Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Faxralı (gürc. ფახრალო; 1991-ci ildən gürc. Talaveri/ტალავერი) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Bolnisi bələdiyyəsində kənd. İmirhəsən və Bala Darbaz kəndləri ilə birlikdə Faxralı icma sakrebulosunu təşkil edir. Kənd şimalda Qoçulu, cənubda Bala Darbaz, şərqdə Saraçlı, şimali-şərqdə İmirhəsən, qərbdə Kəpənəkçi, şimali-qərbdə Xatissopeli, Mığırlı və Cəfərli kəndləri ilə əhatələnib.
Faxralı | |
---|---|
ტალავერი | |
![]() | |
41°22′58″ şm. e. 44°38′42″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 620 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
![]() |
Bu oykonim xalq etimologiyasına görə, "Fəxr" sözü ilə "Alı" şəxs adının birləşməsindən, başqa bir etimologiyaya görə isə, "fağır" sözü ilə "Alı" antroponiminin – şəxs adının birləşməsindən yaranıb.[2] "Faxralı" oykoniminin birinci komponentindəki, yəni "fəxr" sözündəki "ə" incə saitinin qalın "a" səsinə çevrilməsini nəzərə alsaq, onda "Faxralı" kənd adının "Fəxr" və "Alı" şəxs adından düzəlməsi düşünülür. 90-cı illərin əvvəllərində rayonun digər 32 kəndinin adı kimi Faxralı toponimi də dəyişdirilmiş,[3] "gürcüləşdirilmiş" və Talaveri (gürcücə hərfi mənası "üzüm talvarı", "üzümlük" anlamına gəlir) adlandırılmışdır.[4]
Kəndin tarixi tam olaraq araşdırılmamışdır. Buna baxmayaraq kəndin təxminən 800 illik yaşayış yeri olduğunu fərz etmək münkündür. Kənddə XII, XIV və XVI əsrlərə aid islami qəbirüstü abidələr vardır.[5] Faxralı kəndinin adına dair ilk yazılı məlumatlara hazırda Tbilisi arxivində saxlanılan XV əsrə aid gürcü mənbələrində rast gəlinir.[6] XVII əsrin sonlarından başlayaraq kəndin əhalisi Azərbaycanın xüsusilə Qazax-Gəncə və Qarabağ bölgələrindən, eləcə də İrandan gəlmələr hesabına xeyli artmışdır.[7]
11 mart 1864-cü ildə Qafqaz canişini knyaz Mixail Nikolayeviç Romanovun əmri ilə təsis edilmiş Qafqaz Arxeoqrafiya Komisiyasının Qafqaz Canişinliyi Baş İdarəsinin arxivlərində toplanılmış sənədlər əsasında nəşr etdirdiyi "Qafqaz arxeoqrafiya komisiyasının topladığı aktlar" külliyatının 1866-cı ildə Tiflisdə nəşr edilmiş I cildində 575 nömrəli işdə 8 may 1802-ci il tarixli siyahıda Faxralı inzibati cəhətdən Loru qəzasına daxil olan və əhalisi azərbaycanlılardan ibarət mülkədar kəndi kimi göstərilmişdir.[8]
Kəndin ümumi ərazisinin dəniz səviyyəsindən hündürlüyü 520 – 650 metrdir.[q 1] Kiçik Qafqaz sıra dağları sisteminə aid olan Ağzıböyük silsiləsinin şimal ətəklərində Dələver çayının üzərində yerləşir. Coğrafi koordinatları 44° 38' 41" şərq uzunluğu, 41° 23' 08" şimal enliyidir. Rayon mərkəzindən 12 km. cənub-şərqdə, paytaxt Tiflisdən 40 km cənub-qərbdə yerləşir. Ən hündür nöqtəsi 1416 metrə çatan Qaradağ dağıdır. Faxralı coğrafi cəhətdən rayonun Saraçlı, Qoşakilsə, Molla Əhmədli, İmirhəsən və Xaçın kəndləri ilə qonşudur.[6]
Əsas təsərrüfatçılıq sahəsi kənd təsərrüfatı olan kəndin ərazisi 17 min hektar ərazini əhatə edir. 2,5 min hektaradək əkinə yararlı torpaq sahəsinə malik Faxralı (2006-cı ildə Borçalı bölgəsi üzrə becərilmiş torpaqların 3,6%-i)[9] mühüm taxılçılıq, üzümçülük, kartofçuluq və tərəvəzçilik bölgəsi kimi tanınır. Geniş təbii otlaq sahələrinə malik olduğundan maldarlıq və arıçılıq geniş yayılmışdır.
Kənd əhalisi 1870-ci ildə 170 ailədə 1139 nəfər, 1886-cı ildə 1145 nəfər, 1926-cı ildə 470 ailədə 2321 nəfər olmuşdur. 2014-cü ildə aparılmış sonuncu siyahıyaalmanın nəticələrinə əsasən Faxralıda 5038 nəfər sakin (rayon əhalisinin 9,4%-i) yaşayır ki, onlardan da 50,7%-i kişilər, 49,3%-i isə qadınlardır. Yüksək əmək miqrasiyası ilə əlaqədar əhalinin sayı 2002-ci ildə keçirilmiş əvvəlki siyahıyaalmadan etibarən 27% azalmışdır.
Ailə üzvlri orta say hesabı ilə 41%-i 4–5 nəfərdən ibarətdir. Çoxuşaqlılığın geniş yayılması səbəbindən hər ailəyə düşən sakinlərin sayı (4,6 nəfər) rayonun (4,0 nəfər) və respublikanın orta göstəricisini (3,5 nəfər) qabaqlayır. Rəsmi statistikaya əsasən kənd əhalisinin 99%-i azərbaycanlılardan ibarətdir.
