Nailə Bəhmən qızı Mirzəyeva — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru.[1]
Nailə Mirzəyeva | |
---|---|
Nailə Bəhmən qızı Mirzəyeva | |
Doğum tarixi | (86 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | biologiya-zoologiya |
Elmi dərəcəsi | biologiya elmləri doktoru |
İş yeri | AMEA |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsi |
Mükafatları |
Mirzəyeva Nailə Bəhmən qızı 14 yanvar 1939-cu ildə Bakı şəhərində anadan olub.[2] 1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirib.[1] 1966-cı ildə AMEA Zoologiya institutunun “Entomologiya” laboratoriyasının əyani aspirantı olmuş, 1971-ci ildə “Lənkəran bölgəsinin yarpaqyeyən böcəkləri” mövzusunda namizədlik dissertasiyası (Bakı), 2003-cü ildə “Azərbaycanın yarpaqyeyən böcəkləri” mövzusunda doktorluq dissertasiyasını (Bakı) müdafiə etmişdir. 1969 - 1994-cü illərdə “Entomologiya” laboratoriyasında kiçik elmi işçi, böyük elmi işçi olmuş, 1994-cü ildən 2016-cı ilə kimi Zoologiya institutunun elmi katibi vəzifəsində çalışıb.
Mirzəyeva Nailə Bəhmən qızı İnstitutda işlədiyi dövrdə AMEA-nın və keçmiş SSRİ EA proqramına daxil olan 10 elmi - tədqiqat mövzularının yerinə yetirilməsində iştirak etmişdir. Onlardan “Böyük Qafqaz bölgəsində meyvə və meşə ağaclarına zərərverən uzunburun böcəklərin bioekoloji xüsusiyyətləri və parazitləri”, “Lənkəran təbii vilayətində meşə ağaclarına zərərverən ksilofaq - böcəklər”, “Meyvə və meşə ağacların zərərvericilərinə qarşı bioloji mübarizədə entomofaqların arealdaxili köçürülməsi” və s.
N.B.Mirzəyeva 1966-cı ildən indiyə kimi Azərbaycanın bütün bölgələrində yarpaqyeyən böcəklərin yayılmasını, müxtəlif aqrosenozlarda yarpaqyeyənlərin qida əlaqələrini, zərərverən böcəklərin bioekologiyasını, onların parazit və yırtıcılarını tədqiq edərək onlara qarşı mübarizənin elmi əsaslarını işləyib hazırlamışdır. Bu tədqiqatlar kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı mübarizədə tətbiq edilmişdir. O, 384 növün zoocoğrafiyasını, onların formalaşması yollarını araşdırmış, bir cinsi təftiş etmişdir. N.B.Mirzəyeva tərəfindən Azərbaycan faunası üçün 384 növ yarpaqyeyən böcək müəyyənləşdirilmiş və onlardan 100-dən artıq növü zərərverici kimi qeyd olunmuşdur. 58 növü Zaqafqaziya, 10 növü Qafqaz, 1 növü elm üçün və 133 növü Azərbaycan faunası üçün ilk dəfə qeyd olunmuşdur.
N.B.Mirzəyeva 70 elmi əsərin, o cümlədən 2 monoqrafiya («Azərbaycanın yarpaqyeyən böcəkləri» 1988, “Azərbaycanın heyvanlar aləmi” 1996, kollektivlə birlikdə), 1 kitabçanın (“Yarpaqyeyən böcəklər”) müəllifidir. Hal-hazırda onun elmi rəhbərliyi ilə 1 aspirant və 1 dissertant namizədlık dissertasiyaları üzərində işləyir. O, Respublika Milli qadınlar konfederasiyasının Zoologiya institutu üzrə sədri, Zoologiya institutunun elmi katibi, Entomoloqlar Cəmiyyətinin və Azərbaycan Zooloqlar Cəmiyyətinin üzvüdür. Keçmiş SSRİ və Azərbaycanda keçirilmiş 15-dən artıq elmi qurultay, simpozium və konfranslarda iştirak, məruzələr ilə çıxış etmişdir. Elmi-tədqiqat işlərinin müasir səviyyədə yerinə yetirilməsinə körə İnstitutun müdiriyyəti tərəfindən dəfələrlə mükafatlandırılmış, “Əmək Veteranı” medalı və iki dəfə AMEA-nın “Fəxri Fərmanı” ilə təltif edilmişdir. Hal-hazırda Zoologiya institutunun elmi katibi vəzifəsində çalışır.