Mirzəzadə Mehmed Səlim Əfəndi (aprel 1688, İstanbul, Osmanlı imperiyası – 1743, İstanbul, Osmanlı imperiyası) — Osmanlı alimi, din xadimi, xəttatı və şairi.[1][2]
Mirzəzadə Səlim Əfəndi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | aprel 1688 |
Doğum yeri | |
Vəfat tarixi | 1743 |
Vəfat yeri | |
Fəaliyyəti | Qazəsgər, şair |
Atası | Mirzə Mustafa Əfəndi |
1688-ci ilin aprelində İstanbulda dünyaya gəldi. Atası Lalə dövrünün şeyxülislamlarından Mirzə Mustafa Əfəndidir. İlk təhsilini Yenibağçalı Çələbi Əfəndidən aldı. Ardından atasından və digər məşhur alimlərdən dərslər aldı. 1704-cü ildə Siyavuş Paşa mədrəsəsinə müdərris təyin olundu və 1713-cü ilədək İstanbulun müxtəlif mədrəsələrində xidmət etdi. Həmin ilin dekabrında Saloniki qazısı oldu. Ancaq vəzifəsindən sui-istifadə etməsiylə bağlı yazılan şikayətlərin ardından 1714-cü ilin mayında vəzifədən alındı və Serezə sürgün olundu. Burada 2 ay qaldıqdan sonra İstanbula gəldi və atasının şeyxülislam olmasıyla 1714-cü ilin dekabrında Qalata qazılığına yüksəldi. Ancaq haqqında yazılan yeni şikayətlərin ardından sədrəzəm Şəhid Əli Paşanın əmriylə 1715-ci ilin iyununda vəzifədən alındı. Eyni günlərdə atasının da vəzifədən alınmasıyla hər ikisi Trabzona sürgün olundu. 1716-cı ilin sonlarında İstanbula qayıtmasına icazə verildi. 1722-ci ildə yazdığı bir əsəri Lalə dövrünün məşhur sədrəzəmi Nevşəhərli İbrahim Paşaya təqdim etməsi və bəyənilməsinin ardından həmin ilin avqustunda İstanbul qazılığına yüksəldi. 1730-cu ilin noyabrında Anadolu, 1735-ci ildə isə Rumeli qazəsgərliyinə təyin edildi. Bir il sonra vəzifədən alındı və qalan illərini yaşadığı köşkdə sakit şəkildə keçirdi. 1743-cü ildə İstanbulda vəfat etdi.
İlk evliliyi Rami Mehmed Paşanın qızıyla, ikinci evliliyi isə şeyxülislam Feyzullah Əfəndinin qızıyla baş tutmuşdur. Ancaq övladı olub-olmadığı barədə məlumat yoxdur.