Rəftar Cəlil oğlu İmanov (16 oktyabr 1929) — tarixçi-alim, Azərbaycan Dövlət Dəniz Akademiyasının Kafedra müdiri, qarabağşünas.
Rəftar İmanov | |
---|---|
Rəftar Cəlil оğlu İmanov | |
![]() | |
Doğum tarixi | (95 yaş) |
Doğum yeri | Dövlətyarlı, Füzuli, Azərbaycan SSR |
Rəftar Cəlil oğlu İmanov 16 oktyabr 1929-cu ildə Füzuli rayonunun Dövlətyarlı kəndində dünyaya göz açıb. Natamam orta təhsilini Dövlətyarlı kəndində aldıqdan sonra orta təhsilini Füzuli Pedoqoji texnikumunda başa çatdırmışdı. Orta təhsillə kifayətlənməyən R. İmanov ali təhsili almaq üçün 1946-cı ildə indiki Bakı Dövlət Univesitetinin tarix fakültəsinə daxil olur. Burada о, akademik İsmayıl Hüseynov və Əlisöhbət Sumbatzadə, Akademiyanın müxbir üzvüləri Zülfəli İbrahimov, Əlövsət Quliyev və İqrar Əliyev, professorlar Hətəm Şahmalıyev, Mehdi İrəvanski, Məmməd Şıxlı və Miryusif Mirhadıyev (1922–1994), dosent Əkbər Dadaşlı və digər görkəmli tarixçi alimlərin mühazirələrinii dinləyərək savadlı tarixçi kimi formalaşmışdı.
Bakı Dövlət Univesitetini müsbət göstəricilərlə başa vurmuş R. İmanov 1951-ci ildə doğma rayonunun Qarğabazar kənd orta məktəbinə təyinat alır. Gənc müəllim dərs dediyi bütün siniflərdə tarix fənninin sirlərini şagirdlərə öyrətməkdə xüsusilə canfəşanlıq edərək Füzuli rayonunun tarix müəllimləri arasında layiqli hörmət qazanmışdı.
R. İmanov pedoqoji fəaliyyətilə yanaşı elmi fəaliyyətlə də məşğul olmağı qarşısında məqsəd qoymuşdu. Beləliklə о, 1967–1971-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstutununun aspirantı olmuşdur. 1973-cü ildə isə о, Akademiyanın vitse prezidenti, akademik İ. A. Hüseynovun rəhbərliyilə başa çatdırdığı "Azərbaycanın yeni şəhəri Daşkəsənin yaranması və inkişaf tarixi (1945–1970)" mövzusunda namizədlik dissertasiyasını Akademiyanın Tarix Instutunda müvəffəqiyyətlə müdafiə etmişdir. 1973-cü ildə tarix elmləri namizədi alimlik dərəcəsi və 1979-cu ildə isə dosentlik elmi rütbəsi almış R. İmanov 1973-cü ildən 1988-ci ilədək Xankəndi Dövlət Pedoqoji İnstitutnda dosent, tarix fakültəsinin dekanı və tarix kafedrasının müdiri vəzifələrinə çalışmışdı. R. İmanova 1988–1992-ci illərdə H. Zərdabi adına Gəncə Pedoqoji İnstitutunun İctimai Elmlər kafedrasında dosent, 1992–1996-cı illərdə isə N. Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şuşa filialında dosent vəzifəsində çalışmaq nəsib olmuşdur. Rəftar müəllim 1996-cı ilin oktyabr ayından bəri Azərbaycan Dövlət Neft Akademiyasının tarix kafedrasında çalışırdı. Hazırda Dənizçilik Akademiyasının tarix kafedrasının müdiridir.
R. İmanov 50-illik elmi-pedoqoji staca malik qocaman müəllim və səriştəli tarixçi alimdir. О, çalışdığı dövr ərzində "SSRİ-nin qabaqcıl maarif xadimi" adına layiq görülmüş, Azərbaycan Maarif Nazirliyinin və Azərbaycan Respublikası Ali Təhsil Nazirliyinin "Fəxri fərmanları" ilə təltif olunmuşdur.
Rəftar İmanov elmi və pedoqoji fəaliyyəti ərzində 4 monoqrafiya, 10 elmi metodiki vəsait, 35 elmi-nəzəri və publistik məqalə nəşr etmişdir.