Leyla Rəsulzadə (doğum adı: Vanda Rozanska (pol. Wanda Różańska[1]); 23 iyun 1895, Varşava – 21 may 1974, Ankara) — polyak pedaqoq, Məhəmməd Əmin Rəsulzadənin ikinci həyat yoldaşı. O, həyat yoldaşı ilə birlikdə mühacirət dövrünü yaşamış və onun siyasi mübarizəsində mənəvi dəstəkçisi olmuşdur.
Leyla Rəsulzadə | |
---|---|
pol. Wanda Różańska | |
![]() Leyla Rəsulzadə və həyat yoldaşı Məhəmməd Əmin Rəsulzadə | |
Doğum tarixi | 23 iyun 1895(1895-06-23) |
Doğum yeri | |
Vəfat tarixi | 21 may 1974(1974-05-21) (78 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı |
|
Təhsili | |
Fəaliyyəti | müəllimə, kitabxanaçı |
![]() |
Vanda Rozanska 23 iyun 1895-ci ildə[2][3] Varşavada[4] anadan olmuşdur. Atasının adı Yan, anasının adı isə Anila idi.[1][3] O, Varşava Universitetinin fransız filologiyası fakültəsini bitirmişdir. Tələbəlik illərində inqilabi fəaliyyətlə məşğul olmuş və özünü "inqilabçı" adlandırmışdır. Bu dövrdə o, sosialist ideyalarına maraq göstərmiş və siyasi hərəkatlarda iştirak etmişdir. Onun Polşanın görkəmli dövlət xadimi Yuzef Pilsudski ilə qohum bağları olması təqziblənir.[5][6][7]
Vanda Rozanska Parisdə Məhəmməd Əmin Rəsulzadə ilə tanış olmuşdur.[mənbə göstərilməlidir] Onların arasında dərin bir sevgi və hörmət yaranmışdır. Onlar 3 may 1936-cı ildə Parisdə evlənmişdilər.[3] Evləndikdən sonra Vanda xanımın adının Leyla olaraq dəyişdirilsə də, onun İslamı qəbul etmədiyi qeyd edilir. Məhəmməd Əmin Rəsulzadə ona "Leyli və Məcnun" poemasından ilhamlanaraq, "Leyla" deyə müraciət edirdi.[8][9] Adını dəyişdirdiyinə baxmayaraq, Leyla Rəsulzadə xristian katolik dini baxışlarına sadiq qalmışdı. Dindar olmasa da, həftə sonları İtalya səfirliyinin bağçasındakı katolik kilsəsinə dua etməyə gedirdi.[10]
Evləndikdən sonra cütlük Polşada yaşamışdır. 1939-cu ildə İkinci Dünya müharibəsi başlaması ilə M. Ə. Rəsulzadə almanların və rusların əlinə düşməmək üçün 6 sentyabr 1939-da təcili olaraq Rumıniyaya keçmişdir. Rəsulzadənin pasportu olmadığı üçün Buxarestə, Türkiyənin Rumıniyadakı səfiri, köhnə dostu Hamdulla Sübhi Tanrıövərə sığınmışdır.[11] Leyla Rəsulzadə isə ailəsi ilə alman işğalçılarına qarşı aparılan müstəqillik mübarizəsinə qatılmışdı. Vərəqələrin hazırlanması və toplanması üçün ən uyğun yer onların evi seçmişdi. Lakin Leyla xanımın bacısının əri gestapo tərəfindən həbs edilib öldürüldükdən sonra, o da Polşadan qaçaraq Rumıniyada məskunlaşır.[5][12]
1944-cü ildə Sovet ordusu artıq cəbhəni yarıb Qərb istiqamətində irəliləyirdi. Rumıniyaya yaxınlaşdıqlarını gördükdə Rəsulzadələr müharibədə neytrallığını saxlayan İsveçrəyə keçmək istəyirlər. Lakin İsveçrə sərhəd qoşunları sərhədi keçməyə icazə vermir. Məhəmməd Əmin Rəsulzadənin xilas edən onun həyat yoldaşı Vanda xanımın göz yaşları olur. 1968-ci ildə Edmund Xaraşkeviçə yazdığı məktubunda bu hadisəni belə xatırlayırdı:[5]
![]() |
İsveçrəyə daxil ola bilmədik (vizamızın olmasına baxmayaraq). Hər yeri atəş bürümüşdü. Ona görə özümüz öz həyatımızı xilas edərək dərbədər gəzirdik. Frayburq-im-Braysqauda xəstəxanada azərbaycanlı bir həkim tapıldı, bizə kömək edirdi. Lakin sonra Reyndən keçid başladı, özüm bu "inanılmaz" möcüzələrə inana bilmirəm ki, sağ-salamat çıxdıq.
