Pifiya oyunları (q.yun. Πύθια) — Olimpiyadadan sonra ikinci yeri tutan və dörd ildən bir Delfidə keçirilən dörd ümumellin aqondan biri. Onlar ilan Pifonun qalibi kimi Apollonun şərəfinə keçirilirdi.[1]
Rəqabət prinsipi qədim Yunanıstan cəmiyyətində böyük rol oynayırdı və yunanların bir çox fəaliyyət sahələrinə – siyasətə, ticarətə, idmana, incəsənətə və dinə nüfuz etmişdir. Ellinlərin milli özünüdərkini gücləndirməyə kömək edən aqonlarxüsusi əhəmiyyət kəsb edirdi. Barbarlara ümumellin oyunlarında iştirak etmək qəti qadağan edilmişdi.[2][3]
Pifiya oyunları günəş işığı, harmoniya tanrısı, incəsənətin və muzaların hamisi Zevsin vəsiyyətini insanlara elan edən Apollonun şərəfinə keçirilirdi.[4] Miflərə görə, bu oyunları Apollonun özü Pifon əjdahası üzərində qələbəsi şərəfinə təsis etmişdir.[5] Qələbədən sonra Apollonun adına "Pifiya" epiteti əlavə edilmiş və onun Delfidəki məbədinin kahini Pifiya adını almışdır.[6]