. Love.az

Refiqe Huseynzade - Wikipedia - Love.az

Ana Səhifə - Refiqe Huseynzade

Rəfiqə Abdul Ağa qızı Hüseynzadə (1952, Bakı) — Şöhrət ordenli azərbaycanlı alim, geologiya-mineralogiya üzrə elmlər namizədi, Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin fəxri üzvü (2023), "Xəzər Regionunda Ətraf Mühitin Mühafizəsi Təşəbbüsü" regional təşkilatının sədri (2020), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya üzrə vitse-prezidenti (2011–2023), SOCAR-ın ilk qadın vitse-prezidenti.

Rəfiqə Hüseynzadə
SOCAR-ın ekologiya üzrə vitse-prezidenti
15 mart 2011 – 1 avqust 2023
Şəxsi məlumatlar
Doğum tarixi 1952
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Partiya Yeni Azərbaycan Partiyası
Təhsili M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu
Fəaliyyəti alim, siyasətçi
Həyat yoldaşı
  • Çingiz Hüseynzadə
Elmi fəaliyyəti
Elm sahəsi geologiya-minerologiya
Elmi dərəcəsi geologiya-mineralogiya üzrə elmlər namizədi
Elmi adı
  • dosent
İş yeri Bakı Dövlət Universiteti

Təltifləri "Şöhrət" ordeni"Tərəqqi" medalı
"Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 20102010
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi fəaliyyəti
  • 3 Əmək fəaliyyəti
  • 4 Mükafatları və təltifləri
  • 5 İstinadlar

Həyatı

redaktə

Rəfiqə Abdul Ağa qızı Hüseynzadə 1952-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.[1] O, 1974-cü ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun "Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı" fakültəsini mühəndis geoloq ixtisası üzrə bitirmiş, 1975–1985-ci illərdə İnstitutun aspirantı və əməkdaşı olmuşdur.[1] 1981-ci ildə "Aşağı Küryanı neft-qaz yataqlarının geokimyəvi xüsusiyyətləri" mövzusunda geologiya-minerologiya elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.[1]

Rus, ingilis və türk dillərini bilir. O, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə evlidir.

Elmi fəaliyyəti

redaktə

Hüseynzadə 1985–1999-cu illərdə Azərbaycan Dövlət Universitetinin laboratoriyasında elmi işçi, baş elmi işçi və laboratoriya rəhbəri vəzifələrində çalışıb.[1] O, 1997-ci ildə ABŞ-nin Hyuston şəhərindəki HARC elmi-tədqiqat Mərkəzində (TEXACO şirkətinin dəvəti ilə), o cümlədən Norveçin Tronheym şəhərindəki "Geolab" və "Statoil" şirkətlərinə məxsus "Reserch Center" mərkəzində işləyib.[1]

2001-ci ildən BDU-nun "Faydalı qazıntılar" kafedrasında dosent kimi elmi fəaliyyətini davam etdirir. Geologiya-mineralogiya üzrə elmlər namizədi, 70-ə qədər məqalənin və elmi araşdırmanın müəllifidir.[1]

Rəfiqə Hüseynzadənin Kamal Mustafayev ilə birlikdə ixtiraçısı olduğu "neft layının modelləşdirilməsi üçün sistem" adlı ixtirasına 2020-ci ildə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən patent verilmişdir.[2] Rəfiqə Hüseynzadə həmçinin Lord Devid Evans ilə birgə İngiltərənin "Senate" nəşriyyatı tərəfindən çap edilmiş dörd kitabın, "Azərbaycanı Kəşf Et" (ing. Discover Azerbaijan) kitabının müvafiq olaraq 2015 və 2016-cı ildə yayımlanmış birinci və ikinci buraxılışlarının,[3] 2019-cu ildə yayımlanmış "Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi" (ing. Azerbaijan and United Kingdom 100 Years of Partnership) kitabının[4] və 2023-cü ildə yayımlanmış "Qarabağın dirçəlişi" kitabının həmmüəllifidir.

O, Böyük Britaniya Lordlar Palatasında "Azərbaycan-Böyük Britaniya arasında enerji və ətraf mühitin mühafizəsi əməkdaşlığı" mövzusunda Londonda 7 dəfə tədbir keçirmişdir.

