Slatşeyminq (ing. slut – fahişə, ing. shaming – utandırma) – seksuallıqla bağlı davranış və görünüş gözləntilərini pozan şəxsləri tənqid etmə praktikası.[1][2][3] Termin gey kişiləri bildirmək üçün də istifadə olunur.[1][4] Qadınlara qarşı genderə əsaslanan zorakılıq slatşeyminq nəticəsində baş verə bilər.[5]
Geyimlə bağlı sosial gözləntiləri pozmaq, evlilikdən öncə sekslə məşğul olmaq, doğuma nəzarətdən istifadə etməyi istəmək,[6][7][8] fahişəliklə məşğul olmaq slatşeyminq üçün səbəblər ola bilər.[9][10] Təcavüzə məruz qalmış qadınları tənqid etmək üçün qurbanı günahlandırmaq da slatşeyminqin bir növü hesab oluna bilər.[11][12]
Slatşeyminq cəmiyyətin seksuallıqla bağlı gözləntilərini pozan qadınları tənqid etmək üçün istifadə olunur.[13] Slatşeyminq həm qadınlar, həm kişilər tərəfindən edilə bilər.[14][15] Termin təcavüzə görə qurbanı günahlandırmağı təsvir etmək üçün də istifadə olunur.[11]
Slatşeyminq sosial cəzalandırmanın bir forması, eləcə də, seksizm və qadın intraseksual rəqabətinin aspekti kimi qəbul oluna bilər. Slatşeyminq intraseksual rəqabətin bir formasıdır, çünki qadını "fahişə" adlandırmaq "qadının dəyərini azaldır".[16]
"Slatşeyminq" terminin dəqiq mənşəyi haqqında məlumat yoxdur. Termin 2000-ci illərin sonunda populyarlaşmışdır. ABŞ yazıçısı Katta Pollit 2008-ci ilin martında "slatşeyminq" terminindən istifadə etmişdir.[17] "Madam Bovari" (1856), "Anna Karenina" (1878) və "Deyzi Miller" (1878) kimi əsərlər cinsi seçimlərinə görə intihar edən və ya öldürülən qadınlar haqqındadır.[18]
"YouTube", "Instagram", "Twitter" və "Facebook" kimi sosial şəbəkələrdə slatşeyminq daha geniş yayılmışdır.[19][20] 2014-cü ildə Pyu Tədqiqat Mərkəzi tərəfindən aparılmış araşdırmaya görə internetdə hədəf alınan qadınların çoxu gənclərdir.[21] 2011-ci ildə Toronto şəhərində ilk "SlutWalk" etiraz yürüşü baş tutmuşdur. Bu yürüş Toronto Polisinin bir qrup tələbəyə yaxınlaşaraq "fahişə" kimi geyinməməli olduqlarını dedikdən sonra başlamışdır.[11][22][23][24]