Oğuzun bölünməsi — müxtəlif dövrlərdə oğuz tayfalarının, dillərinin və mədəni komponentlərinin tarixi proseslər nəticəsində parçalanması.
VIIII əsrin sonları, IX əsrin əvvəllərində uzlar (oğuzlar) və karluklar Çu və Talas boyundakı otlaqlar üçün döyüşmüş, karluklar oğuzları torpaqlarından çıxarmış, oğuzlar da digər oğuz tayfası peçeneqləri əvvəl yaşadıqları yerlərdən daha qərbdə yerləşən ərazilərə itələmişdir. Məsudi də peçeneqlərin düşmənləri arasında oğuzları qeyd edir. Peçeneqlər oğuzlar tərəfindən hücuma məruz qalır, oğuzlar onları əsir alıb qul kimi satırdı. 892–902-ci illərdə oğuzlar xəzərlərlə birləşərək peçeneqləri yurdlarından çıxartmışdır. "Şəcərəyi tərakimə"yə görə, peçeneqlərlə oğuzlar arasındakı düşmənçilik beş-altı nəsil davam etmişdir.[1] Oğuzların Sırdəryanın şimalında peçeneq və qıpçaqlarla mübarizəsi və münasibətləri haqqındakı milli yaddaş Anadoluya köçəndən sonra "Kitabi-Dədə Qorqud" dastanı vasitəsilə gürcülər və abxazlara tətbiq edilmişdir.[2][3]
"Kitabi-Dədə Qorqud" dastanında Salur Qazan evinin İç Oğuz bəyləri tərəfindən yağma (mülkün sahibinin icazəsi ilə qarət edilməsi mərasimi) edilməsinə icazə verir. Daş Oğuz bəyləri qarətdə iştirak etmədikləri üçün Qazana düşmən olurlar. Bu dövrdə qəhrəman Beyrək Daş Oğuzdan evlənsə də, Qazan xanın məclisində vəzifədə idi. Daş Oğuz başçısı Aruz Qoca Beyrəyin Salur Qazana qarşı çıxmaq istəmədiyini gördüyü üçün onu öldürür. İç Oğuzla Daş Oğuz arasında müharibə olur və Aruz Qoca öldürülür. Salur Qazan sağ qalan Daş Oğuz bəylərini bağışlayır.[4]
Yazıçı Anar "Dədə Qorqud" povestində İç Oğuzla Daş Oğuzun mübarizəsini təsvir edir. Daş Oğuzun başçısı Alp Aruz öz qohumlarını bir yerə yığıb İç Oğuz başçısı Salur Qazana düşmənçilik edir. Qəhrəman Beyrəyi Salur Qazana qarşı mübarizəyə dəvət edir. Beyrək razılaşmadığı üçün Alp Aruz axırda onu ölümcül yaralayır. Oğuz elində qardaş qırğını baş verir. Müharibədə ölən igidlər daşa çevrilir. Daş və İç Oğuzun bütün igidləri həlak olur.[5]
Azərbaycan və Türkiyə türkləri arasındakı əlaqənin tarixi Səlcuq dövrünə qədər gedib çıxsa da, sabit siyasi və dini xətlərə görə, zaman keçdikcə bu iki qrup bir-birindən mədəni olaraq ayrılmışdır.[7] Monqol işğalı Azərbaycan və Türkiyə türklərinin ayrılmasına səbəb olmuş, bu dövrdə gələn yeni türk-oğuzlar (köhnələr Səlcuq dövründə gələnlərdir) türk mühitinə yeni linqvistik elementlər əlavə edərək, Azərbaycan və Türkiyə türkləri arasında olan etnik, linqvistik və ədəbi uçurumu gücləndirmişdir.[8]
Osmanlı və Azərbaycan dillərinin bir-birindən fərqlənməyə başlaması Oğuz bölünməsi sayılır. Osmanlı və Azərbaycan dillərində fərqliliyin yaranması Osmanlı imperiyası ilə İran arasında siyasi bölünməyə görə idi. İmadəddin Nəsimi (1369–1404) dili özündən əvvəl gələnlərlə müqayisədə daha aydın bir azərbaycancada olan ilk Azərbaycan şairi idi. Oxşar xüsusiyyətlər Məhəmməd Füzulidə (1494–1556) də tapılır.[9]
Osmanlı imperiyasının yaranmasına görə, Azərbaycan və Anadolu türklərinin yaşayış sərhədləri arasında, linqvistik baxımdan demarkasiya prosesi başlamışdır.[10] Dil nöqteyi-nəzərindən baxıldığı zaman Osmanlı hökmdarı İldırım Bəyazid ilə Anadolu bəyi Qazi Bürhanəddin, Osmanlı hökmdarı Fateh Sultan Mehmet ilə Ağqoyunlu Uzun Həsən, Osmanlı hökmdarı Yavuz Sultan Səlimlə Səfəvi Şah İsmayıl Xətai arasındakı münaqişə sadəcə hərbi-siyasi deyildi. Bu tarixi hadisələrin gedişində Yaxın Şərqin türk etnomədəni ərazisinin iki əsas komponentinin, eləcə də iki türk ədəbi dilinin — Osmanlı və Azərbaycan dillərinin yayılma və təsir sahələrinin sərhədləri müəyyən edilmişdir.[11]
