Firidun bəy Köçərli (26 yanvar 1863, Şuşa – 5 iyun 1920, Gəncə) — Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi.[2][3][4]
Firidun bəy Köçərli | |
---|---|
Firidun bəy Əhməd bəy oğlu Köçərli | |
![]() | |
Doğum tarixi | 26 yanvar 1863(1863-01-26) |
Doğum yeri | |
Vəfat tarixi | iyun 1920[1] (57 yaşında) |
Vəfat yeri | Gəncə |
Vəfat səbəbi | Güllələnmə |
Həyat yoldaşı | Badisəba Köçərli |
Atası | Əhməd bəy Köçərli |
Təhsili | |
Fəaliyyəti | ədəbi tənqidçi, siyasətçi |
Əsərlərinin dili | Azərbaycan dili |
Mükafatları |
![]() ![]() |
![]() | |
![]() |
Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil almışdır. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur.[5]1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədilə bu məktəbə gəlir və Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparır.[2] 1879–1885-ci illər ərzində o Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır. Təhsil aldığı müddətdə müəllimləri A. O. Çernyayevski və M. Kipiani ilə yaxın münasibət saxlayır.[6]
1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat alır.[7] 1885–1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşımışdır.[8] Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılmışdır. Ona "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələri verilmişdir. 1893–1894-cü illərdə yenidən İrəvan gimnaziyasında fəaliyyət göstərir. 1895-ci ildə isə İrəvan şəhərini tərk edir. Elə həmin ildə Qori Müəllimlər Seminariyasının "tatar şöbəsi"-nin Azərbaycan dili və şəriət müəllimi təyin edilir. 1918-ci ilə qədər Qoridə pedaqoji fəaliyyətini davam etdirir. 1897-ci ildə Vəkilovlar nəslindən olan Badisəba xanım Köçərli ilə ailə həyatı qurur.[9] 1910-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı sonradan isə seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. 1916–1917-ci illərdə seminariyanın Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərmiş, təkliflər irəli sürmüşdür. Siyasi proseslərə qoşularaq, Müsavat partiyasına üzv olmuşdur.[2]
1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürmüş, bunun əsasında Azərbaycan Müəllimlər Seminariyası yaradılmışdır. Firidun bəy Köçərli seminariyanın direktoru təyin olunur. 17 sentyabr tarixindən Qazax Müəllimlər Seminariyasında ilk dərslər başlayır. Sonradan Qazaxda ilk uşaq evi açır. 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilir və İstiqlal bəyannaməsini imzalayır.[10] 1919-cu il fevralın 1-də Müsavat partiyasının səyyar bürosunun Mərkəzi Komitəsinin təşəbbüsü ilə təşkil edilmiş Qazax şöbəsinə sədr seçilir. Sovet işğalına qədər Qazax Müəllimlər Seminariyasına rəhbərlik edir.[6]
1884-cü ildə Qori müəllimlər seminariyasında təhsil alarkən "Təlimi-Sokrat" əsərini yazıb. İrəvan gimnaziyasında çalışdığı illərdə Zöhrabzadə ilə birlikdə "Təlimi-lisani-türkü" adlı dərslik tərtib etmişdir. 1886-cı ildə ilk teatr tamaşasını qoymuşdur. 1890-cı ildə isə İrəvanda "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasını tamaşaya qoyub. 1891-ci ildə "Təlimi-Sokrat" adlı kitabı Bağçasarayda "Tərcüman" mətbəəsində 1892-ci ildə isə A. S. Puşkindən tərcümə etdiyi "Torçu və balıq" mənzum nağılı İrəvan şəhərində kitab halında çapdan çıxmışdır. M. Y. Lermontovun "Üç xurma ağacı" və A. Koltsovun "A kişi, niyə yatıbsan?" şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap edilmişdir.