Qatil — Azərbaycanın xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Finlandiyanın Black and White Studio, Gürcüstanın "Studio 33A" və Vars Studio şirkətlərinin iştirakı ilə istehsal olunmuş tammetrajlı bədii film.
21 oktyabr 2015-ci ildə Nizami Kino Mərkəzində filmin qala-premyerası təşkil edilmiş, həmçinin 5 noyabr 2015-ci ildə Park Cinema və Metro Park kinoteatr şəbəkələrində VI Avropa Film Festivalı çərçivəsində filmin nümayişi olmuşdur.
Asan yolla qazanc əldə etmək məqsədilə qadınlarla görüşən cavan oğlan günlərin bir günü məktəbli yaşında aşiq olduğu müəlliməsi ilə qarşılaşır. Aralarında baş verən eşq macərası belə onu qadını soymaqdan çəkindirə bilmir, müəlliməsi ilə olan əhvalat onu sarsıdır. Ümidsizlik və çarəsizlik vəziyyətindən çıxış yolu tapa bilməyib, o, özünə və sevgilisinə işgəncə verir. Daha güclü mənəviyyata malik qadın isə onu sevir və xilas etməyə çalışır. Lakin hər şey faciə ilə nəticələnir, çünki, qurban elə əvvəldən öz xilaskarını (Qatilini) axtarırmış.