Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Tahirə Allahyarova – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru.[1]
Tahirə Allahyarova | |
---|---|
Doğum tarixi | 5 aprel 1959(1959-04-05) (66 yaş) |
Doğum yeri | |
Elm sahəsi | Fəlsəfə |
Elmi dərəcəsi | fəlsəfə elmləri doktoru |
Təhsili |
Tahirə Bəkir qızı Allahyarova 5 aprel 1959-cu ildə Qəbələdə anadan olmuşdur.
1981-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1986-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olmuş,1993-cü ildə "Ekoloji mədəniyyət" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1998-ci ildə İnstitutun "Qloballaşma və sosial ekologiyanın fəlsəfi problemləri" şöbəsində elmi işçi, 2003-cü ildən böyük elmi işçi, 2005-ci ildən isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, Azərbaycan Memarlıq və İncəsənət Universitetində, 1999–2009-cu illərdə Bakı Dövlət Universitetinin Fəlsəfə və sosiologiya kafedrasında müəllim işləmişdir. Alim AMEA-nın Fəlsəfə, politologiya və sosiologiya elmləri üzrə Problem Şurasının üzvüdür.
Tahirə Allahyarova Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Daxili siyasətin təhlili şöbəsinin müdiri vəzifəsində çalışır.
Tahirə Allahyarova "Sosial sinergetika cəmiyyət haqqında elmlərin yeni metodoloji əsası kimi" mövzusunda doktorluq dissertasiyasını 2007-ci ildə müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır.[2]
Tahirə Allahyarovanın elmi tədqiqatı ən müasir elmi paradiqmanın – sinergetikanın cəmiyyətşünaslıq, sosial idrak sahəsində metodoloji potensialının aşkara çıxarılması, yeni sintez metodologiyanın – sosial sinergetikanın formalaşdırılması zərurətinin əsaslandırılmasına həsr olunmuşdur. O hesab edir ki, mürəkkəb humanistik sistem kimi cəmiyyətdə sosial-siyasi dinamikanı, inkişaf proseslərini, xüsusilə də baş verən dəyişiklikləri, bir mərhələdən digərinə keçid məqamlarını sinergetik model, indiyə qədər mövcud olan bütün modellərdən daha adekvat əks etdirə bilir. Alim öz tədqiqatında "humanitar elmlərin məntiqi əsasları" probleminə geniş yer verir. İnsanlararası münasibətlərdə hazırda üstünlük təşkil edən inkar məntiqinin, dialoq və tolerantlıq məntiqi olan qeyri-səlis məntiqə köklənməsi zərurətinə diqqət yönəldir. Tahirə Allahyarova ilk dəfə olaraq sosial (humanitar) sinergetikanın metodoloji konseptual sintezin yeni səviyyəsi kimi müəyyənləşdirməyə cəhd etmiş, Lütfi Zadənin elmə gətirdiyi "fövqəlmürəkkəb humanistik sistem" anlayışının mahiyyəti və mənasının açıqlanmasına cəmiyyətin humanistik, sinergetik sistem kimi səciyyələndirilməsinə səy göstərmişdir. Onun elmi tədqiqatında siyasi həyat sosial sinergetikanın obyekti kimi nəzərdən keçirilir, "açıq cəmiyyət, qapalı cəmiyyət, vətəndaş cəmiyyəti" və s. konsepsiyaların sosial-sinergetik ekspertizasına cəhd edilir, cəmiyyətin "vəhdətdə özünütəşkil edən sinergetik sistem" kimi anlayışı təqdim olunur. Alim "sosial-siyasi seçim, sosial nizam və xaos, siyasi böhran və siyasi lider, attraktiv strukturlaşmada liderin rolu" kimi məsələləri təhlil etmişdi. Tahirə Allahyarova bu kontekstdə Azərbaycan tarixinin ən çətin məqamında ona rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin müstəqil dövlətin təşkilatlandırılması sahəsindəki fəaliyyətinə sinergetik paradiqmadan nəzər salmışdır. Tədqiqatda böhran məqamlarında onun qərar qəbul etmə strategiyasında təşkilatlanma, özünütəşkil və idarəetmə müstəvilərinin optimal balansının uzlaşdırılmasının nəzəri və praktiki aspektlərinin sinergetik prinsiplərə adekvat olmasının, xaotik fəzada lider amili və onun rəhbərlik spesifikasının təhlilinə xüsusi diqqət yetirmişdir.
