Nikpur Mirhüseyn oğlu Cabbarlı (16 aprel 1968, Bakı) — ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, dosent, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2010). Nikpur Cabbarlı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiridir.[1]. Nikpur Cabbarlı Azərbaycan mühacirət ədəbiyyatı üzrə tanınmış mütəxəssisdir.
Cabbarlı Nikpur | |
---|---|
![]() | |
Doğum tarixi | (57 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
![]() |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri |
Təhsili | Bakı Dövlət Universiteti |
Mükafatları |
![]() |
Nikpur Mirhüseyn oğlu Cabbarlı 1968-ci il aprelin 16-da Bakıda anadan olmuşdur. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini (1994) və Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasını (1997) bitirmişdir. 1998-ci ildə "Azərbaycan mühacirət ədəbiyyatşünaslığında klassik irs problemi" mövzusunda namizədlik (fəlsəfə doktoru), 2017-ci ildə isə "XX əsr Azərbaycan mühacirət ədəbiyyatı (türkdilli örnəklər əsasında)" mövzusunda elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Filologiya elmləri doktoru (2017), dosentdir (2006). Azərbaycan mühacirət ədəbiyyatına dair 6 monoqrafiyanın, onlarla məqalənin, bir neçə tərtib işinin müəllifi Nikpur Cabbarlı bu sahədə mötəbər söz sahibi olan mütəxəssis kimi tanınır.
Nikpur Cabbarlı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 28 il ərzində müxtəlif vəzifələrdə çalışmışdır. Bu dövr ərzində aspirantlıqdan elmi katib və şöbə müdiri vəzifələrinə qədər yüksəlmişdir. O, 1998–2004-cü illər arasında İnstitutda elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışıb. 1996-cı ilin mayından 2003-cü ilin sentyabrınadək İnstitut Gənc Alimlər Birliyinin sədri olub. 2004-cü il sentyabrın 20-dən 2013-cü il iyulun 16-dək İnstitutun elmi katibi vəzifəsində səmərəli fəaliyyət göstərib, elmi-təşkilati işin akademik prinsiplər əsasında qurulmasında, elmi tədqiqatların təşkilinin müasir tələblər səviyyəsinə qaldırılmasında, bu işlə əlaqədar normativ-hüquqi aktlara ciddi riayət edilməsində prinsipiallıq göstərib.
Nikpur Cabbarlı 1996-cı ilin may ayından etibarən İnstitut Elmi Şurasının üzvüdür. 2007-ci ilin iyulundan 2009-cu ilin dekabrınadək Ədəbiyyatşünaslıq üzrə Problem Şurasının da elmi katibi kimi çalışıb. Çoxcildli "Azərbaycan ədəbiyyatı tarixi" Baş Redaksiya Şurasının üzvü (2007–2013), həmin nəşrin 2004-cü ildə çapdan çıxmış I cildinin məsul katibi, hazırlanmaqda olan VI cildinin məsul katibi (2003–2006), məsul redaktorunun müavini olub (2007–2013). Hazırda həmin nəşrin VII cildinin məsul redaktorlarından biri, indiyədək 5 cildi nəşr olunmuş "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasının baş redaktorunun müavinidir.
Nikpur Cabbarlı "Əhməd Cəfəroğlunun ədəbiyyatşünaslıq irsi" (2001), "Mühacirət və klassik ədəbi irs" (2003), "Abay Dağlının mühacirət dövrü yaradıcılığı" (2009), "Azərbaycan mühacirət nəsri" (2011), "Mühacirət və XX əsr Azərbaycan ədəbiyyatı məsələləri" (2015) monoqrafiyalarının, "Azərbaycan mühacirət poeziyası (icmallar və portretlər)" (2014), "Elçin və Azərbaycan mühacirətşünaslığının problemləri (araşdırma və tərtib)" kitablarının, nüfuzlu yerli və xarici elmi nəşrlərdə dərc olunmuş 50-yə yaxın məqalə və konfrans materialının müəllifi, "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" monoqrafiyasının (2009) həmmüəllifi, bir neçə kitabın tərtibçisi, rəyçisi, elmi və məsul redaktorudur. Bir sıra Beynəlxalq və Respublika miqyaslı elmi konfrans və simpoziumlarda məruzələr etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2015-ci ildə elan edilmiş əsas qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş "Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, inkişaf mərhələləri və problemləri" mövzusunda kompleks elmi tədqiqat layihəsi Nikpur Cabbarlının rəhbərliyi ilə uğurla icra edilmişdir (aprel 2017 — aprel 2019).