih Korkmaz, 2017. səh. 16
  37. ↑ 1 2 3 4 5 Azərbaycan Tarixi, III cild, 2007. səh. 30
  38. ↑ 1 2 3 4 5 Azərbaycan Tarixi, III cild, 2007. səh. 31
  39. ↑ Faruk Sümer, 1989. səh. 53-54
  40. ↑ Nimet Yıldırım, 1991. səh. 11-12
  41. ↑ Nimet Yıldırım, 1991. səh. 12
  42. ↑ İlyas Kemaloğlu, 2012. səh. 231-232
  43. ↑ Nizaməddin Şami, 1992. səh. 6
  44. ↑ Azərbaycan Tarixi, III cild, 2007. səh. 39
  45. ↑ 1 2 3 Nimet Yıldırım, 1991. səh. 14
  46. ↑ 1 2 Veyis Değirmençay, 2021. səh. 19
  47. ↑ Veyis Değirmençay, 2021. səh. 19-20
  48. ↑ Həsən bəy Rumlu, 2017. səh. 54
  49. ↑ Həsən bəy Rumlu, 2017. səh. 53
  50. ↑ Nimet Yıldırım, 1991. səh. 17
  51. ↑ Həsən bəy Rumlu, 2017. səh. 56
  52. ↑ Azərbaycan Tarixi, III cild, 2007. səh. 71
  53. ↑ Nəcəfli Tofiq, 2012. səh. 62
  54. ↑ Həsən bəy Rumlu, 2017. səh. 63
  55. ↑ Nəcəfli Tofiq, 2012. səh. 41
  56. ↑ Nəcəfli Tofiq, 2012. səh. 64
  57. ↑ Fatih Korkmaz, 2017. səh. 81
  58. ↑ Həsən bəy Rumlu, 2017. səh. 68
  59. ↑ Nimet Yıldırım, 1991. səh. 17-18

Ədəbiyyat

redaktə
  • Muzaffer Ürekli, CELÂYİRLİLER (türk), VII cild, TDV İslâm Ansiklopedisi, 1993
  • Bülent Yılmaz. Celayirliler Kabile-Devlet (PDF). Ərzurum: Atatürk Üniversitesi Sosyal Bilimler Tarih Anabilim Dalı Enstitüsü. 2002.
  • Fatih Korkmaz. Sultan Ahmed Celayir dönemi ve Celayirli – Timurlu ilişkileri. Ərzurum: T.C. Atatürk Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü Türk Tarihi Ana Bilim Dalı. 2017. 07.10.2024 tarixində arxivləşdirilib.
  • Həsən bəy Rumlu (fars dilindən tərcümə və şərhlər : Oqtay Əfəndiyev, Namiq Musalı). Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı) (PDF). Kastamonu: Uzanlar. 2017. ISBN 5-8066-0436-5.
  • Bruno De Nicola, "Political Involvement and Women's Rule in the Ilkhanate", Women in Mongol Iran, The Khatuns, 1206-1335, Edinburgh University Press, 2017, 90–129, ISBN 978-1-4744-1547-7, JSTOR 10.3366/j.ctt1g09twn.10, İstifadə tarixi: 2021-01-10
  • Nilgün Dalkesen. Genger Roles and Women's Status in Central Asia and Anatolia Between the Thirteenth and Sixteenth Centuries (PDF). 2007.
  • Patrick Wing. The Jalayirids: Dynastic State Formation in the Mongol Middle East. Edinburgh University Press. 2016. ISBN 9781474402255. JSTOR 10.3366/j.ctt1bgzbrm.
  • Abdulkadir Yuvalı, HASAN-ı BÜZÜRG (türk), VII cild, TDV İslâm Ansiklopedisi, 1997
  • Charles Melville, Delšād Ḵātūn (ingilis), VII, Encyclopædia Iranica, 1994, İstifadə tarixi: 26 noy 2024
  • Peter Jackson. Jalayirids, Muzaffarids and Sarbadars // Lockhart, Laurence; Jackson, Peter (redaktorlar ). The Cambridge History of Iran, Volume 6: The Timurid and Safavid Periods. Kembric: Cambridge University Press. 1986. 1–42. ISBN 0-521-20094-6.
  • Elşən Mirişli. "Azərbaycanı idarə edən Elxanlar və idarəçilik böhranı" (PDF). Türküstan. Say: 7. 31.01.2023. 2024-10-02 tarixində arxivləşdirilib (PDF).
  • Azərbaycan Milli Elmlər Akademiyası, A. Bakıxanov adına Tarix İnstitutu (məsul redaktor: Oqtay Əfəndiyev). Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər) (PDF). Bakı: Elm. 2007. ISBN 978-9952-448-39-9. 07.10.2024 tarixində arxivləşdirilib (PDF).
  • Nimet Yıldırım. Sultan Ahmed Celayir ve «Kitabu'l-Mukaddime» adlı divan (PDF). İstanbul: T.C. Yükseköğretim Kurulu Dökümantasyon Merkezi. 1991. 13.07.2024 tarixində arxivləşdirilib (PDF).
  • Nizaməddin Şami (türk dilindən tərcümə edən: Ziya Bünyadov). Zəfər-namə. Bakı: Elm. 1992. ISBN 5—8066—0516—7. 31.08.2024 tarixində arxivləşdirilib.
  • Veyis Değirmençay. Sultan Ahmed Celayir "Kitabu'l-Garbiyyat" (Altıncı Divan). Ərzurum: Atatürk Üniversitesi Yayınevi. 2021. 09.10.2024 tarixində arxivləşdirilib.
  • Nəcəfli Tofiq. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri (müasir Türkiyə tarixşünaslığında) (PDF). Bakı: Çaşıoğlu. 2012. ISBN 978-9952-27-358-8. 05.05.2024 tarixində arxivləşdirilib (PDF).
  • Faruk Sümer, AHMED CELÂYİR (türk), II cild, FARUK SÜMER, 1989, 2022-10-05 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2020-04-16
  • İlyas Kemaloğlu, TOKTAMIŞ HAN (türk), XXXXI cild, TDV İslâm Ansiklopedisi, 2012, 2020-05-16 tarixində arxivləşdirilib, İstifadə tarixi: 3 okt 2024
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cəlairi_hökmdarlarının_siyahısı&oldid=8098553"
LOVE.AZ