Sonra isə müttəfiqlərin "qardaşlaşması" başladı. Yoldaşım "mütləq doğma Bakıya qayıtmalı idi". Və yalnnız onun polyak həyat yoldaşının inanılmaz ah-naləsi amerikalı zabitin ürəyinə toxundu və ayrılmadıq. |
![]() |
1947-ci ildə cütlük Türkiyəyə köçmüş və Ankarada məskunlaşmışdır. Onların övladı olmamışdır. Ankarada yaşadıqları müddətdə Leyla Rəsulzadə ərinin siyasi mübarizəsində ona mənəvi dəstək göstərmiş, eyni zamanda sadə bir həyat sürmüşdür.[9]
Türkiyə Təhsil naziri Tofiq İlərinin köməyi ilə Ankara Milli Kitabxanasında çalışmışdı.[8] Ankarada yaşayarkən universitetin coğrafiya fakültəsinin rus dili və ədəbiyyatı bölümündə dərs vermək təklifi alıb və mövcud işindən daha artıq maaş təklif olunduğu halda, dərhal rədd etmişdir. Rus dilini ana dili kimi bilməsinə rəğmən, rus dili müəlliməsi kimi çalışmağı qəbul etməmişdi.[10]
1955-ci ildə Məhəmməd Əmin Rəsulzadənin vəfatından sonra Leyla Rəsulzadə Ankarada yaşamışdır. Onun həyat yoldaşına dərin bağlılığı vardı və ölümündən sonra tənha və yoxsul bir həyat sürməyə başlamışdır.
Qonşusu olan iqtisadçı Bülənt Danışoğlunun xatirələri:[13][12]
![]() |
Leyla xanımı 1970-ci illərdə tanıdım. Qızılırmak sokakda, indi Ankapol sinemasının olduğu yerdəki binanın bir zirzəmi qatında qalırdı. Həmin küçəyə köçdüyümüz gündən bəri hər gün itinin ipindən tutaraq titrək addımlarla yeridiyini görərdik. Arıq, ağbəniz, gülərüzlü, yaşlı, amma gözləri parıldayan bir qadın idi. Məhəllə əsnafı ona 'madam' deyə xitab edərdi. | ![]() |
Leyla Rəsulzadə 21 may 1974-cü ildə mədə qanamasından müalicə aldığı Ankara xəstəxanasında vəfat etmişdir.[13] O, Cəbəci Əsri məzarlığının xristian bölməsində, 504-cü ada 55 parseldə dəfn edilmişdir.[14][15]
Leyla Rəsulzadənin ölümü ilə bağlı Türkiyədə mühacirlər tərəfindən nəşr olunan "Azerbaycan" dərgisinin 1974-cü ildə çap edilmiş 210-cu sayında nekroloq dərc edilmişdir. Bu nekroloqda onun fədakar bir qadın olduğu vurğulanmış və həyat yoldaşı Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövründə ona göstərdiyi mənəvi dəstək xüsusilə qeyd olunmuşdur.[13]
2017-ci ildə Azərbaycan Kültür Dərnəyin təşəbbüsü və Anıtlar Dərnəyinin dəstəyi ilə onun yararsız hala düşmüş məzarı bərpa edilmişdir.[16][17]