Sahilə İbrahimova (1985, Sumqayıt) — Azərbaycan yazıçısı. Feminist yazıçı, esseist, "Karusel" ədəbi jurnalının təsisçisi, "Açıq hava kitabxanası" layihəsinin ideya müəllifi, Prezident təqaüdçüsü (2010/11). "Yaya" təxəllüsü ilə əsərlər yazır.[1]
Sahilə İbrahimova | |
---|---|
Doğum tarixi | 1985 |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyət illəri | 2006-cı ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
Üzvlüyü |
Sahilə İbrahimova 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.
2007-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində tarixçi ixtisası üzrə bakalavr[2], ardınca yenə həmin universitetin həmin fakültəsində etnologiya-etnopsixologiya ixtisası üzrə magistr dərəcəsi alıb.[3]
2006–2008-ci illərdə Gənclər və İdman Nazirliyinin layihəsi olan "Azərbaycan Gənclər Parlamenti"nin üzvü olub.[3]
Ailəlidir, 2 övladı var.
İlk hekayəsi "Şirlə Sahilin nağılı" əsəri hələ 8 yaşında ikən "168 saat" qəzetində çap olunmuşdur[4]. Eyni zamanda, o ərəfələrdə Qarabağ münaqişəsindən bəhs edən "Yanmış evin nağılı" adlı tamaşada Nigar rolunu oynayıb.[3]
2006-cı ildən peşəkar ədəbi yaradıcılıqla məşğuldur. 2009-cu ildə Azadlıq Radiosunun "Ədəbi Azadlıq" qısa hekayə müsabiqəsində 2 hekayəsi — "Mən deyildim" və "Avqustun iyirmi üçünə üç gün qalmış" hekayələri 130 müəllifin 150 əsəri içərisindən gizli səsvermə nəticəsində[4] ilk onluğa düşmüşdür[2][3].
2010-cu ildə hekayələrdən ibarət "Varlı kişinin portmanatı" adlı ilk kitabı çapdan çıxmışdır[5].
2010–11-ci illərdə Prezident təqaüdü alıb.[6]
2012-ci ildə "Yuxarı və aşağı ətraflar" adlı növbəti kitabı yayımlanıb.[7] Kitab 2013-cü ildə Azərbaycan Yazıçılar Birliyinin keçirdiyi Ədəbiyyat Müsabiqəsinin "Ən yaxşı nəsr əsərinə görə – Yusif Səmədoğlu" mükafatının qalibləri sırasında olub.[8]
Yazıçının "Çevriliş" romanı 2014-cü ildə çapdan çıxıb. Kitab Azərbaycan Yazıçılar Birliyinin "AYB kitab" layihəsi çərçivəsində buraxılmış ilk kitabdır.[9].
"Şeyx" romanı 2018-ci ildə Bakıda[10], 2022-ci ildə isə "Nestor" nəşriyyatı tərəfindən Türkiyədə çap edilib.[11] Əsər Fransada çapa hazırlansa[12] da, pandemiya səbəbindən nəşri gecikib. Əsər "Şeyx Sənan" mövzusundadır.[13]
2018–2019-cu illərdə YouTube-da yayımlanan "Çətir, eynək və s." ədəbi podkastının həm yaradıcısı, həm də aparıcısı olub. Qeyd olunan podkast Azərbaycanın ilk ədəbi podkastlarından biridir.
2020-ci ilin iyulunda Sahilə Yayanın baş redaktorluğu ilə Azərbaycanın ilk instaqram jurnalı Azərbaycan və rus dillərində "Karusel" fəaliyyətə başlayır.[14][15]