Geokimyəvi modelləşdirmə və ya nəzəri geokimya — geoloji sistemlərə təsir edən kimyəvi reaksiyaları təhlil etmək üçün əsasən kompüterin köməyi ilə kimyəvi termodinamika, kimyəvi kinetika və ya hər ikisinin istifadə edilməsi. Bu təcrübədən yüksək temperaturlu geokimyada Yerin daxili hissəsində, məsələn, maqmada baş verən reaksiyaları simulyasiya etmək və ya Yer səthinə yaxın sulu məhlullarda baş verən aşağı temperaturlu reaksiyaları modelləşdirmək üçün istifadə olunur.
Geokimyəvi modelləşdirmə müxtəlif sahələrdə, o cümlədən ətraf mühitin mühafizəsi və bərpası,[1] neft sənayesi və iqtisadi geologiyada istifadə olunur.[2] Bu təcrübədən təbii suların tərkibini; axan yeraltı və ya səth sularında çirkləndiricilərin hərəkətliliyi və parçalanmasını; torpaqdakı qidalandırıcı maddələrin və bərk tullantılardakı ağır metalların ion spesifikasiyasını; sənaye tullantılarının, buxarın və ya karbon qazının nüfuzu səbəbi ilə geoloji birləşmələrdə süxurların və mineralların formalaşması və parçlanamasını; dəniz suyunda karbon qazının həlli və onun okeanların turşulaşmasına təsirini; və mədən tullantıları səbəbi ilə turşulu suların yaranması və metalların yuyulmasını anlamaq üçün istifadə edilə bilər.
Kimyəvi modelləşdirməni geokimiyaya ilk dəfə 1962-ci ildə Qarrels və Tompson 25°C və bir atmosfer təzyiqində tətbiq etdilər. 1967-ci ildə Qarrels və Makkenzi bulaq suyundan kiçik miqdarda hissələr götürərək və su buxarlandıqca kimyəvi növlərin paylanmasını təkrar-təkrar hesablayaraq prosesdə baş verən kimyəvi reaksiyaları simulyasiya etdilər.[3]
1968-ci ildə Helgeson tarazlıq və reaksiya yolu modellərini həll etmək üçün ilk kompüter proqramını təqdim etdi.[4] O və həmkarları bu proqramdan havanın təsiri ilə aşınma, çökmə diagenezi, buxarlanma, hidrotermal dəyişikliklər və filiz çökməsi kimi geoloji prosesləri modelləşdirmək üçün istifadə etmişdilər.[5] Sonrakı dövrlərdə geokimyəvi modelləşdirmə sahəsində əsas tənliklərin yenidən formalaşdırılması baş verdi: əvvəlcə bu tənliklər adi diferensial tənliklər kimi, daha sonra isə cəbr tənlikləri kimi ifadə olundu. Həmçinin kimyəvi komponentlər modellərdə ayrı-ayrı elementlər və elektronlar kimi deyil, suda həll olunan növlər, minerallar və qazlar şəklində təqdim olunmağa başladı. Bu yanaşma idarəedici tənlikləri və onların rəqəmsal həllini sadələşdirdi.[2]
Fərdi kompüterlər və modelləşdirmə proqramlarındakı son təkmilləşdirmələr geokimyəvi modelləri daha əlçatan və onların həyata keçirilməsini daha çevik edib.[6] Geokimyaçılar indi öz noutbuklarında mürəkkəb reaksiya yolunu və ya əvvəllər superkompüter tələb edən reaktiv hərəkət modellərini qura bilirlər.[7]