[11] "Tatar komediyaları" adlı ilk elmi məqaləsi "Novoye obozreniye" qəzetində dərc olunmuşdur. 1898-ci ildə "Ərəb əlifbası və onun qüsurları" silsilə məqaləsi "Qafqaz" qəzetində dərc olunur. 1900-cü ildə Müəllimlər Seminariyasının Ümumdünya Paris sərgisində Qori Seminariyasından nümayiş etdirilən eksponatlar sırasına F. Köçərlinin kitabları da daxil edilir. 1903-cü ildə Tiflisdə "Azərbaycan tatarlarının ədəbiyyatı" kitabı rus dilində çap edilir. Elə həmin ildə M. F. Axundovun "Aldanmış kəvakib" povestini rus dilinə çevirir. 1904-cü ildə A. P. Çexovun "At familiyası" hekayəsini tərcümə edib, kiçik bir müqəddimə ilə "Şərqi-Rus" qəzetində dərc etdirir.[6] 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlamasını təqdir edərək, jurnalın birinci üç aylıq fəaliyyəti barədə icmal hazırlayıb, "Tiflisskiy listok" qəzetində dərc etdirir. "İrşad" qəzetində "Bir darülmüəllimin kifayətdir" adlı məqalə ilə çıxış edərək, Azərbaycanda müstəqil Müəllimlər Seminariyası yaradılması məsələsini qaldırır. Cəlil Məmmədquluzadənin "Usta Zeynal" kitabçası haqqında eyniadlı məqaləni "Znaniye" qəzetində çap etdirir. 1911-ci ildə M. F. Axundzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə Tiflisdə keçirilən təntənəli yığıncaqda məruzə ilə çıxış edib. "Mirzə Fətəli Axundov" adlı kitabı çap olunub.[12] 1912-ci ildə uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı Bakıda "Kaspi" mətbəəsində çap olunur. 1913-cü ildə yazdığı "Azərbaycan ədəbiyyatı tarixi" adlı üç cildlik əsərini tamamlamışdır.[13] 1920-ci ildə "Vətən dili"nin I hissəsinin yenidən işlənməsində xidmətləri olmuşdur. Onlarla dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını zənginləşdirmişdir. Ölümündən sonra 1925-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının I hissəsi 1926-cı ildə isə kitabın II hissəsi çap edilmişdir.[13] Uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı isə 1967,1972 və 2013-cü illərdə çap edilmişdir.[2]
1920-ci ilin mayında Qazax kommunistləri Köçərlini və digər Müsavat funksionerlərini "xalqa xəyanətdə", "milli nifaq törətməkdə", "torpaq və mülk zəbt etməkdə", general-qubernator Ə. Xoyskinin etibarlı şəxsləri olmaqda ittiham etdilər.[2] Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən, ədib həbs olunmuş, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi xüsusi şöbəsində şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarılmışdır. Qərar 7-ci xüsusi bölmənin rəisi Liberman və fövqəladə komissar Həmid Sultanov tərəfindən təsdiq edilmiş, hökm yerinə yetirilmişdir.[14][15]
Güllələnmə haqqında çıxarılmış qərar:[16]
Mən, iyirminci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda Müsavat partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir... Məttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər.
Qərara alınır: müttəhim Köçərlinski güllələnsin. Təsdiq edirəm: 7№-li Xüsusi bölmənin rəisi Liberman Təsdiq edirəm: Fövqəladə komissar H.Sultanov. |
1899-cu ildə III dərəcəli "Müqəddəs Anna" ordeni ilə 1902-ci ildə isə II dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir.[2]
