Sultan Səlim türbəsi – İstanbulda XVI əsrin ikinci yarısında inşa edilən türbə.
İbrahim Peçevinin yazdığına görə, bu türbənin inşasına hicri 981-ci ildə (1573/1574) Sultan II Səlimin əmriylə Aya Sofyaya əlavələr edilərkən başlanılmışdır. Türbə tamamlanmadan vəfat edən Sultan Səlim əvvəlcə həmin ərazidəki qurulan bir çadırın içərisinə dəfn olunmuş, ardından cənazəsi 1576-cı ildə inşası tamamlanan türbəyə daşınmışdır. Türbənin Osmanlı dövründəki bərpa işləri haqqında dəqiq məlumat yoxdur. Əvvəlcə 1950-ci illərdə, daha sonra 1982–1987-ci illərdə və qismən 1996-cı ildə təmir edilən türbə 2006-cı ildə restavrasiyaya alınmışdır.
Memar Sinan tərəfindən inşa olunan türbə xarici kvadrat, daxili isə səkkizbucaqlı plan üzrə inşa edilib. Qoşa gümbəzlə örtülü olan türbədə Sultan Səlimlə yanaşı, xanımı Nurbanu Sultan, qızları Gövhərxan, Əsməhan və Fatma Sultan, şahzadələri Süleyman, Osman, Cahangir, Mustafa və Abdullahla, III Muradın bir neçə övladı dəfn edilmişdir.