Nəsli kəsilməkdə olan növ — yaxın gələcəkdə qlobal miqyasda və ya müəyyən bir siyasi ərazidə nəsli kəsilməsi ehtimalı yüksək olan növ. Belə növlər yaşayış mühitlərinin itirilməsi, brakonyerlik, istilaçı növlər və iqlim dəyişikliyi kimi amillər səbəbi ilə risk altında ola bilər.[1] Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) Qırmızı kitabı bir çox növün qlobal mühafizə statusunu qiymətləndirir və həmçinin müəyyən ərazilər daxilindəki növlərin vəziyyətini qiymətləndirən müxtəlif bənzər qurumlar mövcuddur. Belə növləri qorumaq üçün bir çox dövlətin ovlanmağı qadağan edən, torpaqların istifadəsini məhdudlaşdıran və ya mühafizə olunan ərazilərin yaradılmasını nəzərdə tutan qanunları var. Bəzi nəsli kəsilməkdə olan növlər nəzarət altında çoxaldılma və yaşayış mühitlərinin bərpası kimi daha geniş mühafizə səylərinin hədəfidir.
İnsan fəaliyyəti bəzi növlərin nəsli kəsilmək təhlükəsi ilə qarşılaşmasına səbəb olan əsas səbəbdir.[2][3][4][5]
Bir növün mühafizə statusunun olması onun nəslinin kəsilməsi ehtimalını göstərir. Mühafizə statusu qiymətləndirilərkən geri qalan üzv sayı, populyasiyanın ümumi artım və ya azalması, çoxalmada müvəffəqiyyət dərəcəsi və ya məlum təhlükələr kimi statistik məlumatlar nəzərə alınır.[6] IUCN-nin Qırmızı kitabı dünyada ən çox tanınan mühafizə statusu siyahısı və sıralama sistemidir.[7]
Dünyadakı növlərin 50%-dən çoxunun nəsli kəsilmək təhlükəsi altında olduğu təxmin edilsə də,[8] bu növlərin əksəriyyətinə dair məlumatların azlığını nəzərə alaraq əksər növlər haqqında "nəsli kəsilməkdə olan", "nadir" və ya "lokal olaraq nəsli kəsilmiş" kimi dəqiq fikirlər səsləndirmək çox vaxt çətindir. Xüsusən də dünya okeanında onilliklərdir insanlara görünməmiş növlər var ki, bu növlər əgər nəsli kəsilmək təhlükəsi altında olarsa, onlar gözə görünmədən yoxa çıxa bilər.[9]
Beynəlxalq miqyasda 195 ölkə nəsli kəsilməkdə olan və digər təhlükə altında olan növləri qoruyacaq Biomüxtəliflik üzrə Fəaliyyət Planı yaratmaq üçün saziş imzalayıb.
Qırmızı kitab növlərin qlobal mühafizə statusunu qiymətləndirən sistemdir.[10] İndeks altında olan növlərə aşağıdakılar daxildir: məməlilər, quşlar, amfibiyalar, sikadlar və mərcanlar. Qırmızı kitabın dəyərləndirməsinə görə "Nəsli kəsilmə təhlükəsinə yaxın olan" (NT, Near Threatened) və "Ən az narahatlıq doğuran" (LC, Least Concern) statusuna malik olan növlər nisbətən dayanıqlı və sağlam populyasiyalara sahib olasalar da, populyasiyaları azala ola bilər. Siyahıda "Nəsli kəsilmək təhlükəsi altında olan" ifadəsi xüsusi mənada istifadə edilir "Nəsli kəsilmək təhlükəsi altında olan" (EN, Endangered) statuslu növlər "Həssas" (VU, Vulnerable) və "Tənəzzül həddində olan" (CR, Critically endangered) statusları arasında yer alır. 2012-ci ildə IUCN Qırmızı kitabı dünya üzrə 3 079 heyvan və 2 655 bitki növünü nəsli kəsilmək təhlükəsi altında olan (EN) statusunda qeyd etmişdir.[10]