Maral heykəli (rus. Скульптура оленя) – Rusiyanın Smolensk şəhərində yerləşən tunc heykəl. 1910-cu ildə heykəltaraş Rixard Friz tərəfindən hazırlanmış və əvvəlcə Rominten meşəsində quraşdırılmışdır. İkinci Dünya müharibəsindən sonra indiki yerinə – Blonye parkına köçürülmüşdür. Smolensk şəhərinin simvollarından biridir.[1][2][3]
Maral heykəli | |
---|---|
![]() | |
![]() | |
Ölkə | |
Tikilib | 1910 |
![]() |
Almaniya imperatoru II Vilhelm Rominten meşəsində ovçuluqla məşğul olmağı, xüsusilə, maral ovlamağı sevirdi. Bu səbəbdən Rominten meşəsində öz ov köşkünü tikdirmişdi. 1909-cu ildə ovladığı sayca 16-cı maralın buynuzlarının ölçüsü II Vilhelmin o qədər xoşuna gəlmişdi ki, bu ovunu əbədiləşdirmək istəmiş və 1910-cu ildə heyvan heykəltaraşı Rixard Frizə bu maralın tunc heykəlini hazırlatdırmışdır. Heykəl maralın əsl ölçüsündən bir qədər böyük alınmışdır:[4] təkcə bir buynuzunun çəkisi 200 kq. olmuşdur.[5] Maral heykəli ov köşkünün yaxınlığında, Müqəddəs Hubert kapellasının qarşısında quraşdırılmışdır.[4]
Heykəl İkinci Dünya müharibəsinə qədər öz yerində qalmışdır. 1944-cü ilin oktyabrında Rominten meşəsinə daxil olan sovet əsgərləri Maral heykəlini Herman Görinqin bağında kəşf etmişdirlər.[4] Bundan sonra heykəl müəmmalı şəkildə yoxa çıxsa da, 1945-ci ildə Smolensk şəhərində ortaya çıxmışdır:[5] heykəlin bir tərəfində ağ boya ilə "n saylı korpus tərəfindən Şərqi Prussiyadan Smolensk uşaqlarına hədiyyə" sözləri yazılmışdır.[4] Deyilənə görə əslən Smoleskdən olan bir sovet əsgəri heykəli bəyənmiş və onu doğma şəhərinə aparmağa qərar vermişdir. Heykəl həmin il şəhərdəki Blonye parkında yerləşən uşaq meydançasında quraşdırılmışdır.[5] 1994-cü ildə almanlar heykəlin qaytarılmasını tələb etsələr də, ruslar onların tələbini əsassız hesab etmişdirlər.[1]
Heykəlin dövlət tərəfindən qorunması və abidə statusu alması üçün cəhdlər edilsə də, bu cəhdlər uğursuz olub. 2024-cü ildə "düşmən ölkədə hazırlanması" əsas kimi gətirilərək heykələ abidə statusunun verilməsindən imtina edilib.[6]
Maral heykəli şəhər əhalisi arasında populyar olduğu üçün uzun müddət deformasiyaya uğramış, hətta buynuz fraqmentlərindən biri itmişdir. Heykəl dörd dəfə metal ovçularının hücumuna məruz qalmışdır.[1] 2010-cu ildə heykəlin 100 illiyi münasibətilə heykəltaraş Pyotr Fişman heykəli Katın kəndində yerləşən emalatxanasına apararaq restavrasiya işləri aparmışdır. Heykəl korroziyadan qoruyan maddə ilə örtülmüş və buynuzları bərpa olunmuşdur. Heykəlin qabağında hazırlandığı ili və heykəltaraşını qeyd edən lövhə quraşdırılmışdır.[3]
Maral heykəli Smolensk şəhərinin simvollarından biri hesab olunur.[1] Şəhər əhalisi arasında yayılmış inanca görə heykəlin tuncdan hazırlanmış cinsi orqanını sığallamaq uğur gətirir.[2]