Firudin bəyin irsinin araşdırılması, Azərbaycan Milli Hərəkatı ilə əlaqəsinin olmasına görə sovet dövründə xüsusən də Stalinin hakimiyyəti dövründə demək olar ki mümkünsüz idi. İlk dəfə 1957-ci ildə Bəkir Nəbiyev onun irsini araşdırmışdır. O, arxiv materialları toplayaraq Firudin bəyin sağ qalan tələbələri ilə görüşərək 1960-cı ildə "F. Köçərlinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.[17] 12 sentyabr 1967-ci ildən Respublika Uşaq Kitabxanası Firidun bəy Köçərlinin adını daşıyır.[18] 2013-cü ildə Firudin bəy Köçərlinin anadan olmasının 150 illik yubileyi keçirilmişdir.[19]
Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan fot olar, ondan bir nişan qalmaz.[2] |
Əgər bir xalqı məhv etmək, onu adam toplusuna çevirmək istəyirsinizsə, müəllimini savadsız, həkimini isə kəmsavad eləyin. Biri onun başını, o biri canını zay eləsin. |
Müəllimlik ağırdır, ancaq pak və müqəddəs xidmətdir. Seminariyada aldığınız elm və tərbiyəni elə yüksək və hündür məqamda saxlayın ki, nuru ətrafı da işıqlandıra bilsin. |
Hər bir xalqın maddi yoxsulluğu, iqtisadi düşkünlüyü onun zehni yoxsulluğunun, mənəvi düşkünlüyünün nəticəsində meydana çıxır. |
Mən, balalara hədiyyə olmaq üçün xalqımızın yaratdığı nağıl və hekayələrdən, məsəl və tapmacalardan və bir çox mənzumələri toplayıb bu kitabı tərtib etdim ki, onlar unudulub xatirələrdən çıxmasın. |
Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və Vətənini sevdiyi kimi, ana dilini də sevir. |
Əsl ədəbiyyat həyati həqiqətləri əks etdirməklə yanaşı cəmiyyəti, xalqı qabaqcıl ideyalarla silahlandırmalıdır, onun azadlıq mübarizəsinə kömək etməlidir: həqiqi şair millət və Vətən yolunda canlar fəda etmək lazım isə vətən oğlanlarının ürəyinə yandırıcı od salıb, onları hər qisim fədakarlığa və cannisarlığa şövqmənd etməlidir. |
Nə qədər bir qövm və tayfa elmsiz və mərifətsiz olsa, bir o qədər onun ədəbiyyatı zəif və biməzmun olacaqdır. Hətta çox tayfalar vardır ki ədəbiyyat nə olduğunu bilməzlər. Bunlar dünya üzündə çox müddət yaşamayıb puç və zay olurlar. Tərəqqi və səadət fikrində olan və ədəbi zindəganlıq arzusuna düşən qövm və millət gərəkdir ən əvvəl öz ana dilinin vüssət və qüvvət tapmağına səy və himmət göstərsin və ədəbiyyati-milliyəsinin asari-nəfisə və təsnifati-məmduhə ilə zənginləşdirsin. |
Ey qardaşlar, həyatın qədrini biliniz, oyanınız, hərəkət ediniz, qapı-bacalarınızı açınız, evinizə işıq düşsün, üfunətli və ağır havası dəyişilsin. Gözlərinizin tozunu silib diqqət ilə ətrafa baxınız, hər kəs işləyir, çalışır, həyatdan nəfbərdar olur. |
Biz dilimizi bilmirik və bunda təqsir bizdədir, dilimizdə deyil. Fars və ərəbə meyil və rəğbətimiz o qədər çox olubdur ki, öz dilimizdə olan sözləri atıb əvəzinə əcnəbi dillərin qəliz ibarələrini və sözlərini götürmüşük və götürdüyümüz sözləri və ibarələri öz dilimizin şivəsinə uydurmayıb eyni halı ilə dilimizə qarışdırmışıq və nəqabil pinəçilər kimi əlimizə hər nə düşübsə, paltarımıza yamamışıq. Bizim qəzetlərdə çap olunan məqalələr, teleqram tərcümələri, hətta elanlar o qədər dolaşıq və çətin dildə yazılır ki, oxuyanlar başa düşməyir və başa düşmədikləri halda qəzetə oxumaqdan rəğbətləri kəsilir. Dilin şivəsini itirmək və üslubunu pozmaq böyük fəsaddır. Mərhum Həsənbəy Məlikovun “Əkinçi” qəzetinin nömrələri əlinizə düşsə, oxuyub bu mətləbin barəsində bir az fikir eləyin[2]. |
Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının tədqiqiylə yeganə məşğul bulunan qiymətdar bir mühərrir, müəllim və alim idi. |
