Kitab əl–buldan (ərəb. كتاب البلدان; azərb. Ölkələr haqqında kitab[1]; ing. Book of Countries[2]) — IX əsr ərəb tarixçisi və coğrafiyyaşünas–səyyahı Əbül–Abbas Əhməd ibn Əbu Yaqub ibn Cəfər Vəhb ibn Vadih əl–Katib əl–Abbasi əl–Yaqubi tərəfindən yazılması hicri təqvimlə təqribən 278–ci (miladi 891–ci) və ya 292–ci (miladi 905–ci) ildə sona çatdırılmış ümumi coğrafiya əsəri.[3][4][5][6][7][2] Abbasilər xilafətinin məmurları üçün nəzərdə tutulmuşdu.[8]
Akademik İ. Y. Kraçkovskinin qeydlərinə əsasən əsərin iki əlyazması məlumdur: birincisi Sankt-Peterburq Dövlət Universitetinin[q 1] professoru A. O. Muxlinski (rus. Антон Осипович Мухлинский; d. 1808 – ö. 1877) tərəfindən Misirdə aşkarlanmışdır və Münhendə Bavariya Dövlət Kitabxanasında (alm. Bayerische Staatsbibliothek) saxlanılır, ikincisi isə alman ərəbşünas F. Kern (alm. Friedrich Kern; d. 1874 – ö. 1921) tərəfindən aşkarlanmışdır və Berlin Dövlət Kitabxanasında[q 2] (alm. Staatsbibliothek zu Berlin) saxlanılır.[5][9] Bundan əlavə Qahirədə yerləşən Ərəb Liqasının Ərəb Əlyazmaları İnstitutunda Kitab əl–buldan əlyazmasının mikrofilmi saxlanılır; mikrofilmdəki əlyazma haqqında məlumatda qeyd edilir ki, əlyazma orijinal əsərin Yusuf ibn Əbd Allah əl–Dirini tərəfindən 1705–ci ildə təqribən noyabr–dekabr ayları aralığında (hicri təqvimlə 1117–ci ilin şaban ayı) üzü köçürülmüş nüsxəsidir və 72 vərəqdən ibarətdir.[10] Muxlinskinin aşkarladığı əlyazma daha yaxşı öyrənilmişdir[5]: həmin əlyazma miladi 1262–ci ildə Əli ibn Əbu Məhəmməd əl–Kindi əl–Anmati tərəfindən istinsah edilmişdir.[11]
1860-cı ildə holland əsilli ərəbşünas Maykl Yan dö Xuye (nid. Michael Jan de Goeje; d. 1836 – ö. 1909) əsərin ərəbcə mətninin əl-Məğrib başlığının böyük bir qismini latınca tərcümə və qeydlərlə Leydendə nəşr etdirdi.[q 3][12][13] 1861–ci ildə isə başqa bir holland tədqiqatçı, ərəbşünas Teodor Villem Yohannes Yəynbol (nid. Theodoor Willem Johannes Juynboll; d. 1802 – ö. 1861) mətnin tamamını[q 4] ərəb dilində, kitabın adı və girişi latın dilində olmaqla Leyden şəhərində nəşr etdirdi.[12][13] Maykl Yan dö Xuye 1892–ci ildə əsərin tam mətnini orijinal dilində yenidən nəşr etdirdi.[q 5][13][14] Kitabın adını və giriş qismini latın dilində təqdim edən M. Y. Xuye əhatəli sətiraltı qeydlər verə bilmək üçün orta əsrlərin digər ərəb müəlliflərinin əsərlərindən istifadə etmişdir.[13]
Maykl Yan dö Xuyenin nəşrindən istifadə edən rus şərqşünas Nikolay Aleksandroviç Karaulov (rus. Николай Александрович Караулов) Kitab əl-buldanın Qafqaza, Ərəməniyyəyə və Azərbaycana aid hissələrini rus dilinə tərcümə etdi və bu tərcümə "Qafqazın yerlərinin və tayfalarının təsviri üçün materiallar toplusu" məcmuəsinin 1903–cü ildə işıq üzü görən 32–ci buraxılışında nəşr edildi.[4] Bəzi hissələri istisna olmaqla əsərin tam mətni XIX yüzildə Avropa dillərindən heç birinə tərcümə edilməmişdi. Yalnız 1937–ci ildə Qahirədə əsərin Qəstun Vayit (fr. Gaston Wiét) tərəfindən fransız dilinə tərcümə edilmiş tam mətni nəşr edildi.[q 6] XIX və XX əsrlərdə əsərin ayrı–ayrı hissələri rus dilinə tərcümə edilsə də tam mətn halında tərcüməsi və nəşri gerçəkləşməmişdi. Tarixi-Yaqubidən Qafqaz və Azərbaycanla bağlı hissələr Panteleymon Juze tərəfindən rus dilinə tərcümə edilərək 1927–ci ildə Bakıda nəşr edilsə də Kitab əl–buldanda olan məlumatlar tərcümə edilməmişdi.[15][16][q 7] Əsər Murat Ağarı tərəfindən türk dilinə tərcümə edildi və 2002–ci ildə İstanbulda nəşr etdirildi.[q 8] Kitab əl–buldanda Qafqaza aid hissələr 2008–ci ildə tarix üzrə fəlsəfə doktoru Elmira Əlizadə[q 9] tərəfindən azərbaycan dilinə tərcümə edildi.[17] Əsərin rus dilinə tam tərcüməsi isə ilk dəfə olaraq L. A. Semyonova tərəfindən gerçəkləşdirildi və bu tərcümə 2011–ci ildə Moskvada işıq üzü gördü. L. A. Semyonova rus dilinə tərcüməni orijinal mətnin Maykl Yan de Xuye tərəfindən 1892–ci ildə gerçəkləşdirilmiş nəşrindən etmişdir.[13]