Ermənistan və ya Tarixi Ermənistan (erm. Պատմական Հայաստան) — Kiçik Asiyanın şərqində tarixi və coğrafi vilayət. Vilayət əsasən Kiçik Asiyanın Ermənistan yaylası, o cümlədən Cənubi Qafqazın bir hissəsini əhatə edir.[1][2][3] Ermənistan erməni xalqının tarixi təşəkkül tapdığı və yaşadığı ərazidir. Tarixi Ermənistanın siyasi, mədəni və iqtisadi mərkəzi Ağrı vadisi olmuşdur.[4][5][6] Müasir Ermənistan Respublikası tarixi Ermənistan ərazisinin təqribən onda birini əhatə edir.[7]
Müxtəlif hesablamalara görə, tarixi Ermənistanın ərazisi 300 min[3][1] ilə 360 min[8][9] km2 idi. Tarixi şərtlərə görə vilayət Qərbi (Roma, Bizans, Osmanlı) və Şərqi (İran, Qafqaz, Rusiya) hissələrə bölünür. Vilayət tarix boyu çox sayda dövlətin bir hissəsi olmuş və bütövlükdə qısa bir müddət yalnız bir dəfə bir hökmdarın nəzarəti altında olmuşdur.[8]
Vilayətin hüdudları Böyük Ermənistan, Kiçik Ermənistan və Kilikiya çarlığının sərhədləri ilə üst-üstə düşür.
Bunlara əlavə olaraq, bir hissəsi Ermənistandan keçən Fərat çayının yuxarı axarındakı ərazilər və Van gölünün ətrafı kürdlərin ilkin yaşadığı ərazilər idi.[10] Onlar Ermənistan krallığı ərazisində də yaşamışdılar.[11]