Elnur Elman oğlu Əliyev (27 avqust 1981, Gədəbəy rayonu) — Azərbaycan rejissoru, ssenarist və prodüser.
Elnur Əliyev | |
---|---|
Elnur Elman oğlu Əliyev | |
![]() | |
Doğum tarixi | (43 yaş) |
Doğum yeri |
Gədəbəy rayonu, ![]() |
Fəaliyyəti | ssenarist, rejissor, prodüser |
Fəaliyyət illəri | 2004-cü ildən |
Elnur Əliyev 27 avqust 1981-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur.[1][2] 2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alaraq televiziya rejissoru ixtisasına yiyələnmiş[1] və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2006-cı illərdə həmin universitetin televiziya rejissoru ixtisası üzrə magistr pilləsinə daxil olmuş və fərqləmə diplomi ilə başa vurmudur. 2006-2009-cu illərdə aspirantura pilləsində təhsil almış, "Azərbaycan teleməkanında kliplərin mövzu, struktur və janr problemləri" mövzusunda dissertasiya işinin və beş elmi məqalənin müəllifidir.[1] 2003-cü ildən Azərbaycan Professional Kinorejissorlar Gildiyasının, 2021-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.[1] 2004-2005-ci illərdə "Film" Prodüser Mərkəzində rejissor, 2005-2006-cı illərdə "Mozalan" satirik kinojurnalıda rejissor və ssenarist kimi çalışmışdır.[2][3] 2005-2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ilk montaj üzrə aparıcı mütəxəssis, 2007-2008-ci illərdə ANS Şirkətlər Qrupuna daxil olan "Bakı Film" kinostudiyasında prodüser kimi fəaliyyət göstərmişdir.[1][2] 2010-cu ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Əlavə təsir" bədii filmində icraçı prodüser müavini vəzifəsində çalışmışdır. 2011-ci ildən etibarən ATV, Space TV, AzTV, Lider TV, Xəzər TV kimi kanallarda məşhur layihələrin ssenari müəllifi və rejissoru olmuşdur.[1] Paralel olaraq bu illər ərzində bir sıra reklam çarxlarında, çoxsaylı musiqili reklam kliplərində çalışmışdır.
Rejissorun 2013-cü ildə çəkdiyi “Alınmaz qalanın qəhrəmanları” qısametrajlı sənədli-bədii filmi Gədəbəy rayonundan olan dörd Milli Qəhrəmanın – Məzahir Rüstəmov, İsgəndər Aznaurov, İlham Əliyev və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edir. 2018-ci ildə quruluş verdiyi "Son nəfəsədək" filmi real hadisələr əsasında çəkilib.[2]
2003-cü ildə “Gənclik və sülh” adlı BMT–nin Beynəlxalq Sülh Gününə həsr olunmuş reklam filminə görə Fəxri Fərmana layiq görülüb. 2004-cü ildə Xalq artisti Cənnət Səlimovaya həsr olunmuş sənədli filmi “START” Tələbə Film Festivalında “ən yaxşı sənədli film” nominasiyasında ll yerə layiq görülüb.[1]