Əsrlər boyunca davam edən dini və siyasi ziddiyyətlərə görə, azərbaycanlılar Türkiyə türklərindən etnik baxımdan ayrılmışdır.[12] Osmanlı türkləri və Azərbaycan türkləri arasında etnik sərhəd XVI əsrdə mövcud idi, ancaq tam müəyyən edilməmişdi.[13] Digər bir mənbəyə görə, Səfəvi İranı və Osmanlı imperiyasının müəyyən edilmiş sərhədləri demək olar ki, azərbaycanlılarla Osmanlı türklərinin etnik sərhədini əks etdirir.[14] Azərbaycan dilinin digər oğuz dillərindən fərqli bir dil olaraq ayrılması prosesi XVIII əsrdə tamamlanmışdır.[15]
Azərbaycan və Anadolu türk dilləri arasındakı ləhcə fərqləri köhnə ağacəri və ya qacar türk şivəsindən qalmış ola bilər. Ehtimal edilir ki, ağacərilərin dilləri qərb türkcəsi yox, şaz türkcəsi idi.[16]
Azərbaycan mədəniyyətində aşıq ənənəsi XV–XVI əsrlərdə inkişaf etməyə başlamışdır. Ancaq incəsənətin özü daha qədimdir, daha əvvəlki ozan (İslamdan əvvəlki türk aşıqları) yaradıcılığı X–XI əsrlərdə mövcud idi.[17] Ozanlar oğuzlar arasında hekayə söyləyiciləri və müğənnilər idi və sənətlərini icra etmək üçün qopuzdan istifadə edirdilər. Onların oğuzlar arasında mənəvi təsiri böyük idi.[18]
Aşıq Qurbaninin dövründə (XVI əsr) qopuz çalan ozanlar saz çalan aşıqlarla əvəz edildi.[17] Digər bir mənbəyə görə, XVII əsrdə ozanlar tarix səhifəsindən silindilər. Buna səbəb türk-oğuz cəmiyyətində İslamın və onun ideologiyasının güclənməsi idi. Ərəb dilinə və ədəbiyyatına, islam ideyalarına əsaslanan ümumi mədəniyyət ozan sənətinin sütunlarına zidd idi.[18]
Necə ki, aşıq sənəti mənşəyini ozan-bəxşidən götürür, elə də dərvişliyin mənşəyi qam-şamana gedib çıxır. Sənətlərarası oxşar xüsusiyyətlər mənşə birliyinə görədir. Qam-şaman və ozan-bəxşidən dərviş sənətinə, dərviş sənətindən aşıq sənətinə çevrilmələr ənənənin yenilənməsinə səbəb olmuşdur. Əvvəllər qam, şaman, ozan, bəxşi adlandırılanların bir qismi İslamın təsiri ilə ata, baba, dədə, xoca, pir, ərən, övliya, şeyx, mürşid, abdal, iskin, kəmtər, əmrə, dərviş kimi adlandırılmağa başlanmışdır. Dərviş sənətinin təmsilçiləri arasında aşıq adlandırılanlar da var. İslam dinini qəbul edən türk boylarında ənənəni yaşadan şəxslər təkkə-təsəvvüf mövzularına yönəlmişdir. Bu istiqamət dərviş tipli türk ədəbiyyatının başlanğıcı olmuşdur. Daha çox dünyəvi mövzuları işləyən sənətçilər isə ozan ənənəsini davam etdirmişdir. Beləliklə, Azərbaycan, Anadolu və Rumeli mühitlərində dərviş və ozan istiqamətlərində sənət icra edən ənənə daşıyıcıları öz kütlələrinin sosial-mədəni ehtiyaclarını qarşılamağa çalışmışdır.[19]
Dərvişdən ozana keçid sufi zikr mərasimi vasitəsilə olmuşdur. Zikr mərasimi dərviş-aşiqə musiqi, poeziya və bəzən vəcdə gələrək edilən rəqs vasitəsilə sevginin ilahi obyekti ilə mənəvi birlik üçün lazım idi. Azərbaycan aşıq sənətində "haqq aşığı" ifadəsinin istifadəsi də dərviş mistiklərinin təsirini göstərir. Çünki haqq aşığı "müqəddəs aşıq", "həqiqətin aşığı" deməkdir. Haqq aşıqlarının sevgililərini axtarması da həqiqət və ilahi sevgi axtarışı üçün alleqoriya sayıla bilər.[20]
Müasir dövrdə oğuz dillərinin dövlət dili olduğu 4 dövlət (Azərbaycan, Türkiyə, Şimali Kipr, Türkmənistan) və 1 muxtariyyət (Moldavanın Qaqauziya bölgəsi) var. Bunlardan ikisi — Azərbaycan və Türkiyə arasındakı münasibətlər "bir millət, iki dövlət" şüarı ilə inkişaf etdirilir.[q 1][21][22] İki dövlət arasında 2010-cu ildə Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Sazişi, 2021-ci ildə isə müttəfiqlik münasibətləri ilə bağlı Şuşa Bəyannaməsi imzalanmışdır.[23] Azərbaycan, Türkmənistan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatı mövcuddur.[24]