Sadıq Padeqan (1899, Təbriz – 1981, Bakı) — siyasətçi, ictimai xadim, Tudə Partiyasının və Azərbaycan Demokrat Firqəsinin qurucularından biri. Xiyabani və 21 Azər hərəkatında iştirak edib. Mir Cəfər Pişəvəri dünyasını dəyişdikdən sonra 1947–1954-cü illərdə Azərbaycan Demokrat Firqəsinin sədri olub.
Sadıq Padeqan | |
---|---|
![]() | |
12 dekabr 1945 – 12 dekabr 1946 | |
11 iyun 1947 – 1954 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1899 |
Doğum yeri | |
Vəfat tarixi | 1981 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Döyüşlər |
Xiyabani Hərəkatı 21 Azər hərəkatı (1945) |
|
|
Təltifləri |
![]() |
![]() |
Sadıq Padeqan 1899-cu ildə Təbrizdə anadan olub.[1][2] 1920-ci ildə Məhəmməd Xiyabani hərəkatına qoşulub. Hərəkat dağıldıqdan sonra SSRİ-yə köçüb və Moskavada ali iqtisadi təhsil alıb. 1938-ci ilə qədər Naxçıvanda kooperasiya sistemində işləyib. Daha sonra Təbrizə geri qayıdıb.[1][2]
1941-ci il avqustun 25-də SSRİ ordusu Cənubi Azərbaycana daxil olub.[3][4] Bundan sonra bir çox partiya və təşkilatlar yaranmağa başladı. 1941-ci ildə yaradılmış Tudə Partiyasına üzv olub.[1] 1941-ci ilin oktyabr ayında Təbrizdə Azərbaycan cəmiyyəti yaradılıb.[5] Cəmiyyəti quranlar Hacı Əli Şəbüstəri, Əli Maşınçı, İsmayıl Şəms, Hilal Nasiri və digərləri idilər.[6][7][8][9] 1942-ci ilin yanvar ayında yaradılmış Azərbaycan Zəhmətkeşlər Təşkilatının Mərkəzi Komitəsinin üzvü olub.[6][9] 1945-ci ilə qədər Tudə Partiyasının Təbriz əyalət təşkilatının başçısı olub.[10][11] 1945-ci ilin sentyabrın 6-da Tudə Partiyasının Azərbaycan təşkilatının əyalət plenumunda qərara alınır ki, partiyanın Azərbaycan təşkilatının üzvləri Azərbaycan Demokrat Firqəsinə keçsinlər.[12][13] Bunu təmin etmək üçün Sadıq Padeqan, Zeynalabidin Qiyami, Məmməd Hüseyn Burhani, Yədulla Kələntəri və Əbülhəsən Vaqifdən ibarət komissiya yaradılıb.[12][14]
1945-ci il sentyabrın 14-də Təbrizdə baş tutmuş görüşdə Azərbaycan Demokrat Partiyasının qurulması ilə bağlı Sadıq Padeqanın da üzv olduğu 14 nəfərlik Təşkilat Komitəsi yaradılıb.[15][16] 1945-ci ilin oktyabrın 2-də Azərbaycan Demokrat Partiyasının birinci təsis qurultayı keçirildi.[17][18][19] Burada ADP-nin nizamnaməsi qəbul olundu, 3 sentyabr müraciətnaməsinin müddəaları bir daha təsdiqləndi.[17][18] Qurultay tərəfindən Mir Cəfər Pişəvəri ADF Mərkəzi Komitəsinin sədri, Mirzə Əli Şəbüstəri və Sadıq Padeqan isə onun müavinləri seçildilər.[17][18] ADF Mərkəzi Komitəsinin İcraiyyə Heyətinin üzvlüyünə Mir Cəfər Pişəvəri, Mirzə Əli Şəbüstəri, Sadıq Padeqan, Məhəmməd Biriya, Salamulla Cavid seçildilər.[18][20][21]
1945-ci il noyabrın 20-də Təbriz Ərk teatrının binasında Azərbaycan Xalq Konqresi fəaliyyətə başladı.[22][23][24] Noyabrın 21-də konqres nümayəndələrindən, seçkiləri bitirib hökuməti yaradana qədər, qərarların icrasını təmin etmək üçün, Milli heyət yaradıldı.[25][26] Sadıq Padeqan da Milli heyətə seçilən 39 nəfərdən biri olub.[27][26][28] 1945-ci il noyabrın 27-dən dekabrın 2-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi azad seçkilər keçirilib.[25][29][30] Keçirilən seçkilər nəticəsində Sadıq Padeqan səs toplayaraq Azərbaycan Milli Məclisinə Təbrizdən nümayəndə seçilib.[31]
1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub.[32] Elə həmin gün keçirilmiş Azərbaycan Milli Məclisinin ilk iclasında Sadıq Padeqan Milli Məclisin sədri seçilmiş Mirzə Əli Şəbüstərinin müavini seçilib.[33] 1946-cı il yanvarın 15-də Azərbaycan Milli Hökumətinin Konstitusiyasının yazılması ilə bağlı 15 nəfərlik komissiya yaradılıb.[34] Bu komissiyaya Sadıq Padeqan da daxil olub.[35][36]
1946-cı il aprelin 28-də Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Tehrana danışıqlar üçün gedən nümayəndə heyətinin üzvü olub.[37][38][39]
1946-cı ildə milli-demokratik hərəkatda iştirak etdiyi üçün "Səttarxan" ordeni ilə təltif edilib.[40][41]
1946-cı il avqust ayının 1-də Salamulla Cavidin rəhbərliyi ilə, Hacı Mirzə Əli Şəbüstəri, Sadıq Padeqan, general Mahmud Pənahiyan, polkovnik Murtəzavi, mayor Toğraidən ibarət olan nümayəndə heyəti ilə ikinci dəfə Tehrana danışıqlara gedib.[42][43]
1946-cı il dekabrın 5-də Miyana istiqamətində hücum edən şah qoşunları fədailər tərəfindən dayandırıldı.[44] Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər.[45][46] Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu.[45][47] Bu komitəyə Mirzə Əli Şəbüstəri, Qazi Məhəmməd, Qulam Yəhya, Mahmud Pənahiyan və Sadıq Padeqan üzv oldular.[46][45] Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu.[48][46][45] Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu.[47][49] Bundan sonra Mir Cəfər Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi.[46][50] Lakin bu istəyi də cavabsız qaldı.[51]
1946-cı il dekabrın 11-dən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[52][53] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar.[53] Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[53][52] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[52][54] Azərbaycan Milli Hökuməti süqut etdi.[55][56] Minlərlə insan həbs olundu. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[57][58][59] 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[60][61] Bundan sonra da qırğınlar və talan davam etdi.[54][60] Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Sadıq Padeqan bir neçə hökumət üzvü ilə birlikdə Azərbaycana mühacirət edib.[62][63]
1947-ci ildə Mir Cəfər Pişəvəri dünyasını dəyişdikdən sonra Azərbaycan Demokrat Firqəsinin sədri olub.[64][65][66] 1954-cü il sentyabr ayında bu vəzifəni tərk edib.[67]