Teleqoniya (q.yun. τῆλε — "uzaq" və γόνος — "doğuş" sözlərindən, yəni "uzaqda doğulmuş") — XIX əsrdə mövcud olan və hal-hazırda rədd edilmiş köhnə bioloji konsepsiya. Bu nəzəriyyəyə görə, əvvəlki, xüsusilə də ilk seksual partnyorla əlaqə qadının sonrakı seksual partnyorları ilə əlaqəsindən olan övladlarının irsi xüsusiyyətlərinə təsir edir. Müasir elmə görə, bu cür yanaşma — eksperimental tədqiqatlara əsaslanmayan mövhumat və yanılma olmaqla, məlum irsiyyət mexanizmlərinə uyğun deyil.[1][2][3][4][5]
Halbuki, 2013-də Cənubi Uells Universitetindən tədqiqatçı bir qrup[6] milçək növləri üzərində telegenik fenomeni sübut etmişlər.[7]
Teleqoniya haqda ilk fikirlər Aristotelin əsərlərində rast gəlinir və ona əsaslanır ki, fərdin xüsusiyyətləri təkcə onun valideynlərindən keçmir, həm də fərdin anasının əvvəllər başqa kişidən uşağının olması da rol oynayır.
XIX əsrdə və XX əsrin əvvəllərində teleqoniyaya inam ev heyvanları ilə işləyən seleksiyaçılar arasında yayılmışdı. Geniş populyarlıq qazanan hadisələrdən biri isə lord Mortonun atı ilə baş verən və Çarlz Darvinin cərrah ser Everard Homa istinadən qeydə aldığı aşağıdakı hadisədir:
1815-ci ildə atların dözümlülüyünü artırmaq məqsədilə zavod sahibi lord Morton 7/8 ərəb və 1/8 ingilis qanı olan madyanını kvaqqa (nəsli kəsilmiş zebr növü) ilə cütləşdirir. Amma döl alınmır. 1817, 1818 və 1823-cü illərdə həmin madyan öz cinsindən olan ayğırla cütləşdirilir və nəticədə doğulan dayçalar bəzi xüsusiyyətlərinə görə, sanki 1/16 kvaqqa qanı daşıyırmış kimi görünürdülər.
Ç.Darvin bu hadisəni atların ortaq əcdadının arxaik xüsusiyyətlərinin qalığı hesab edirdi.
Mortonun nəticələrini təcrübədə yoxlamaq üçün Ceyms Kassar Yuart (1889) və İlya İvanov tərəfindən aparılmış təcrübələrdə atların zebrlərlə cütləşməsi heç bir qeyri-adi nəticə verməmişdi. Müəyyən edilmişdi ki, əvvəllər heç vaxt zebr və kvaqqalarla cütləşməyən madyanların dayçalarında da zolaqlara rast gəlmək mümkündür.[8] XIX əsrin sonlarında itlər (Lanqa) və göyərçinlər (Bell) üzərində uzun illər aparılmış müşahidələr də teleqoniyanın mövcudluğunu sübuta yetirə bilməmişdi[9].
Teleqoniyanı mövhumat hesab edən elm dairələrinin onu inkar etməsinə baxmayaraq, bu nəzəriyyə at və it yetişdirənlər, həmçinin radikal millətçilər arasında çox populyardır.