Tualet yeməyi (便所飯, benco-meşi?) – Yaponiyada tualetdə yemək yemə fenomenini bildirən termin.[1] Müasir Yaponiyada bəzi şəxslər müxtəlif səbəblərdən tualetdə yemək yeyirlər.[2] Əsas səbəb tək yediklərini digərlərdən gizlətməkdir. Digər səbəblərə pula qənaət etmək,[3] iş yerindəki həmkarlardan gizlənmək[4] və tualetdə özünü daha rahat hiss etmək daxildir.[3]
Tualet kabinetləri yemək yemək üçün dizayn edilmədiyindən tualetdə yemək üçün istifadə olunan pozisiyalar şəxsdən şəxsə dəyişir. Adətən şəxs Qərb üslubunda olan tualetin qapağının üstündə oturaraq yeməyi yeyir. Bu pozisiya əsərlərdə ən çox təsvir olunan tualetdə yemək yemə pozisiyasıdır. Digər yol isə tualetin qabağında çöməlmək və tualet qapağından stol kimi istifadə etməkdir. Bu pozisiyada şəxs yeməyi dizlərinin üstünə qoyub yeyə də bilər.[5][6]
Yaponiyada tualet yeməyi ilə bağlı az sayda qanun var, çünki bu cür qanunların tətbiqi çətin hesab olunur.[7] Tualetdə yemək yemək gigiyenik baxımdan arzuedilməz hesab olunur. Təhsil, Mədəniyyət, Elm və Texnologiya Nazirliyinin məlumatına görə tualetdə bir çox patogenik mikroorqanizmlər olduğu üçün tualetdə yemək yemək risklidir.[8]
Tualetdə yemək yeyən insanların statistikası ilə bağlı bir sıra sosial tədqiqatlar aparılmışdır. 2013-cü ildə aparılmış bir tədqiqatda iştirakçıların 12,08%-nin tualetdə yemək yediyi məlum olmuşdur. Onların arasında gənclər və qadınlar üstünlük təşkil edirdi.[9]
2009-cu ildə Hosey Universitetinin professoru Naoki Oqi 487 tələbə arasında sorğu keçirmişdir. İştirakçıların 0,3%-i "tez-tez", 2%-i isə "arada" tualetdə yemək yediyini bildirmişdir.[10] 2012-ci ildə "Mynavi News" tərəfindən 1000 nəfər arasında keçirilmiş sorğuda iştirakçıların 7,1%-inin tualetdə yemək yediyi məlum olmuşdur.[11] 2013-cü ildə "SunRefreHolding" tərəfindən 2459 şəxs arasında keçirilmiş sorğuda iştirakçıların 12%-i tualetdə yemək yediyini bildirmişdir.[2][9] 2015-ci ildə "Sirabee" xəbər saytı tərəfindən 1500 nəfər arasında keçirilmiş sorğuda iştirakçıların 5,5%-i tualetdə yemək yediyini demişdir.[12] Eyni sayt tərəfindən 2017-ci ildə keçirilmiş sorğuda bu dəfə 1342 nəfər iştirak etmiş, iştirakçıların 10,2%-i tualetdə yemək yediyini bildirmişdir. Soğru iştirakçılara səbəb kimi pula qənaət etməyi, rahat hiss etməyi və dəvətləri geri çevirmək narahatlığını göstəriblər.[3]
Tualetdə yemək yeməyin ən böyük səbəblərindən biri tək görünmək qorxusudur. Yaponiyanın sosial həyatında cəlbedicilik əsasən şəxsin sahib olduğu dostların sayı ilə ölçülür və dostu olmayan şəxslərə mənfi yanaşılır. Tək yediyini və dostunun olmadığını göstərməkdən qorxan insanlar gizli formada tualetdə yemək yeməyə üstünlük verirlər. Osaka Universitetinin sosiologiya professoru Daysuke Tsuci bu vəziyyət haqqında yazmışdır: "Dostları çox olmayan şəxslər ancaq tənhalıqla yox, dostsuz şəxs kimi damğalanmaqla da mübarizə aparmalı olurlar. Bu səbəbdən onların yeganə qaçış yeri tualetdir".[13][14]