Qan qrupuna görə şəxsiyyət nəzəriyyəsi – insanın qan qrupu ilə onun şəxsiyyəti və temperamenti arasında əlaqənin olduğunu iddia psevdoelmi inanc.[1] Xüsusilə, Yaponiyada qan qrupuna əsasən şəxsin xarakterini müəyyən etməyin mümkün olduğuna inanılır.
Qan qrupuna görə şəxsiyyət nəzəriyyəsinin doğruluğu sübut etmək üçün bir sıra tibbi hipotezlər irəli sürülsə də,[2] kifayət qədər elmi dəlil olmadığı üçün nəzəriyyə elm dünyasında xurafat kimi qəbul olunur.[1][3][4] Müasir tədqiqatlar qan qrupu ilə şəxsiyyət arasında əhəmiyyətli sayılacaq əlaqə aşkar etməmişdir.[5][6][7][8]
Davranışların qanla ötürülməsi fikri Aristotelə qədər uzanır.[9] Hippokrat da şəxsiyyəti bioloji xüsusiyyətlərlə əlaqələndirməyə çalışmışdır.[9]
1927-ci ildə Tokio Qadın Müəllimlər Məktəbinin professoru Takeci Furukava "Xarakterin qan qruplarına əsasən tədqiqatı" adlı elmi işini nəşr etdirmişdir. O, bu əsərində qan qrupları ilə xarakter arasında əlaqənin olduğunu iddia etmişdir. Nəzəriyyə Yaponiya ictimaiyyətində sürətlə yayılmış və dövrün militarist hökuməti bu nəzəriyyədən ideal əsgərlər yetişdirmək üçün araşdırmada istifadə etmişdir.[1] Furukava digər bir tədqiqatında etnik qruplar arasındakı qan qruplarının nisbətini araşdırmışdır. Bunun üçün Hokkaydoda yaşayan aynuları və Tayvanda yaşayan formosalıları müqayisə etmişdir. Onun tədqiqat işindəki motivasiyası siyasi xarakter daşıyırdı. Belə ki, Tayvan adası 1895-ci ildə Yaponiyanın əlinə keçdikdən sonra yerli əhali yaponlara qarşı müqavimət göstərmişdir. Furukava qan qruplarına əsasən tayvanlıların "qəddar" davranışını açıqlamaq istəmişdir. O, tayvanlılardan götürdüyü nümunələrin 41,2 %-ində I qan qrupuna rast gəlmişdir. Daha az üsyankar xalq kimi tanınan aynulardan götürülmüş nümunələrdə bu rəqəm 23,8 % təşkil edirdi. Furukava I qan qrupunun dərəcəsini azaltmaq üçün yaponlarla tayvanlılar arasında evlilikləri dəstəkləmişdir.[10]
1970-ci illərdə Yaponiyada qan qrupu nəzəriyyəsinə maraq yenə oyanmışdır. Həmin dövrdə jurnalist Masahiko Nomi bu mövzuda kitab nəşr etdirmişdir. Onun kitabları və tədqiqatları psixoloqlar tərəfindən tənqid olunsa da,[11] populyar qalmağa davam etmişdir.[11] Oğlu Toşikata Nomi atasının ölümündən sonra nəzəriyyəni yaymağa davam etmiş və "Blood Type Humanics" təşkilatına rəhbərlik etmişdir.[12]
Yaponiyada qan qrupuna görə şəxsiyyəti müəyyənləşdirmək populyardır. Yaponiyanın qadın jurnallarında qan qrupları potensial partnerlərlə uyğunluğu müəyyən etmək üçün istifadə olunur. Səhər verilişlərində və gündəlik qəzetlərdə qan qrupu horoskopları haqqında məlumatlar verilir. Yaponca Vikipediyada məşhur şəxslər haqqında məqalələrin infoboksunda qan qrupu da qeyd olunur.[13] 2008-ci ildə qan qrupu və şəxsiyyət arasındakı əlaqədən bəhs edən bir neçə kitab Yaponiyada bestseller olmuşdur.[14] Yaponiyada aparılmış bir sorğu zamanı iştirakçıların yarısından çoxu qan qruplarına görə şəxsiyyətdən danışmağı sevdiyini bildirmişdir.[15]
Anime və manqalarda tez-tez personajların qan qrupları haqqında məlumat verilir, personajların şəxsiyyətləri və davranışları onların qan qrupuna uyğun olur. Bəzi videooyun personajlarının da qan qrupları olur.[16] Rekonstruksiya naziri Ryu Matsumoto İvate və Miyaqi prefekturalarının qubernatorları haqqında aqressiv şərhlərindən sonra vəzifəsindən istefa etməli olmuşdur.[17] O, daha sonra bu davranışını qan qrupu ilə əlaqələndirmişdir.[18]
Yaponiyada qan qrupuna görə bullinq etmək "bura-hara" adlanır.[19] Hökumətin xəbərdarlıqlarına baxmayaraq iş müsahibələrində qan qrupuna görə ayrı-seçilik halları qeydə alınır və ya softbol komandaları qan qruplarına görə oyunçuları ayırırlar.[20]