Şükürov Kərim Kərəm oğlu (10 may 1956, Bərdə) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru[1], institutun Elmi Şurasının sədri, Azərbaycan Turizm və Menecment Universitetinin professoru, [2] Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin üzvü. [3] Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq İran və Rusiya imperiyası arasında əhalinin miqrasiyasının hüquqi-siyasi məsələlərini, miqrantların dinamikası və yerləşməsi məsələlərini, əhalinin öyrənilməsinin mənbələri və tarixşünaslığını, Azərbaycanın tarixi demoqrafiyasını tədqiq etmişdir.[4]
Kərim Şükürov | |
---|---|
![]() | |
Doğum tarixi | 10 may 1956(1956-05-10) (69 yaş) |
Doğum yeri | |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | professor |
İş yerləri | |
Təhsili | |
Mükafatları |
![]() ![]() |
Kərim Şükürov 1956-cı il may ayının 10–da Bərdə rayonunda anadan olub. Ailədə 6 uşaq olublar. Bu uşaqların 3-cüsü Kərim Şükürov olmuşdur. Atası ticarətlə məşğul olsa da mütaliəyə marağı olmuş şəxs idi, o, boş vaxtlarında dünya və Azərbaycan ədəbiyyatına dair kitablar oxuyardı. Evdəki bu mühit Kərim Şükürovda da kitaba böyük maraq oyatmışdır:
"Yadımdadır, rayon kitab mağazalarına gələn kitabların böyük əksəriyyətini mən alardım. Bu gün evində zəngin kitabxanası olanlardan biri də mənəm və o vaxtlardan bu günə çatan kitablarımın orada öz yeri indi də var. İnsanın bir fərd olaraq yetişməyində ailənin böyük rolu var və həmişə valideynlərimi böyük ehtiramla yad edirəm, onların fikirlərini, tövsiyələrini bu gün də bir əsas hesab edirəm."[5]
1962-ci ildə Bərdə şəhər 1 № li orta məktəbin birinci sinifinə gedib, 1972-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1977-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurub.
Məktəbdə riyaziyyat təmayüllü sinifdə oxusa da humanitar fənlərə böyük marağı olub. Universiteti bitirdikdən sonra sevdiyi peşə - müəllimliklə məşğul olmuşdur. 1977–1980-ci illərdə Bərdə şəhər 1 № li orta məktəbində müəllim, direktor müavini, Bərdə rayon komsomol komitəsinin ikinci katibi işləyib. Bərdə şəhər sovetinin deputatı seçilib.
1980-ci ilin sentyabrında BDU-nun aspiranturasına (istehsalatdan ayrılmaqla) daxil olub, eyni zamanda universitetdə pedaqoji fəaliyyətə başlayıb. 1983-cü ildə aspiranturanı bitirdikdən sonra universitetə müəllim təyin olunub. Əvvəlcə (1983–1989) SSRİ tarixi (oktyabraqədərki dövr), sonra (1989-cu ildən) Azərbaycan tarixi kafedrasında pedaqoji fəaliyyətini davam etdirib. Azərbaycanın tarixi demoqrafiyası Elmi-Tədqiqat laboratoriyasının təşkilatçılarından olub, ona rəhbərlik edib. Hazırda AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, Azərbaycan Turizm və Menecment Universitetinin professorudur. "Visions of Azerbaijan" jurnalının məsləhətçi redaktorudur.[6]
1984-cü ildə namizədlik (fəlsəfə doktoru), 2007-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. On bir kitab və monoqrafiyanın, yüzdən çox məqalənin müəllifidir. "Azərbaycan əhalisi haqqında ədəbiyyat. Biblioqrafik göstərici." (Bakı, 1994), "Türk xalqları XVI–XX yüzilliklərdə: say dinamikası (Çar Rusiyası və Sovetlər İttifaqı üzrə)" (Bakı, 1997), "Azərbaycan tarixi. Üç hissədə", I–II hissələr (Bakı, 1994–2004), "Azərbaycan əhalisi: öyrənilməsi tarixi və qaynaqları (qədim zamanlardan müasir dövrədək)" (Bakı, 2004), "Türkmənçay – 1828. Tarixi xronika" (Bakı, 2006), "Qarabağ: real tarix, faktlar və sənədlər" (Bakı, 2005, Yaqub Mahmudovla birgə), "Naxçıvan: tarixi və abidələri", (Bakı, 2007, Y. Mahmudovla birgə) kitabları çap edilmişdir.
Kitab və məqalələri Azərbaycan dili ilə birgə rus, ingilis, alman, ərəb və fars dillərində nəşr edilmişdir.
Respublika elmi konfransları ilə birgə Ankara (1994, 1997), Lefkoşa (1995), Praqa (1996, 1999), Naxçıvan (2006), Bakı (2007), Qars (2007), Berlin (2008) və başqa beynəlxalq konfranslarda da iştirak edib.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Siyasi elmlər üzrə Ekspert şurasının üzvü və AMEA-nın Tarix İnstitutunun Elmi Şurasının sədridir.
Tarix elminin təbliği sahəsində də geniş iş aparır. AzTV-də həftəlik "Azərbaycan tarixi" verilişinin aparıcısıdır.
Azərbaycanın ictimai-siyasi həyatında da fəal iştirak edir. Azərbaycanda Həmkarlar İttifaqı hərəkatında xidmətlərinə görə AHİK İcraiyyə Komitəsinin 10 aprel 2008-ci il tarixli qərarı ilə "yubiley medalı" ilə təltif olunub.
"METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın "Tarix, Arxeologiya və Antropologiya" üzrə redaksiya heyətinin üzvüdür.[7]
Alimin tarix elminin müxtəlif problemlərinə dair xeyli sayda kitab və məqalələri mövcuddur.[8]
1995-ci il parlament seçkilərində Kərim Şükürov Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 12-ci sırada olmuşdur.[9] Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur.[10] Beləliklə, Kərim Şükürov deputat seçilə bilməmişdir.
— Azərbaycan Respublikasının Dövlət Mükafatı[11]
Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının qərarı ilə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanı təqdim edilmişdir.[12]
— "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.[13]
Rusiya Fəlsəfə və Hüquq İnstitutunun təsis etdiyi “Akademik Cahangir Kərimov” adına döş nişanı.[14]
2021-ci ili, mayın 10-da Azərbaycan tarixçisi, professor Kərim Şükürovun 65 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən virtual sərgi açılmışdır. Virtual sərgidə alim haqqında məlumat, mükafatları, müəllifi, tərtibçisi, redaktoru olduğu kitablar, müsahibələri, məqalələri və fotolar nümayiş olunur.[15]