Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Tarixi coğrafiya — hər hansı bir ərazinin müəyyən dövr ərzində coğrafiyasını (siyasi, iqtisadi, fiziki və s.) öyrənən köməkçi tarix elmi.
Azərbaycanda tarixi coğrafiya elminin inkişafı əsasən XX əsrin 80-ci illərindən başlamışdır. Lakin Azərbaycanın tarixi-coğrafiyasında həsr olunmuş müasir anlamda ilk elmi tədqiqat əsəri başqırd tədqiqatçısı Əhməd Zəki Vəlidi Toğanın XX əsrin 20-30-cu illərində yazdığı "Azərbaycanın tarixi coğrafiyası" adlı əsəri hesab edilir.[1]
Ə.Z.Vəlidinin “Azərbaycanın tarixi coğrafiyası”na həsr olunmuş əsəri (məruzələri) bu sahədə atılmış mühüm addım olması və elmi əhəmiyyətinə görə diqqəti cəlb edir. Əsərdəki 700-ə yaxın yer adları - toponimlər Azərbaycanın, xüsusilə Şirvan bölgəsinin zəngin tarixə malik olduğunu bir daha təsdiqləyir. Müəllifin orta əsrlərə dair əksər mənbələrdən bəhrələnməsi onun əsərinin yüksək elmi səviyyədə meydana gəlməsinə imkan vermişdir.
Bu əsər əslində alimin 1928-1931-ci illərdə İstanbul universitetində oxuduğu mühazirələrdən ibarət olsa da, elmi səviyyəsinə görə digər əsərlərindən geri qalmır. Görkəmli alimin 4 mühazirədən ibarət olan bu əsərində əsasən Azərbaycanın şimal bölgəsinin - Şirvanın, Şəkinin və başqa yaşayış məntəqələrinin tarixi-coğrafi vəziyyətindən bəhs olunur.
Müəllif Dərbənd, Bərdə, Samur körpüsü, Abxaz, Quba, Şabran, Şamaxı, Bərzənc, Bakı, Ərəş, Şəki, Zaqatala ərazilərinin toponimlərindən söhbət açır, onların mənasını, tarixini açıqlayır. Əsərdə 700-ə qədər toponimin (eyni toponimin müxtəlif variantları daxil olmaqla) verilməsi alimin nə qədər zəngin elmi biliyə malik olduğunu göstərir.
Ərəb, fars, rus, türk, başqırd dilləri ilə yanaşı alman və avropa dillərindən bəhrələnməsi ona elmi yaradıcılığında böyük uğurlar qazandırmışdır. Həcmcə çox da böyük olmayan bu əsərdə (cəmi 51 səhifə) alim 50-ə qədər ilk mənbədən istifadə etmiş, bir çox görkəmli şərqşünas alimlərin əsərlərindən bəhrələnmişdir