Məqsəd budaq cümləsi baş cümlədəki hərəkətin məqsədini bildirir və niyə? nə üçün? nə məqsədlə? suallarından birinə cavab olur.
Məqsəd budaq cümləsində də baş cümlə əvvəldə gəlir. Bu zaman əlaqə vasitəsi kimi "ki" bağlayıcısından istifadə olunur. Məs: Biz Nabrana getdik ki, istirahət edək. Başqa ölkələrdə yaşayan azərbaycanlılar gəlmişdilər ki, vətənə kömək etsinlər.
Çox zaman baş cümlədə əvəzlik-qəlib rolunda ona görə, ondan ötrü sözləri də işlənir. Məs: Məktəblilər Fəxri xiyabana ona görə gedirdilər ki, ulu öndər H. Əliyevin məzarını ziyarət etsinlər. Biz ondan ötrü bura gəldik ki, şəhid anasına dəstək olaq.
Məqsəd budaq cümləsi sadələşəndə məsdər(tərkibi) + üçün qoşması şəklində sadələşir.Məs: Məhərrəm və Ülvi tələsirdi ki, Qarabağa gedən qatara gecikməsinlər — Qarabağa gedən qatara gecikməmək üçün Məhərrəm və Ülvi tələsirdi.