Cəmaləddin Müslüm oğlu Maqomayev (28 may 1910, Lənkəran, Lənkəran qəzası – 5 oktyabr 1977, Moskva) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1948–1952, 1953–1957), Azərbaycan SSR yerli sənaye naziri (1953), SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi (1962–1977).
Cəmaləddin Maqomayev | |
---|---|
![]() | |
fevral 1962 – 5 oktyabr 1977 | |
Əvvəlki | Sabit Orucov |
31 dekabr 1953 – 6 iyun 1957 | |
Sədr | Teymur Quliyev Sadıq Rəhimov |
2 oktyabr 1948 – aprel 1952 | |
Sədr | Teymur Quliyev |
18 aprel 1953 – 31 dekabr 1953 | |
Sonrakı | Səlim Qasımov |
aprel 1952 – 17 aprel 1953 | |
Birinci katib | Mir Teymur Yaqubov |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
1957 – 1962 | |
Sədr | Əli İbrahimov |
Əvvəlki | Möhsün Poladov |
Sonrakı | Hilal Əsədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 may 1910(1910-05-28) |
Doğum yeri | |
Vəfat tarixi | 5 oktyabr 1977(1977-10-05) (67 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Atası | Müslüm Maqomayev |
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() |
Cəmaləddin Müslüm oğlu Maqomayev 1910-cu il mayın 28-də Lənkəran şəhərində bəstəkar Müslüm Maqomayevin ailəsində anadan olmuşdur. Bakıda orta təhsil aldıqdan sonra o, Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirmişdir. 1932-ci ildə institutu bitirdikdən sonra Leninqraddakı "İjora" ağır maşınqayırma zavoduna göndərilmiş, orada mühəndis-texnoloq vəzifəsində işləmişdir.[1] 1934–1936-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.[2]
Bakıya qayıtdıqdan sonra Cəmaləddin Maqomayev Azərbaycanın neft-maşınqayırma sistemində işləməyə başlamışdır. 1936–1937-ci illərdə Lenin adına zavodda baş mexanikin müavini, 1937–1939-cu illərdə Azərbaycan Neft-Mədən Maşınqayırma Trestinin baş mexaniki, 1939–1941-ci illərdə Kirov adına zavodun direktoru, 1941-ci ildən isə Azərbaycan Neft-Mədən Maşınqayırma Trestinin (Azərneftmaş) baş mühəndisi olmuşdur.[1][2]
Böyük Vətən müharibəsi illərində Azərbaycan SSR Xalq Komissarları Sovetinin və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin silah və döyüş sursatı üzrə müvəkkilinin müavini işləyən Cəmaləddin Maqomayev orduya döyüş silahlarının fasiləsiz göndərilməsində iştirak etmişdir. O, 1943–1948-ci illərdə Azərbaycan KP MK-da sənaye-nəqliyyat şöbəsinin, neft sənayesi şöbəsinin müdiri, Mərkəzi Komitənin yeyinti sənayesi üzrə katibinin müavini işləmişdir.[1][3]
Cəmaləddin Maqomayev 1948–1952-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1952–1953-cü illərdə Azərbaycan KP Bakı vilayət komitəsinin ikinci katibi olmuşdur. 1953-cü ildə Azərbaycan SSR yerli sənaye naziri təyin edilmiş, 1953–1957-ci illərdə yenidən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləmişdir. O, 1957-ci ildən Azərbaycan SSR naziri olmuş, 1957–1962-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədrinin birinci müavini vəzifələrində çalışmışdır.[2] 1962-ci ilin fevralından ömrünün sonunadək SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi olmuşdur.[1]
1940-cı ildən Sov. İKP üzvü olmuş, SSRİ Ali Sovetinin (3–4, 7–8-ci çağırış) və Azərbaycan SSR Ali Sovetinin (2–3, 5–6, 9-cu çağırış) deputatı seçilmişdir.[4] 1954–1961-ci illərdə Azərbaycan KP MK üzvü, 1961–1964-cü illərdə üzvlüyə namizəd, 1964-cü ildən isə yenidən üzvü olmuşdur.[2]
Cəmaləddin Maqomayev 5 oktyabr 1977-ci ildə vəfat etmiş[5] və 8 oktyabrda Fəxri Xiyabanda dəfn olunmuşdur.[6]