III Henrinin ağ ayısı – 1252-ci ildə Norveç kralı IV Hakon tərəfindən İngiltərə kralı III Henriyə hədiyyə kimi verilmiş ayı. Ayının dəqiq kimliyi məlum deyil, lakin qütb ayısı olduğu güman olunur. Henri ayını London qəsrindəki Kral Heyvanxanasında saxlayırdı. Ayı qəsr ərazisində dolaşdırılırdı və 1253-cü ildə kralın verdiyi əmr ilə Temza çayında üzdürülürdü. Ayı şəhərin populyar attraksionlarından birinə çevrilmişdir və növbəti monarxlar da bənzər ayılar saxlamışdırlar.
Əvvəlki monarxlar London qəsrində ekzotik heyvanlar saxlasalar da, heyvanları daimi olaraq saxlamaq üçün Kral Heyvanxanasının əsasını qoyan şəxs III Henri olmuşdur. Heyvanxanada saxlanılmış ilk heyvanlar üç "bəbir" olmuşdur, lakin orta əsrlərdə bu söz daha geniş mənada işlənirdi və onların 1235-ci ildə Müqəddəs Roma imperatoru II Fridrixin Henrinin bacısı İngiltərəli İzabella ilə evlənməsi münasibətilə hədiyyə etdiyi şirlər olduğu güman olunur. Heyvanxana 1834-cü ilə qədər fəaliyyət göstərmiş, heyvanların rifahı barədə narahatlıqlar səbəbilə bağlanmışdır.[1][2]
"Açıq rəngli" və ya "ağ" ayı kimi təsvir olunan heyvan 1252-ci ildə Norveç kralı IV Hakon tərəfindən hədiyyə kimi verilmişdir.[2][3] Heyvanın dəqiq növü bilinmir, lakin qütb ayısı olduğu güman olunur.[3] Qütb ayıları XIX əsrə qədər Britaniyada ağ ayılar kimi tanınırdı.[4] Qeyri-adi rəngli Avrasiya qəhvəyi ayısının hədiyyə kimi verilməsinin ehtimalı çox az idi. Digər bir ehtimal ayının Cənubi Qafqaz ayısı olmasıdır, lakin həmin Hakon həmin dövrdə II Frixrixə də "ağ ayı" hədiyyə etmişdi və II Fridrixin hökmranlıq etdiyi ərazilərdə bu ayıya rast gəlmək mümkün idi.[5]
Qütb ayılarının Norveçdə və Baltikdəki populyasiyaları X əsrə qədər məhv olmuşdur. Ayının drift edən buzun üzərində Norveçə çatdığı və ya Hakon tərəfindən Qrenlandiyadan gətirildiyi güman olunur.[4][6] Ağ ayı Norveç tarixində vacib krallıq simvolu olmuşdur və hədiyyə diplomatik əhəmiyyət daşıyırdı. Ayının fərdi adının olub-olmadığı məlum deyil.[3]
Ağ ayı London qəsrindəki heyvanxanada saxlanılırdı və baxıcısı onu mütəmadi olaraq qəsr ərazisində dolaşdırırdı.[5] Henri ayının baxım xərclərindən şoka düşmüşdü və ayının baxımını London şeriflərinə tapşırmışdır.[7][8] Henrinin 13 sentyabr 1252-ci ildə bu barədə verdiyi əmr 29 sentyabrda şeriflərə təbliğ olunmuşdur.[9] Şeriflərin gündəlik verdikləri 4 souluq müavinət ayının baxımı üçün kifayət etmirdi. Şeriflər ayının norveçli baxıcısını geyimlə təmin etməkdən də məsul idilər.[3]
Henri ayının ehtiyaclarının yaxşı təmin olunmamasından narahat olmuşvə 30 oktyabr 1253-cü ildə şeriflərə yeni əmr vermişdir.[9] O, ayının qəsrin xaricində gəzməsi üçün ağızlıq və zəncirin hazırlanmasını əmr etmiş, Temza çayında üzməsi, çimməsi və balıq tutması üçün icazə vermişdir.[3] Baxım xərcləri gündəlik 6 pensə qaldırılmışdır.[10] Ayı hər gün Temza çayına aparılırdı və burada nərə ilə qızılbalıq tuturdu. Şəhər əhalisi ayını görmək üçün çaya axın edirdi. Ayının hərəkətini asanlaşdırmaq üçün yaxınlıqdakı yollarda hərəkət dayandırılırdı.[11][3]
Ayı şəhərin populyar attraksionlarından birinə çevrilmişdir və onun heyvanxanadakı populyarlığı Fransa kralı IX Lüdovik tərəfindən hədiyyə edilmiş bir filin gəlişinə qədər davam etmişdir.[3] Qəsr qeydlərində 1287-ci ildə Linn adlı başqa bir ağ ayının gətirilməsi barədə məlumat yer alır. Bu ayının Svalbardda tutulduğu və Henrinin orijinal ayısını əvəz etmək üçün gətirildiyi güman olunur.[5] 1549-cu ilə qədər heyvanxanada başqa bir ağ ayı da saxlanılmışdır.[12] I Ceyms 1609-cu ildə iki qütb ayısı balası əldə etmiş və onları ayı bağçasında saxlamışdır.[13] Ağ ayı və onu əvəz edən digər ayılar bir çox pabın "The White Bear" adını qəbul etməsinə səbəb olmuşdur.[11][12]