. Love.az

Musab Ibn Zubeyr - Wikipedia - Love.az

Ana Səhifə - Musab Ibn Zubeyr

Əbu Abdillah Musab ibn əz-Zübeyr ibn əl-Əvvam əl-Əsədi əl-Qureyşi (ərəb. مصعب بن الزبير‎; VII əsr və ya 655[1], Məkkə – təq. 691[2]) — İraq valisi.[3] O, Abdullah ibn Zübeyrin qardaşı idi.[4]

Musab ibn Zübeyr
ərəb. مصعب بن الزبير‎
Şəxsi məlumatlar
Doğum tarixi VII əsr və ya 655[1]
Doğum yeri
  • Məkkə
Vəfat tarixi təq. 691[2]
Vəfat səbəbi döyüşdə ölüm
Fəaliyyəti hərbi lider[d], vali[d]
Atası Zübeyr ibn Əvvam
Hərbi xidmət
Döyüşlər
  • Məkkənin mühasirəsi

Mündəricat

  • 1 Bioqrafiyası
  • 2 İdarəçiliyi və şəxsi keyfiyyətləri
  • 3 Hədis elmindəki yeri
  • 4 İstinadlar

Bioqrafiyası

redaktə

Mədinədə doğulub. Qureyş qəbiləsinin Əsəd ibn Əbdüluzza qoluna mənsubdur. Atası Əşareyi-Mübəşşirədən Zübeyr ibn Əvvam, anası isə Rəbab bint Üneyf əl-Kəlbiyyədir.[5] Onun haqqındakı məlumatların böyük əksəriyyəti, böyük qardaşı Abdullah ibn Zübeyrin hicri 64 (miladi 683)-cü ildə Hicazda xilafəliyini elan etməsindən sonrakı illərə aiddir. Bu tarixdən etibarən o, ordu komandanlığı və vali vəzifələrində çalışmışdır. Fələstin üzərinə göndərildiyi ilk yürüşündə Əməvi sərkərdəsi Amr ibn Səid əl-Əşdaq qarşısında məğlub olsa da, qısa müddət sonra köməkçi dəstələrin sərkərdəsi kimi qoşulduğu Rəbəzə döyüşündə qələbə qazanılmasında mühüm rol oynamışdır.

Musab, hicri 65-ci (684–85) ildə qardaşi Ubeydə ibn Zübeyrin yerinə Mədinə valisi təyin olundu. Bu dövrdə İraqda vəziyyət olduqca mürəkkəb idi. Kufədə nəzarəti ələ keçirən Muxtar, Həzir qələbəsindən sonra şöhrətini daha da artırmışdı. Belə bir vəziyyətdə Abdullah qardaşı Musabı Bəsrə valisi təyin etdi. Bəsrəki ilk nitqində Musab, özünə "cəzzar" (ərəb. جزّار‎; azərb. qəssab‎) ləqəbini verdiyi və çox sərt bir siyasət yeridəyəsini elan etdi. Musab Əməviləri ilk hədəf təyin etsə də, sonradan kufəlilərin təşfiqi ilə Muxtarı hədəf seçdi. Muxtar üzərinə yürüş edərək əvvəl Məzarda, ardınca da Kufə yaxınlığındakı Hərurədə ağır məğlubiyyətə uğradaraq öldürdü və Kufəni ələ keçirdi. Musab, İbrahim ibn Əştərə bir sıra vədlər verərək onu öz tərəfinə çəkdi. Öz ilə Əməvilər arasında bufer yaratmaq məqsədilə də Mühəlləb ibn Əbu Sufrəni Mosul, əl-Cəzirə, İrminiyə və Azərbaycana vali təyin etdi. Bir mwdd't sonra onu xaricilərin üstünə yollayaraq yerinə İbrahim ibn Əştəri təyin etdi. Bu vaxt Abdullah, Musabı vəzifəsindən azad edərək oğlu Həmzəni vali təyin etdi. Həmzə bu işdə yarıtmamazlıq etdiyindən Musab yenidən vali təyin olundu. Vəzifəsinə qaytarılan Musab, dərhal Şam bölgəsini Əməvilərin əlindən almaq üçün hazırlıqlara başladı. Lakin eyni məqsədi İraq üçün güdən Əbdülməlik ibn Mərvan, Bəsrə və Kufə əyanları arasında Musabın yaxın adamlarından bəzilərinə məktublar göndərərək, müxtəlif vədlərlə onları öz tərəfinə çəkməyə çalışırdı. Nəhayət, hicri 72 (miladi 691)-ci ildə İraq istiqamətində qarşısındakı ən mühüm mane olan Kərqisiyanı sülh yolu ilə ələ keçirdikdən sonra Musabın üzərinə yürüş etdi. İki ordu Deyrül-casəlik adlı ərazidə, sonralar bir müddət "Xirbətü-Musab" adı ilə tanınan[6] səhralıq ərazidə qarşılaşdı. Əbdülməlik bir tərəfdən də Musabın sərkərdələrini öz tərəfinə çəkməyə davam edirdi. İbrahim ibn Əştər, Əməvi xəlifəsindən aldığı və onun tərəfinə keçəcəyi təqdirdə İraq valiliyinin ona veriləcəyinə dair vəd verən məktubu Musaba çatdıraraq, digər sərkərdələrə də oxşar məktublar göndərildiyini bildirdi və onu xəbərdar etdi. Bütün bunlara baxmayaraq, Musab onların vəzifələrində heç bir dəyişiklik etmədi. Döyüşün ilk mərhələsində İbrahim ibn Əştər öldürüldü və bu, Musab üçün ağır zərbə oldu. Əsgərlərinin bir qismi qarşı tərəfə keçdikdə, yanında yalnız yaxın adamları və az sayda qohumu qalan Musab, Əbdülməlikin təslim olmaq üçün verdiyi əminlik təklifini rədd edərək döyüşə davam etdi. Döyüşdə öldürülən Musabın, başı kəsildi (Cəmaziyəl-əvvəl 72[3] / oktyabr 691; bu hadisənin hicri 71[7] (690)-ci ildə baş verdiyi də rəvayət edilir). Kəsilmiş başı Dəməşqə göndərildi. Cəsədi döyüş meydanında dəfn edildi və sonralar həmin yerdə türbə tikilərək ziyarətgaha çevrildi. Dəməşqə göndərilmiş başı orada dəfn olundu.[4]

