Rusiyanın tərkibində erməni muxtariyyəti (erm. Հայոց թագավորություն, rus. Армянская автономия в составе России) — Rusiya imperiyasının protektoratı altında Erməni muxtar çarlığının yaradılması haqqında layihə. Bu, erməni mənşəli nüfuzlu Rusiya subyektləri tərəfindən hazırlanmış və 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı imperator I Nikolaya təqdim edilmişdir. I Nikolay müharibədə qalib gəldikdən sonra Rusiyaya yeni birləşdirilmiş ərazilərin təşkilati-ərazi bölgüsü və idarəetmə sistemi planı hazırlanan dövrdə bu təklifi rədd etmişdir. Buna baxmayaraq, o, ermənilərin bəzi istəklərini təmin etmiş və Rusiya imperiyasının tərkibində Erməni vilayətinin yaradılmasını təsdiqləmişdir. Bu vilayət 1840-cı ilə qədər mövcud olmuşdur.
Cənubi Qafqazın Rusiya tərəfindən zəbt edilməsindən xeyli əvvəl erməni siyasi və mənəvi liderləri "torpaqlarını İran və Osmanlı hökmranlığından azad etmək" xahişləri ilə Rusiyaya dəfələrlə müraciət etmişdilər.[1][2][3][4][5].
II Yekaterinanın Rusiya taxtına gəlməsi ilə erməni–Rusiya münasibətlərində xeyli canlanma baş vermiş, erməni və gürcü dünyəvi və mənəvi liderləri yenidən Rusiyadan himayəçilik planları ilə Rusiya rəhbərliyinə üz tutmağa başlamışdılar. İri erməni tacirləri, habelə 1760-cı və 1766-cı illərdə katolikozlar V Akop və I Simeon Rusiyanın protektoratlığı təklifləri ilə imperatriçaya müraciət etmişdilər. Yekaterina 1768-ci ildə ermənilərin azad edilməsinə kömək etmək üçün xüsusi fərman vermişdir. Rusiyanın hakim dairələri, xüsusən də Qriqori Potyomkin Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarını, habelə Qaracadağ vilayətini Rusiyaya birləşdirərək Rusiyanın protektoratı altında ermənilər üçün muxtar dövlət yaratmağı planlaşdırırdı. Bundan başqa, Gəncə xanlığının ərazisinin Gürcüstana birləşdirilməsi nəzərdə tutulurdu.[6][7] Rusiya hakimiyyəti inanırdı ki, xristian gürcülər və ermənilər Rusiya hakimiyyətinə üstünlük verəcək, Rusiyanın Qafqaz müsəlmanları üzərində nəzarətini dəstəkləyəcəklər.[8]
Döyüşlər Rusiya üçün uğurlu keçmişdir. Hələ rəsmi olaraq müharibə elan edilməmişdən əvvəl, 1826-cı ilin sentyabrında Gəncə şəhəri almışdır, 1827-ci ilin yayında Rusiya ordusu Qacarların Gürcüstan quberniyasına soxulmaq cəhdinin qarşısını ala bilmiş, oktyabr ayında İrəvan xanlığının paytaxtı və əsas qalası İrəvan almış, Naxçıvanı da elə həmin il özünə birləşdirmişdir.
Müharibə illərində Rusiya imperiyasının hakim dairələri Rusiya ordusu tərəfindən işğal edilmiş regionların sonradan Rusiyanın ərazi idarəetmə sisteminə inteqrasiyası ilə onların administrasiyasının yaradılması məsələsi ilə üzləşmişdilər. Problemin həlli üçün xüsusi hökumət komissiyası təsis edilmişdir. Eyni zamanda, Xristofer Yekimoviç Lazarev, Moisey Zaxaroviç Arqutinski-Dolqoruki və Aleksandr Makaroviç Xudobaşev kimi Rusiyanın himayəsi altında erməni dövlətçiliyinin dirçəldilməsi ideyasının tərəfdarları olan bir qrup erməniəsilli siyasi xadimlər Rusiya imperiyasının tərkibində erməni muxtariyyəti yaratmağı planlaşdırırdı. Bu cür fikirlərin tərəfdarı və ilhamvericisi, Rusiya ordusunun hərəkətlərini hər formada dəstəkləmiş bütün ermənilərin katolikosu V Nerses Aştaraketsi idi.[9][10][11][12]
Layihəyə əsasən, siyasi anlayış kimi formalaşdırılan Şərqi Ermənistan ərazisinin bir hissəsində (Qarabağ və Zəngəzur regionları, həmçinin keçmiş İrəvan və Naxçıvan xanlıqları) Rusiya imperatoru "Erməni çarı" titulu ilə Erməni muxtar çarlığı (knyazlığı) yaradılmalı idi. Muxtariyyətin öz qanunları və heraldikası, Osmanlı və Qacar sərhədlərində yerləşdirilmiş, erməni hərbi qulluqçularından ibarət öz sərhəd ordusu olmalı idi. Erməni kilsəsinə xüsusi hüquq və azadlıqlar verilməli idi. İranla əvvəlki müharibəyə son qoyan 1813-cü il Gülüstan müqaviləsinin şərtlərinə görə, Şərqi Ermənistanın ərazisinin yarısı artıq Rusiyaya birləşdirilmişdi.[13][14][15][16][17]
Rusiya–İran müharibəsinə son qoyan, 22 fevral 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsinin şərtlərinə görə, İrəvan və Naxçıvan xanlıqları Rusiyanın tərkibinə keçmişdir.[14][18][19][20][21][22][23] Rusiya imperatoru müqavilədən sonra ermənilər üçün muxtar çarlıq yaratmaq təklifindən imtina etmişdir. Buna baxmayaraq, o, ermənilərin bəzi istəklərini təmin etmiş[24] və Rusiya imperiyasının tərkibində Erməni vilayətinin yaradılmasını təsdiqləmişdir.[25][26] Regionu tədqiq etmiş İvan Şopenə görə, İrəvan xanlığının əhalisinin 71,5%-ni, Naxçıvan xanlığının isə 83%-ni Azərbaycan türkləri, kürdlər və iranlılardan ibarət "müsəlmanlar" təşkil edirdi.[27] Erməni vilayəti 1840-cı ilə qədər mövcud olmuşdur.[28]