Rəfiqə Hüseynzadə 2023-cü ildə Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin fəxri üzvü seçilib.[5]

Əmək fəaliyyəti

redaktə

1999–2011-ci illərdə SOCAR-ın təsis etdiyi "Azlab" MMC-nin baş direktoru olub.[1] 2011-ci ildə o, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur. Beləliklə o, SOCAR-ın ilk qadın vitse-prezidenti oldu.[6]

Hüseynzadə SOCAR-ın ekologiya üzrə vitse prezidenti kimi 2012-ci ildə "Neft daşları" və "28 May" NQÇİ-lərində səmt qazının yığılması layihəsinin, 2013-cü ildə "BP-Azərbaycan" şirkəti ilə birgə "Çıraq" yatağındakı platformada 20 ildən artıq şamda yandırılan qazın yığılması və ümumi qaz qəbulu xəttinə ötürülməsi layihəsinin rəhbəri, 2015-ci ildə BP ilə birgə əməkdaşlıq nəticəsində inşa edilən regionun ən böyük Tullantıların İdarə Edilməsi Mərkəzinin layihəsinin, 2014-cü ildən etibarən isə 20 ildən artıq atmosferə atılan səmt qazının illik 2 milyard m³ həcmində tutularaq əhalinin istifadəsinə verilməsi layihəsinin rəhbəri olub. 2015–2020-ci illərdə o həmçinin, BMT-nin İnkişaf proqramı ilə birgə "Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planı" (NAMA) layihəsinin rəhbəri olmuş, layihə çərçivəsində "Siyəzənneft" NQCI-nin ərazisində illik 7 mln. m³ səmt qazı tutularaq əhalinin istifadəsinə verilmiş və bununla ətraf meşələrin qırılmasının qarşısı alınmışdır.[7]

O, SOCAR-ın ekologiya üzrə vitse prezidenti kimi Dünya Bankının "Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq" (GGFR) təşkilatının rəhbər komitəsinin üzvü olmuş, rəhbər komitənin 2016-cı ildə Londonda,[8] 2017-ci ildə Parisdə[9] və 2020-ci ildə yenidən Londonda[10] təşkil olunmuş iclaslarında iştirak etmişdir. O həmçinin BP, ENİ, Equinor, ExxonMobil, Shell, Total və Wintershall şirkətlərinin təşəbbüsü ilə yaradılmış "Metan emissiyalarının azaldılması üzrə rəhbər prinsiplər" təşəbüssünün 2019-cu ildə Parisdə və 2020-ci ildə Londonda keçirilmiş görüşlərində də rəhbər komitənin üzvü olaraq SOCAR-ı təmsil edib.[11][12]

Onun 2018-ci ildə rəhbərlik etdiyi, Norveçin "Carbon Limits" şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən "Sızmaların müəyyənləşdirilməsi və aradan qaldırılması" (ing. "Leak Detection and Repair" — LDAR) layihəsi çərçivəsində SOCAR-ın əməliyyat sahələrində 21000 ton CO₂ ekvivalentində emissiya həcmi azaldılaraq sertifikatlaşdırılmış və layihənin icrası nəticəsində 3 milyon avro mənfəət əldə edilmişdir. Bu layihə həm də Azərbaycanda karbon kreditlərinin satışının həyata keçirildiyi ilk layihə olub.

2020-ci ildə BP, KazMunayGas, "Equinor Abşeron AS" və "Total E&P Absheron B. V." şirkətləri ilə birgə yaradılmış "Xəzər Regionunda Ətraf Mühitin Mühafizəsi Təşəbbüsü" (ing. Caspian Environmental Protection Initiative - CEPI) adlı regional təşkilatın ideya müəllifi və həmin ildən rəhbəri olmuşdur.[7][13]

2021-ci ilin 31 oktyabr – 12 noyabr tarixlərində Birləşmiş Krallığın təşkilatçılığı ilə Qlazqo şəhərində təşkil olunan COP26 konfransında SOCAR-ı təmsil edən nümayəndə heyətinə Hüseynzadə rəhbərlik edib.[14] O, həmçinin 2022-ci ilin fevralında 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin 8-ci iclası çərçivəsində Bakıda keçirilən "Enerji keçidi — Karbohidrogen mənşəli yanacaqlardan və metan azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər" sessiyasında təqdimatla çıxış etməklə SOCAR-ı təmsil edən yeganə çıxışçı olub.[15]

