Odessa Milli İncəsənət Muzeyi (ukr. Одеський національний художній музей) — Ukraynada, Odessa şəhərinin mərkəzində, Narışkinlər sarayında (həmçinin "Pototski sarayı" adlanır, çünki ilk sahibi Olqa Stanislavovna Pototskayanın soyadı evləndikdən sonra Narışkina olmuşdur) yerləşən dövlət incəsənət muzeyi. Saray XIX əsrin əvvəllərinə aid memarlıq abidəsidir.
Odessa Milli İncəsənət Muzeyi | |
---|---|
Одеський національний художній музей | |
![]() | |
![]() | |
Əsası qoyulub | 6 noyabr 1899 |
Açılış tarixi | 6 noyabr 1899 |
Ölkə | |
Yerləşir | Odessa |
46°29′36″ şm. e. 30°43′43″ ş. u.HGYO | |
ofam.org.ua | |
![]() |
Odessa İncəsənət Muzeyi 6 noyabr 1899-cu ildə Odessa İncəsənət Cəmiyyətinin (1865-ci ildə təsis edilmiş) səyləri ilə açılmışdır. Muzey kolleksiyası Sankt-Peterburq İncəsənət Akademiyasının muzey üçün bağışladığı rəsmlərlə başlanmışdır. 14 oktyabr 2021-ci ildə Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə milli status almışdır.[1][2]
Rusiyanın Ukraynaya hücum əməliyyatları zamanı limana yaxın yerləşən muzey şəhərə edilən demək olar ki, hər bir hücumdan zərər görmüşdür.[3] 5 noyabr 2023-cü ildə (muzeyin 124 illik yubileyi ərəfəsində)[4][5][6] "Oniks" raketi muzeydən 4 metr aralıda partlamışdır. Administrativ bina və portik zədələnmiş, bütün pəncərələr uçmuşdur. Müharibənin başlanğıcından etibarən muzeyin əsas ekspozisiyası fondlara köçürülmüş və qismən təxliyə edilmişdir. Onun yerinə müasir rəssamların əsərləri sərgilənməyə başlanmışdır. Ekspozisiyanın bir hissəsi olan qrot sığınacaq kimi istifadə olunmuşdur. Muzeyin ziyarətçi sayı üç dəfə azalmışdır.[3]
Tarixi boyu muzey dəfələrlə adını dəyişmişdir:[7]
Odessa İncəsənət Muzeyinin binası 1828-ci ilə qədər naməlum müəllifin layihəsi əsasında inşa edilmişdir. Binanı məşhur odessalı memar Frans Boffo yoxlamışdır. Sarayın ilk sahibi qrafinya Olqa Stanislavovna Narışkinanın qızlıq soyadı Pototskaya olmuşdur. 1840-cı illərdə saray sahiblərini dəyişmiş, 1888-ci ildə isə şəhər başçısı Qriqori Marazli tərəfindən alınaraq şəhərə hədiyyə edilmişdir.[8]
Odessa İncəsənət Muzeyinin kolleksiyası təsviri sənətin bütün növlərini — rəssamlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənəti əhatə edir və 10 mindən çox əsərdən ibarətdir. 26 zalda yerləşən ekspozisiyada XVI–XVIII əsrlər ikona rəssamlarının əsərləri, XVII əsrin dünyəvi portretləri, İvan Ayvazovskinin çoxsaylı əsərləri və XIX əsrin ikinci yarısında Rusiya incəsənətində demokratik istiqamətin nümayəndələri, xüsusilə Səyyar Sərgi Cəmiyyətinin üzvlərinin işləri nümayiş etdirilir. Bunlar İvan Kramskoy, Aleksey Savrasov, İsaak Levitan, İvan Şişkin, Arxip Kuinci, İlya Repin, Vasili Surikov və başqalarının əsərləridir. XIX–XX əsrlər sərhəddindəki sənət Valentin Serov, Mixail Vrubel, Nikolay Rerix, Boris Kustodiyev, Aleksandr Benua, Konstantin Somov, Vasili Kandinski və Cənubi Rus Rəssamlar Cəmiyyətinin ustalarının — Kiriak Kostandi, Gennadi Ladıjenski, Gerasim Qolovkov, Pyotr Nilus, Pyotr Qanski, Nikolay Kuznetsovun rəsmləri ilə təmsil olunur. XX–XXI əsrlər sənəti şöbəsi 1920-ci illərdən indiki dövrə qədər Odessanın bədii həyatını əks etdirir.[9]
Narışkinlər sarayının altında bir neçə boşluq — zirzəmilər və qalereyalar mövcuddur. Sarayın mərkəzi hissəsinin altında yerləşən yeraltı qrot Odessada ziyarətçilər üçün açıq olan yeganə belə məkandır. Bu gün qrotda ekskursiyalar keçirilir, burada sarayın tarixi, sahibləri və Şəhər İncəsənət Muzeyinin sarayda yerləşdirilməsi haqqında məlumat əldə etmək olar. Muzeydə Ukrayna dekorativ-tətbiqi sənət zalı və "Sarı nəhənglər" qalereyası açılmışdır.[10]