. Love.az

Ramiz Qusarcayli - Wikipedia - Love.az

Ana Səhifə - Ramiz Qusarcayli

Ramiz Qusarçaylı (Həmzəyev Ramiz Mürsəl oğlu; 25 dekabr 1958, Çartəpə, Quba rayonu) — Azərbaycan şairi və publisisti. Azərbaycan Yazıçılar Birliyinin (1996) və İraq Türkman Yazarlar Birliyinin üzvü (2019), Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri (2002–2015; 2022–indi). "Azərmətbuatyayımı" ASC-nin 5 saylı Regional "Mətbuatyayımı" İdarəsinin rəisi.

Ramiz Qusarçaylı
Ramiz Mürsəl oğlu Həmzəyev
Təxəllüsü Qusarçaylı
Doğum tarixi 25 dekabr 1958(1958-12-25) (66 yaş)
Doğum yeri
  • Çartəpə, Quba rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Təhsili
  • 1 nömrəli Fizika-riyaziyyat təmayüllü internat məktəbi[d] (1974–1976),
  • Azərbaycan Politexnik İnstitutu (1980–1986),
  • Rusiya Dövlət Sosial Universiteti[d]
Fəaliyyəti şair, publisist
Əsərlərinin dili Azərbaycan dili
İstiqamət poeziya
İlk əsəri “Bağban” şeiri (“Azərbaycan gəncləri” qəzeti, 1975)
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi,
  • Dədə Ələsgər Ədəbi Məclisi[d],
  • İraq Türkman Yazarlar Birliyi[d]

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 Kitabları
  • 4 Təltifləri
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Ramiz Qusarçaylı 1958-ci ilin dekabr ayının 25-də Quba rayonunun Çartəpə kəndində anadan olmuşdur. 8 illik təhsilini Çartəpə kəndində, orta təhsilini isə Bakıdakı fizika-riyaziyyat təmayüllü məktəbdə (1974–1976) almışdır.[1]

1977–1979-cu illərdə ordu sıralarında xidmət etmişdir. Xidmət zamanı Piyadanın döyüş maşınında (BMP) atıcı-operator olmuş, təlimlərdə göstərdiyi şücaətlər barədə Moskvanın "Krasnaya Zvezda", Zaqafqaziya hərbi dairəsinin "Leninskaya Znamya" qəzetlərində oçerk və məqalələr dərc edilmişdir.[2]

Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun mexanika (1980–1986), Rusiya Dövlət Sosial Universitetinin hüquqşünaslıq fakültələrində təhsil almış, Bakı Baş Tikinti İdarəsində, "Elm və Həyat" jurnalı redaksiyasında, "Zaman" Beynəlxalq qəzetində, Tula və Donetsk vilayətlərində, Quba rayon icra hakimiyyətində müxtəlif vəzifələrdə çalışmışdır.

Hazırda Azərbaycan Respublikası "Azərmətbuatyayımı" ASC-nin 5 saylı Regional "Mətbuatyayımı" İdarəsinin rəisidir.

2025-ci ildə Azərbaycanda keçirilən bələdiyyə seçkilərində qələbə qazanmışdır.

Yaradıcılığı

redaktə

Ramiz Qusarçaylı yaradıcılığa erkən uşaqlıq illərindən başlamış, "Bağban" adlı ilk mətbu şeiri 1975-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilmişdir.[3]

17 yaşında ikən xalq şairi Osman Sarıvəlli ona "Qusarçaylı" təxəllüsünü vermiş, mətbuat səhifələrində yaradıcılığı barədə məqalə ilə çıxış edərək uğurlu yol diləmişdir.

1993-cü ildə Qubada bölgə yazarlarını özündə birləşdirən "Ay işığı" adlı ədəbi məclis yaratmış və hazırda məclisə sədrlik edir. 1994-cü ildə "Ay işığı" adlı ədəbi məclisinin bazasında Azərbaycan Yazıçılar Birliyi Quba bölməsi təsis olunmuşdur. 2002-ci ildən 2015-ci ilə kimi Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri olmuş, 2022-ci ildən yenidən Quba bölməsinin sədri təyin olunmuşdur.

1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin, 2019-cu ildən isə İraq Türkman Yazarlar Birliyinin üzvüdür.

Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz, Söhrab Tahir, Nəriman Həsənzadə, Musa Yaqub, Zəlimxan Yaqub, İsa Həbibbəyli, Teymur Bünyadov, Nizami Cəfərov, Şahin Fazil, Nadir Məmmədli, Anar İsgəndərli, Eynulla Mədətli, Vaqif Arzumanlı, Qafar Cəbiyev, Famil Mehdi, Məmməd Aslan, Şahmar Əkbərzadə, Tofiq Mütəllibov, Əmir Pəhləvan, Firuzə Məmmədli, Davud Nəsib, Əlibala Məhərrəmli, Vaqif Yusifli, Rüstəm Kamal, Məmməd Əliyev, Ziba Ağayeva, Ramiz Əskər, Nazim Muradov, Allahverdi Eminov, Nazif Qəhrəmanlı, Həmid Abbas, İlham Abbasov, Aydın Qacar, Südabə Ağabalayeva, Fəxrəddin Oruc Qəribsəs, Yusif Alıyev, Zakir Məmməd, Əsəd Cahangir, Nəriman Əbdülrəhmanlı, Məhrux Dövlətzadə, Kəmalə Bayramova, Həmid Ormanlı, Əli Rza Xələfli, Seyidnisə Lətifli və başqaları onun yaradıcılığına həsr edilmiş məqalələrlə respublika mətbuatında çıxış etmişlər.

"Çörəyim daşdan çıxır", "Ömür qapıları", "Bir çiçək axşamı", "Nə ğözəldi yolun, Allah", "Eşşəknamə", "Almalı kitab", "Gedəsən dünyanın axırınacan", "Sevgidi dünyaya qəsdim" və "Vətən" adlı şeir və poemalar, "Göyəm ağacı" adlı tərcümə kitablarının, "Quba" adlı foto-albomun, "Ay işığı" adlı beş almanaxın, onlarla elmi, bədii və publisistik məqalənin müəllifidir.

Filologiya elmləri doktoru, professor Vaqif Arzumanlının şairin həyat və yaradıcılığına həsr etdiyi "Təbiət, qeyrət, həqiqət şairi", tarix elmləri doktoru, professor, şair-tərcüməçi Şahin Fazilin "Sözləri ecazdı Qusarçaylının", şair-publisist Zakir Məmmədin "Haqqın cəlalı Qusarçaylı şeirində", şair-publisist Gülarə Aydının "Məni yaman tutub şeir havası" və şair-rəssam Qərib Aşkarinin "Əlini ver, Qusarçaylı" adlı kitabları dərc edilib oxucuların ixtiyarına verilmişdir.

Ümumiyyətlə şairin həyat və yaradıcılığına 700-dən artıq məqalə, şeir, esse, kurs və diplom işləri, dissertasiyalar yazılmışdır. Şeirləri ingilis, ispan, rus, ukrayna, fars, qazax, qırğız, özbək və Dağıstan xalqlarının dillərinə tərcümə olunmuş, Donetsk şəhərində "Buz örtüyü" adlı topluda dərc edilmiş, kitabları Rusiya, Ukrayna, İran və Türkiyədə nəşr olunmuşdur.

Macar, italyan, ingilis, rus, ukrayna dillərindən tərcümə etdiyi şeirləri "Göyəm ağacı" adlı kitabda dərc olunmuşdur.

"Ay işığı" ədəbi məclisinin rəhbəri kimi Dərbəndin ədəbi şəxsləri ilə sıx əlaqələr yaratmış, bu da milli tərkibi müxtəlif olan bir bölgədə dostluğa, qardaşlığa və sivil mədəniyyətimizin işıqlı sabahına xidmət edən ədəbi mühitin yaranmasına gətirib çıxarmışdır. Əldə etdiyi ədəbi uğurlara görə dəfələrlə Fəxri fərman, diplom və mükafatlarla təltif olunmuşdur.

Şairin "Azərbaycan bayrağı" şeiri Azərbaycan Respublikası Təhsil Nazirinin əmrinə əsasən Ali məktəblərin bütün ixtisasları üçün təsdiqlənib nəşr olunmuş "Azərbaycan dili və nitq mədəniyyəti" adlı dərslik kitabında, Dövlət İmtahan Mərkəzinin 9-cu siniflər üçün Azərbaycan dilinin Test kitabında və 8-ci siniflər üçün "Azərbaycan dili" dərslik kitabında, "Şuşalı vətən" və "Gözün aydın, Qarabağ" adlı şeirləri isə 6-cı və 7-ci siniflər üçün "Ədəbiyyat" dərslik kitablarında yer almış, tələbə və şagirdlərə tədris edilir.