Firidun bəy Köçərli folkloru cameədəki insanların tərbiyəsi, ayılması və savadlanması üçün mühüm vasitələrdən hesab edirdi, ona görə də xalq ədəbiyyatının toplanması və nəşri üçün çalışırdı. |
Firidun bəyin təkcə bir müəllim kimi deyil, həm də öz xalqının ədəbiyyatını sevən alovlu vətəndaş kimi Azərbaycan ədəbiyyatını təbliğ etməsi mənim qəlbimdə nəcib hisslər oyadırdı. Firidun bəy haqqında hamı belə fikirdə idi ki, o son dərəcə böyük adamdır. Böyüklüyü də ondadır ki, doğulduğu torpağa, mənsub olduğu xalqa – onun ədəbiyyatına ideal dərəcədə sadiqdir. |
Firidun bəy Köçərli ən müqtədir, ən sevgili ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaqla bütün keçmişimizi diriltdi. Şairlərimizin ülvi ruhlarını canlandırdı və həyatifikriyyəmizi təbii yoluna saldı. Çox heyf ki, Firidun bəy həzrətlərinin çox az əsərləri oxuculara mal oldu. Ən guzidəsi “Azərbaycan türklərinin ədəbiyyat tarixi” hələ təb olunmayıb qalır. Bu kitabı şərqşünas bir əcnəbi yazsa idi Avropada onun ilə böyük ad qazanardı. Görəsən bəs bizim aramızda Firidun bəy Köçərli cənabları kimi adamların əmələ gəlməsini niyə şux və həvəs ilə qarşılamırıq? |
Firidun bəyin ədəbiyyat tədqiqatı Azərbaycan ədəbiyyatşünaslığı üçün çox qiymətli və tarixi xidmətdir. Onun sayəsində qədim dövrün bir çox şairləri və əsərləri meydana çıxarılıb xalqa tanıdılmışdır. Yenə onun tədqiqatı sayəsində böyük-kiçik Azərbaycan şairləri haqqında, vaxtında ilk təsəvvür hasil edilmişdir. Onun əsərləri uzun illər qədim ədəbiyyat tarixçiləri üçün mənbə və vəsait olmuşdur. Bir institutun görə bilmədiyi işi F.B.Köçərli təkbaşına görmüşdür. |
Ədəbi ictimaiyyətimizin Köçərli yaradıcılığı ilə yaxından maraqlanması tamamilə təbiidir. Çünki XIX əsrin sonu, XX əsrin birinci rübündə geniş ədəbi, ictimai, elmi-pedaqoji fəaliyyət göstərmiş Köçərlinin zəngin irsi ədəbiyyatımızın həmin dövrü haqqında geniş təsəvvür yarada bilən qiymətli mənbələrdəndir. Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatşünaslığı tarixində ilk dəfə olaraq ədib və şairlərimizin böyük bir qismini əhatə edən ədəbiyyat tarixini yazmışdır. Bu əsərdə 129 şairin ədəbi irsi və onlardan böyük bir qisminin tərcümeyi-halı verilmiş, əsərləri haqqında orijinal fikirlər söylənmişdir. Firidun bəy Köçərlinin həm tənqidi məqalələrində, həm də tədqiqatçılıq fəaliyyətində bariz şəkildə nəzərə çarpan xüsusiyyətlərdən biri və demək olar ki, ən başlıcası, onun müasirlik problemini həmişə diqqət mərkəzində saxlamasıdır. |
Firidun bəy Köçərlinin gələcək haqqında sağlam bir romantikası vardı. O, bəzən üzünü sinfə tutaraq, uşaqlara yanıqlı bir səslə deyərdi ki, sizə baxarkən mən Azərbaycan xalqının günəşli gələcəyini təmin edəcək xoşbəxtlər nəslini görürəm. Oxuyun, balalarım, xalqımızın nicat yollarında ona dayaq olun. |
Firidun bəy Köçərli mənim qəlbimdə həssas bir insan, qərəzsiz ədəbiyyatçı, yorulmaz bir maarifçi kimi əbədi iz buraxmışdır. Bizim el ədəbiyyatımız o qədər vüsətlidir ki, onu yazmaqla qurtaracaq şeylərdən deyil. Millətimizin istedad və məharəti-fitrilərinə və əhvali-ruhiyyəsinə aşina olmaq istəyənlər möhtərəm Firidun bəy Köçərlinin “Balalara hədiyyə” kitabçasında istifadə edə bilərlər. O, camaatımızın arasından nağıl, məsəl, tapmaca və şeirləri bir yerə toplamaqla körpələrimizə böyük hədiyyə etmişdir[2][7]. |