İdarəçiliyi və şəxsi keyfiyyətləri

redaktə

İraq valiliyi dövründə bölgə əhalisinin razılığını qazanan Musab ibn Zübeyr, gəlirlərin artmasına nail olmuşdur. Rəvayətə görə, qardaşı Abdullah ibn Zübeyrin əmri ilə hicri 70 (miladi 689–690)-ci ildə Bəsrədə az miqdarda dirhəm zərb etdirmişdir. Mənbələrdə onun yaxşı bir xətib olduğu və dövrünün ən yaraşıqlı gənci kimi tanındığı qeyd olunur. Musab həmçinin gözəlliyi ilə tanınmış qadınlarla evliliyi ilə də məşhur idi. O, ərəblərin ən səxavətlilərindən və ən cəsurlarından biri hesab edilirdi; hətta Əbdülməlikin onu "ən qəhrəman ərəb"[5] adlandıraraq ölümünə ağladığı rəvayət edilir. Onun ölümü ədiblər və şairlərə də təsir etmiş, Əbu Mixnəf "Məqtəlü Musab ibn Zübeyr" adlı bir əsər yazmışdır.[8]

Hədis elmindəki yeri

redaktə

Musab, atası Zübeyr ibn Əvvam, Səd ibn Əbu Vəqqas, Əbu Səid əl-Xudri və Əbu Hüreyrədən hədis rəvayət etmiş, ondan isə Həkəm ibn Uyeynə, Amr ibn Dinar əl-Cumahi və İsmayıl ibn Əbu Xalid hədis nəql etmişlər.[4]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Identifiants et Référentiels (fr.). ABES, 2011.
  2. ↑ 1 2 opac.vatlib.it (ing.).
  3. ↑ 1 2 "مصعب بن الزبير". The Hadith Transmitters Encyclopedia. 25.05.2025 tarixində arxivləşdirilib.
  4. ↑ 1 2 3 "Musab b. Zubeyr". TDV İslam Ansiklopedisi. 25.05.2025 tarixində arxivləşdirilib.
  5. ↑ 1 2 "مصعب بن الزبير". islamweb.net. 25.05.2025 tarixində arxivləşdirilib.
  6. ↑ Bəlazuri. Ənsab (ərəb). V. 337.
  7. ↑ Buxari. Tarixi-kəbir (ərəb).
  8. ↑ Sezgin. Abu Mihnaf (alman). Leyden. 1971. 47.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Musab_ibn_Zübeyr&oldid=8149079"
LOVE.AZ