Şanlı ordumuzun möhtəşəm Qarabağ qələbəsinə həsr edilmiş "Zəfər Paradı"nın Azərbaycan Televiziyasında canlı yayımı da məhz "Azərbaycan bayrağı" şeiri ilə açılmışdır.

Kitabları

redaktə
  • "Çörəyim daşdan çıxır", Bakı: Yazıçı, 1989.
  • "Ömür qapıları", Bakı: Şirvannəşr, 1999.
  • "Quba" (foto-albom), Bakı: 2000.
  • "Bir çiçək axşamı", Bakı: Araz, 2005.
  • "Eşşəknamə", Bakı: Araz, 2006.
  • "Nə gözəldi yolun, Allah", Bakı: Hüquq ədəbiyyatı, 2010.
  • "Almalı kitab" Bakı: Müəllim, 2012.
  • "Göyəm ağacı" (tərcümə), Bakı: 2013.
  • "Gedəsən dünyanın axırınacan" Bakı: 2017.
  • "Sevgidi dünyaya qəsdim". Bakı: "Vektor" Beynəlxalq Nəşrlər Evi, 2020.
  • "Vətən", Bakı: Mücrü 2022.
  • "Vatan" (türk dilində), Bakı: XAN Nəşrlər Evi (HAN Yayınları) 2024.

Təltifləri

redaktə

2009–2010-cu il üçün Prezident təqaüdçüsü olub.

2019-cu ildə "Azərbaycan bayrağı" şeirinə görə Şahmar Əkbərzadə adına Beynəlxalq mükafata,

2022-ci ildə "Vətən" poemasına görə Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi Əhməd Cavad mükafatına,[4]

2022-ci ildə "Vətən" poemasına görə Türkiyə Cümhuriyyətinin "Ziya Paşa Büyük Ödülü"nə,[5]

2022-ci ildə "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin ən ali mükafatı olan "Aşıq Ələsgər – 200" yubiley medalına,[6]

2023-cü ildə Mərkəzi Asiya Yazıçılar və Tarixçilər İttifaqının və "Əmir Teymur" Beynəlxalq Xeyriyyə Fondunun "Turan Birliyi" medalına,

2023-cü ildə Türk dünyası mədəniyyəti və ədəbiyyatı qarşısında xidmətlərimə görə Beynəlxalq Türk Müəllifləri Birliyinin, Türkiyə və Azərbaycan Mədəniyyət Nazirliklərinin, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin, Azərbaycan Yazıçılar Birliyinin, TÜRKSOY-un və İLESAM-ın dəstəyi ilə keçirilən II-Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Nizami medalına layiq görülüb.[7]

2023-cü ildə Saxa-Yakut Respublikası Mədəniyyət Nazirinin,

2023-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin,

2024-cü ildə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin,

2024-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirinin "Fəxri Fərman"larıyla və bir sıra fəxri diplomlarla təltif olunmuşdur.

İstinadlar

redaktə
  1. ↑ Əhmədov, Teymur. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) (az.). Bakı: Nurlar NPM. 2011. səh. 1056. ISBN 9789952460063.
  2. ↑ "Dünyanın axırında üz-üzə gələcəyimiz Şair!" (az.). aktual.az. 2018-03-28. 2025-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-06.
  3. ↑ Real TV. "Ədəbiyyatımızın vətən şairi" (az.). Youtube.com. 25.12.2023. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  4. ↑ AYB yeni mükafatlar təsis edib — Builki qaliblər
  5. ↑ "Ramiz Qusarçaylı təltif edildi". TurkicWorld. 2022-06-14. 2025-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-06.
  6. ↑ "Ələddin Allahverdiyevin 75 illik yubileyi qeyd olundu". butov.az (az.). butov.az. 2022-05-30. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.
  7. ↑ "Ramiz Qusarçaylının "Vətən" poemasının təqdimatı oldu". Bizim.Media. 2025-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-06.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ramiz_Qusarçaylı&oldid=7992886"
LOVE.AZ