Mükafatları və təltifləri

redaktə
  • Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı
  • 2012 – Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın neft sənayesinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı.[16]
  • 2012 – Dünya Bankının GGFR təşkilatı tərəfindən Neft Daşları və "28 May" NQÇI-lərində səmt qazının yığılması layihəsinə görə ali mükafat.[17]
  • 2015 – Dünya Bankının GGFR təşkilatı tərəfindən Azəri-Çıraq-Günəşli yatağında qazın şamda yandırılmasının azaldılmasına görə ali mükafat.[17]
  • 2016 – BP-in prezidenti Qordon Birel tərəfindən BP şirkəti ilə birgə ekoloji layihələrin icrasında effektiv əməkdaşlığa görə mükafat.
  • 2017 – BP-nin prezidenti Qəri Counz tərəfindən Azəri-Çıraq-Günəşli yatağında şamda yandırılan qazın əsaslı azaldılmasına görə mükafat.
  • 2018 – GGFR-nin sədri Rikardo Puliti tərəfindən Azərbaycanda şamda yandırılan və səmt qazının azaldılmasında iştirak və Dünya Bankının GGFR təşkilatı ilə uğurlu əməkdaşlığına görə mükafat.
  • 2018 – Böyük Britaniya Parlamentinin Lordlar Palatası tərəfindən karbon emissiyalarının azaldılması və ətraf mühitin mühafizəsində roluna görə "Collaborative Pathfinder Award" mükafatı.[18]
  • 2023 – Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında neft sənayesinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 "Rəfiqə Hüseyn-zadə "Şöhrət" ordeni ilə təltif edilib". Report İnformasiya Agentliyi (az.). 2022-07-23. 2022-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-30.
  2. ↑ Patent: İ 2020 0059. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi
  3. ↑ ""Azərbaycanı kəşf et" kitabının ikinci nəşrində ölkəmizin tarixindən və müasir həyatından bəhs edilir". Azərtac. 2017-02-08. 2017-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-30.
  4. ↑ "Londonda "Azərbaycan-Böyük Britaniya əməkdaşlığının 100 illiyi" kitabının təqdimat mərasimi keçirilib". Azərtac. 2019-05-23. İstifadə tarixi: 2024-10-30.
  5. ↑ "Azərbaycan Geoloqu" elmi bülleteni (№ 26) (PDF). 2023. ISSN 2410-4264.
  6. ↑ "R.A.Hüseyn-zadənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ekologiya üzrə vitse-prezidenti təyin edilməsi haqqında Azərbayacn Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az (ingilis). 2011-03-15. İstifadə tarixi: 2024-10-30.
  7. ↑ 1 2 "Yeni ekoloji layihələr SOCAR-ı dünyanın nəhəng neft-qaz şirkətləri arasında ön sıraya çıxaracaq". Azərbaycan qəzeti (az.). 1970-01-01. İstifadə tarixi: 2024-10-30.
  8. ↑ "SOCAR-ın vitse-prezidenti Dünya Bankının "GGFR" təşəbbüsünün rəhbər komitəsinin iclasında iştirak edib". Azərtac. 2016-07-05. 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-30.
  9. ↑ "SOCAR-ın vitse-prezidenti Dünya Bankı ekoloji proqramının Rəhbər Komitəsinin iclasında iştirak edib". Report İnformasiya Agentliyi (az.). 2020-06-21. 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-30.
  10. ↑ "SOCAR-ın vitse-prezidenti GGFR-in Rəhbər Komitəsinin onlayn görüşündə iştirak edib". Report İnformasiya Agentliyi (az.). 2020-07-15. İstifadə tarixi: 2024-10-30.
  11. ↑ "Rəfiqə Hüseynzadə: "SOCAR ətraf mühitin mühafizəsi ilə bağlı beynəlxalq əməkdaşlığa xüsusi önəm verir"". Report İnformasiya Agentliyi (az.). 2020-06-21. İstifadə tarixi: 2024-10-30.
  12. ↑ "Londonda SOCAR-ı Rəfiqə Hüseynzadə təmsil edib". ikisahil.az (az.). 2020-01-16. İstifadə tarixi: 2024-10-30.
  13. ↑ "SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə yeni ekoloji regional təşkilata sədr seçilib". Azərtac. 2020-05-04. İstifadə tarixi: 2024-10-30.
  14. ↑ "SOCAR-ın nümayəndə heyəti beynəlxalq COP26 tədbirində iştirak edib". Report İnformasiya Agentliyi (az.). 2021-11-15. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-30.
  15. ↑ "Rəfiqə Hüseynzadə: Ekoloji dayanıqlı texnologiyaların tətbiqi sayəsində "yaşıl iqtisadiyyat"a keçid mümkün olacaq". respublika-news.az. 2023-04-09. İstifadə tarixi: 2024-10-30.
  16. ↑ "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2012 tarixli Sərəncamı". Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi (az.). İstifadə tarixi: 2024-10-30.
  17. ↑ 1 2 "SOCAR-ın vitse-prezidenti GGFR-in Rəhbər Komitəsinin onlayn görüşündə iştirak edib". Report İnformasiya Agentliyi (az.). 2020-07-15. İstifadə tarixi: 2024-10-30.
  18. ↑ "SOCAR-ın vitse-prezidenti mükafata layiq görüldü". Qafqazinfo (az.). 2018-12-15. İstifadə tarixi: 2024-10-30.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rəfiqə_Hüseynzadə&oldid=7839169"
LOVE.AZ