Tahirə Allahyarova elmi tədqiqatında ən müasir fəlsəfi məntiq və "humanitar elmlərin məntiqi əsasları" problemini gündəmə gətirməklə, məntiq paradiqmalarının epoxal dinamikasını izləyərək, "elmin məntiqi əsasları" probleminin kölgədə qaldığını bildirmişdir. Bu baxımdan onun təqdim etməyə çalışdığı yeni metodologiya ilk növbədə humanitar məntiqin təməlində baş verən köklü dəyişiklik kontekstində şərh edilir. Burada Lütfi Zadənin qeyri səlis məntiq nəzəriyyəsinin kəşfi ilə fəlsəfi-humanitar məntiqin yüksək nüfuz və status əldə etməsi faktı vurğulanır, mürəkkəblik metodologiyasının məntiqi əsasını başlıcı olaraq qeyri səlis məntiqin təşkil edə biləcəyi fikri vurğulanır. Tədqiqatlarında sinergetika və qeyri-xəttiliyin, qeyri-səlisliklə müqayisəli təhlili aparılır, qeyri-səlisliyin müxtəlif məntiq təlimlərindən keyfiyyət fərqləri göstərilir, onun cəmiyyətə tətbiq imkanları araşdırılır. Dialektika və sinergetika kontekstində ənənəvi, klassik və yeni məntiq təlimlərinin müqayisəli təhlili verilir, tarixi prosesdə "özünü təşkilatlandıran vəhdətin və sinergiyanın" rolu nəzərdən keçirilir. O, inkişaf nəzəriyyələri kimi dialektika və sinergetikanın müqayisəli fəlsəfi təhlili nəticəsində alınan yeni müddəaları təqdim edir.
Tahirə Allahyarovanın tədqiqatında xətti, qeyri-xətti, dalğavari, spiralvari, tsiklik-dinamik, xaotik inkişaf modellərinin fərqli cəhətləri şərh edilir, sinergetik inkişaf nəzəriyyəsi mövcud baxışlar sistemində yeni keyfiyyət mərhələsi kimi səciyyələndirilir. Alim cəmiyyətin sosial idarə olunmasında sosial informasiya və sosial entropiya anlayışlarının mənasını, təzahür xüsusiyyətlərinin tənzimləmə mexanizmlərini açıqlamışdır. Bu aspektdə sosial sistem anlayışının yeni – sinergetik humanistik sistem kimi mənası təqdim edilmişdir. Tədqiatda sosial sistemin inkişafına dair nəzəriyyələrdə mübahisəli məqam olan "böhran, təşəkkül, inkişaf" pillələri arasındakı çətin sezilən hüdudların ayırd edilməsinə cəhd göstərilir, sosial sistemdə "vəhdət" (unita) və "bütövlük" (totalita) anlayışlarının müqayisəli məna tutumuna diqqət yetirilmişdir. Alim sosial sinergetika kontekstdə "açıq sistem" anlayışını təhlil etmiş, onun müxtəlif vəziyyətlərini fərqləndirmişdir.
Tahirə Allahyarova öz tədqiqatı nəticəsində belə qənaətə gəlmişdir ki, müasir cəmiyyətdə baş verən prosesləri təhlil etməyə iddialı olan hər bir sosial fəlsəfi, politoloji nəzəriyyə, elmi konsepsiya hökmən üç cəhətə fikir verməlidir: 1) mürəkkəb sistemlərin müəyyən məqamlarda müxtəlif təbiətli (cüzi hesab edilən) başlanğıc təsirlərə məruz qalmasını və onların sonucda gözlənilməz böyük effektli nətəcələr verə bilməsinə diqqət etməlidir; 2) bu məqamlarda sistemin öz gələcəyi naminə qarşılıqlı vəhdət və bağlılıq prinsiplərinin həssas olmasını nəzərə almalıdır; 3) hər hansı ehtimal və proqnozların özündə qeyri-xətti, xaotik determinizm prinsiplərinə əsaslanan "ssenarini" təsvir edə bilməsini diqqət mərkəzində saxlamalıdır. Alim tədqiqatında sosial sinergetikanın cəmiyyətin vəhdətdə özünütəşkil kimi, yeni sosial ontologiya, qnoseologiya və metodologiyanın ortaq nəzəri sintezi kimi ictimai elmə öz predmet və obyektini fərqli fokus nöqtəsindən təhlilinə imkan verdiyini göstərmişdir.
Dörd monoqrafiyası (biri həmmüəlliflə), 100-ə yaxın elmi məqaləsi çap olunmuşdur