Faxralı əhalisinin sayı baxımından rayonda 1-ci ən böyük kənd, Bolnisi şəhərindən sonra isə 2-ci ən böyük yaşayış məntəqəsidir[15].
Siyahıyaalma tarixi | Əhalinin sayı | Etnik çoxluq |
---|---|---|
26[q 2] may – 29[q 3] dekabr, 1886 | 1 049 | azərbaycanlılar |
1915 | 2 105 | azərbaycanlılar |
1926 | 2 557 | azərbaycanlılar |
2002 | 6 891 | azərbaycanlılar |
2014 | 5 038 | azərbaycanlılar |
1835–1836-cı illərə olan məlumata əsasən kənddə Xudular, Güllər, Yahyalar, İveylər, Qasımlı, Aşırlı, Kovxalı, Hasannı tayfalarından ibarət 120–dən artıq ev olub.[16]
Hüseynqulu Məmməd oğlu Məmmədlinin məlumatlarına əsasən 1920–1921-ci illərdə Gürcüstan SSR qurulana qədər Faxralıda təxminən bu tayfalar yaşayırdılar: Hasanlı, Alqullar, Abış evi, Cimilər, Cananlar, Endirlər, Qazaxlı, Qurbanlılar, Əhmədalılar, Nabadoğulları, Aşırlı, Dərgahlı, Şeşəpapaqlar, Xuduöyü, Daqqalar, Əfgərli, Quyraxlı, Zamanlı, Çöllüöyləri, Vərzalar, Qarabədəllər, Güllər, Hacı Molla Oruclar, Yahyalar, Mollaöyü, Novruzöyü, Keçili, Mahmıdlar, Orucunnu, Bayrışdar, Alməmmədli, Bədəlli, Məməşdər–Teşərələr, Amaşdı, Məsimoğulları, Baləmmətli, Qubuş evləri, Babaşdı, Nəsib öyü, İramazan öyü, Baytallı, Kələli, Hasan öyü, Əhməd öyü, Ayvaz öyü, Şirrətdi, Qasımlı, Şamratdı, Alqazaxlar, İskəndərlər, Tamılar, Göyüşdər, Adgözəllər, Kovxalılar, Nurular, Vəlxanlı, Şahbuzlular, Ayrımlar, Təhlələr, Nağılar, Həvillər, Qalayçılar, Xəlfələr, Sədilər, İmannı, Quşayvazlar, İveylər (Qarammədli və s.), Qəmbərli, Poladlı, Fatoylar, Budaxlı, Kələşdi, Gödəklər…[17]
Hazırda Faxralı kəndində 3[21] azərbaycandilli orta məktəb, 1 stasionar xəstəxana və 1 məscid fəaliyyət göstərir. Sovetlər dövründə istifadəyə verilmiş mədəniyyət klubu 80-ci illərin sonlarında naməlum şəraitdə yandırılmışdır. Bundan başqa kənddə fəaliyyət göstərmiş 2 kitabxana da dağıdılmışdır.[mənbə göstərilməlidir]
Kənddə 3 orta məktəb fəaliyyət göstərir. 2014–2015-ci tədris ili üzrə rəsmi məlumatlara əsasən məktəblərdə bütövlükdə 512 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 68 müəllim məşğul olur.[22][23]
Kənddə 100% dövlət mülkiyyətində olan ambulator xəstəxana yerləşir. Ambulatoriyaya 26 fevral 2010-cu ildən Tahir Bayramov rəhbərlik edir.[24]
Kənd əhalisi əsasən regionun azərbaycanlı subkulturasına xas olan milli və dini bayramları keçirirlər. Bunlardan Novruz Bayramı xüsusi dəbdəbə ilə qeyd edilir. Kəndin coğrafi mövqeyi ilə əlaqədar olaraq Novruz Bayramı ətraf dağ və təpələrdə yandırılan çoxsaylı tonqallarla seçilir.
Yerli əhali 1907-ci ildə tikilən və bir əsrdən çox yaşı olan Faxralı kənd məscidinin yarımçıq qalmış bərpasına 2009-cu ildə başladı. 2009-cu ilin sentyabrın 16-da gürcü fundamental pravoslavlar qrupunun nümayəndələri etnik azərbaycanlıların yaşadığı kənddə məscidin təmirinə yol verməyib. Qrupun üzvləri heç bir hüquqları olmadan kənd sakinlərindən təmir-bərpa işlərinə icazəni tələb ediblər və kənd sakinlərinə bərpa işlərinin davam etdiriləcəyi təqdirdə hədə-qorxu gəliblər. Kənd sakinləri bildiriblər ki, bərpa işləri üçün yerli hakimiyyət orqanından icazə alıblar. Hesabat dövrünün sonunda məscidin təmir-bərpa işləri tamamlanmayıb, belə ki, hökumət tərəfindən rəsmi icazə məsələsi həllini tapmayıb. Fundamental pravoslavlar qrupunun üzvləri məsciddə bərpa işlərinin davam etdirilməməsi üçün məscid yaxınlığında növbə çəkiblər. Qrupa daxil olan Pravoslav Valideynlər Birliyinin sədri təsdiq edib ki, o, məscid ətrafında növbə çəkib.[25]
Vikianbarda Faxralı ilə əlaqəli mediafayllar var. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Gürcüstan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |