Piri Mürsəlzadə və ya Pirqulu Mürsəlov (1892, Bakı – 1920, Bakı) — azərbaycanlı jurnalist, siyasətçi, repressiya qurbanı. Müsavat Partiyasının Gənclər qolunun rəhbəri, "Səda" və "Azərbaycan" qəzetlərinin müxbiri.
Piri Mürsəlzadə | |
---|---|
![]() | |
Doğum tarixi | 1892 |
Doğum yeri | |
Vəfat tarixi | 1920 |
Vəfat yeri | |
Fəaliyyəti | jurnalist, publisist |
Partiyası | |
![]() |
Aprel işğalından sonra bolşeviklər tərəfindən həbs edilərək güllələnib. Məmməd Əmin Rəsulzadə özünün "Azərbaycan Cümhuriyyəti" kitabında onu "istiqlal şəhidi" adlandırıb.
Piri Babaverdi oğlu Mürsəlzadə 1892-ci ildə Bakının Binəqədi kəndində anadan olub.[1] Bakı Real məktəbini bitirib. Bir müddət Binəqədi kəndində müəllimlik edib.[1]
1910-cu ildə Haşım bəy Vəzirov Səda mətbəəsini qurub.[2] Piri Mürsəlzadə də bu mətbəədə çap olunan qəzetlərdə əvvəlcə tərcüməçi daha sonra isə jurnalist kimi fəaliyyət göstərib.[1] "Səda" qəzetində fəaliyyət göstərdiyi vaxt 1911-ci il martın 18-də hökumət əleyhinə təbliğatda təqsirləndirilərək[3] bir neçə qəzetin jurnalistləri ilə birlikdə jandarma tərəfindən həbs olunub.[4][5] Qəzetin redaksiyasında axtarış aparılıb[6] bir neçə ay sonra isə qəzet bağlanıb.[7] Cəzasını çəkmək üçün Bayıl həbsxanasına göndərilib.[8] 1911-ci il aprelin 9-da həbsdən azad edilib.[9] Həbsdən buraxılsa da jandarma tərəfindən daim təqib olunub.[9]
Məmməd Əmin Rəsulzadə ilə tanış olduqdan sonra 1917-ci ildə Müsavat Partiyasının Gənclər qolunun üzvü daha sonra isə rəhbəri olub.[10][11] 1917-ci ildə məhəlli hökumətin təşkilində kömək etmək məqsədilə Bakıdan Türküstana göndərilən 3 nəfərdən biri olub.[1] Burada Ümum-Rusiya Müəssislər Məclisinə Səmərqənd dairəsindən üzv seçilib.[12][13] Bir müddət fəaliyyət göstərdikdən sonra Bakıya geri qayıdıb.[1]
1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra dövlətin rəsmi mətbu orqanı olan Azərbaycan qəzetinin əməkdaşı olub.[5][14] Qəzetdə "Piri" imzası ilə yazılar yazıb.[14]
1919-cu il iyunun 13-də Denikin təhlükəsi əleyhinə Bakıda mitinq keçirilib. Müsavat Partiyası adından çıxış edən Piri Mürsəlzadə bütün təşkilat üzvlərinin Azərbaycanın müstəqilliyini qorumağa hazır olduğunu bildirib.[15]
1920-ci ildə Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin müttəfiq dövlətlər tərəfindən tanınması xəbərindən sonra yanvarın 14-ü bütün dövlət müəssisələrinin qulluqçuları üçün qeyri-iş günü elan edilib.[16] Həmin gün parlamentin təntənəli iclası, hərbi parad, mitinq və nümayişlər keçirilməsi keçirilib. Piri Mürsəlzadə də mitinqdə çıxış edərək sülh konfransının işindən ətraflı bəhs edib.[11]
Aprel işğalından sonra Həbib Cəbiyev tərəfindən həbs olunaraq 1920-ci ildə güllələnib.[10][17][18] Qəbrinin yeri bilinmir.[19] Ədəbiyyatşünas, şair Əmin Abid Gültəkinin yazdığına görə Piri Mürsəlzadə Qum adasında güllələndikdən sonra cəsədi dənizə atılıb.[20]
Məhəmməd Əmin Rəsulzadə özünün "Azərbaycan Cümhuriyyəti" kitabında onu "istiqlal şəhidi" adlandırıb.[21][22]