Nazim Kazım oğlu Əliyev (3 aprel 1970, Masallı rayonu) — hüquq elmləri doktoru.
Nazim Əliyev | |
---|---|
Nazim Kazım oğlu Əliyev | |
Doğum tarixi | (55 yaş) |
Doğum yeri | Hişkədərə, Masallı rayonu |
Vətəndaşlığı |
![]() |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Hüquqşünas |
Təhsili | Bakı Dövlət Universiteti |
Elmi dərəcəsi | |
Elmi adı | Hüquq üzrə elmlər doktoru |
Nazim Əliyev 3 aprel 1970-ci ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. 1987-ci ildə Hişkədərə kənd orta məktəbini tam əla qiymətlər ilə bitirmişdir. Həmin dövrdə respublikamızda ali hüquq təhsili verən yeganə müəssisə olan Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmaq üçün iki il iş staji tələb edildiyindən, o, Hişkədərə kənd sovxozunda fəhlə işləməyə başlamışdır.
1988-ci ildə hüquq fakültəsinə daxil olmaq üçün müəyyən edilmiş bu qayda ləğv edildiyindən, sənədlərini fakültənin qəbul komissiyasına təqdim etmiş və əla qiymətlər ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuşdur.
1990-cı ildə Rusiya Federasiyasının Novosibirsk Dövlət Universitetində tələbə və aspirantlar arasında keçirilmiş beynəlxalq elmi konfransda etdiyi məruzəyə görə isə II dərəcəli diplom ilə mükafatlandırılmışdır.[1]
1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşunaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Fakültəni yüksək qiymətlər ilə bitirdiyi üçün təyinat əsasında prokurorluq orqanlarında işləmək hüququ olmuşdur.
1993-cü ildən Azərbaycan Respublikasının prokurorluq orqanlarında müstəntiq vəzifəsinə təyin edilmiş və 2001-ci ilə kimi həmin vəzifədə işləmişdir. Prokurorluqda işlədiyi müddətdə, əsasən, mürəkkəb və çox epizodlu cinayət işlərinin istintaqını aparmış, icraatında olan bütün işlər üzrə cinayətlərin açılmasına, təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsinə nail olmuşdir. Peşəkar fəaliyyəti zamanı əldə etdiyi yüksək nəticələrə görə rütbə dərəcələrini vaxtından əvvəl almış və Baş Prokurorun müvafiq əmrləri ilə üç dəfə mükafatlandırılmışdır.
Nazim Əliyev 2001-ci ilin noyabr ayından əmək fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda davam etdirməyə başlamışdır.
26 mart 2005-ci ildə Bakı Dövlət Universitetində "Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən talama əməlləri ilə cinayət-hüquqi mübarizə" mövzusunda namizədlik (hüquq üzrə fəlsəfə doktoru) dissertasiyasını müdafiə etmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 12 iyul 2005-ci il tarixli qərarı ilə ona hüquq elmləri namizədi (hüquq üzrə fəlsəfə doktoru) elmi dərəcəsi, 22 iyul 2009-cu il tarixli qərarı ilə isə "Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ" ixtisası üzrə dosent elmi adı verilmişdir.
Nazim Əliyev 7 yanvar 2016-cı il tarixdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda respublikamızın və xarici dövlətlərin hüquq üzrə nüfuzlu alimlərinin birgə iştirakı ilə yaradılmış Dissertasiya Şurasında "Həyat və sağlamlıq əleyhinə iştirakçılıqla törədilən cinayətlərə görə məsuliyyətin diferensiasiyası problemləri (qanun, nəzəriyyə, praktika)" mövzusunda yazmış olduğu doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın 25 noyabr 2016-cı il tarixli qərarı ilə ona hüquq üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.
Nazim Əliyev hazırda AMEA Hüquq və İnsan haqları İnstitutunun "Cinayət hüququ və cinayət prosesi" şöbəsinin aparıcı elmi işçisi vəzifəsində işləyir. O, eyni zamanda Milli Aviasiya Akademiyasının "Hüquqşünaslıq" kafedrasının dosentidir. Bundan başqa, Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm və Tədris Mərkəzində, Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq olaraq prokurorluq və vergi əməkdaşları üçün akademik mühazirələr aparır.
Nazim Əliyev 3 monoqrafiyanın, 5 tədris-metodik vəsaitin, 145 elmi məqalənin (bunlardan 37-si xarici dövlətlərin nüfuzlu elmi jurnallarında çap olunmuşdur), 60-dan çox publisistik məqalənin müəllifidir. O, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yerləşən "Союз криминалистов и криминологов" regional ictimai təşkilatının və Rusiya Federasiyasının Voronej şəhərində İqtisadiyyat-Hüquq İnstitutunun təsis etdiyi "Sinergiya" elmi-təcrübi jurnalın beynəlxalq məsləhətçi şurasının üzvüdür.
Nazim Əliyev AMEA-da respublikada hüquq elminin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının icrası ilə əlaqədar yaradılmış hüquqşunas-alimlərdən ibarət İşçi qrupunun üzvü kimi fəaliyyət göstərir. 11 dekabr 2015-ci il tarixdə AMEA-nın 70 illik yubileyi münasibətilə və uzunmüddətli məhsuldar elmi fəaliyyətinə görə fəxri fərman ilə təltif olunmuşdur.