. Love.az

Vahid Haciyev Ixtiraci - Wikipedia - Love.az

Ana Səhifə - Vahid Haciyev Ixtiraci

Vahid Calal oğlu Hacıyev (25 iyul 1951, Nərimankənd, Gədəbəy rayonu – 15 fevral 2025) — Azərbaycan-sovet alimi və ixtiraçısı, texnika elmləri doktoru (2002), Azərbaycan Respublikasının əməkdar mühəndisi. Onun müəllifi olduğu bir çox ixtira və səmərələşdirici təklif SSRİ, Rusiya, Ukrayna və Azərbaycanda istehsalatda tətbiq edilib.

Vahid Hacıyev
Doğum tarixi 25 iyul 1951(1951-07-25)
Doğum yeri
  • Nərimankənd, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 15 fevral 2025(2025-02-15) (73 yaşında)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elmi dərəcəsi
  • texnika elmləri doktoru
Təhsili
  • Azərbaycan Politexnik İnstitutu (1968–1973)
Mükafatları "Tərəqqi" medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı
"SSRİ ixtiraçısı" döş nişanı XTNS bürünc medalı Azərbaycan Respublikasının əməkdar mühəndisi "Sosializm yarışı qalibi" döş nişanı

Mündəricat

  • 1 Həyatı
  • 2 Əmək fəaliyyəti
  • 3 Elmi fəaliyyəti
    • 3.1 İxtiraları
    • 3.2 Kitabları
  • 4 Mükafatları
  • 5 İstinadlar

Həyatı

redaktə

Vahid Calal oğlu Hacıyev 1951-ci ildə Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olub. O, 1958–1968-ci illərdə Nərimankənd orta məktəbində təhsil alıb. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olub və buradan 1973-cü ildə məzun olub.[1]

O, 15 fevral 2025-ci ildə vəfat edib.

Ailəli idi, 3 övladı var.

Əmək fəaliyyəti

redaktə

Vahid Hacıyev 1973–1992-ci illərdə SSRİ Ümumittifaq Elmi-Tədqiqat və Layihə-Texnoloji İnstitutunda mühəndis, baş mühəndis, elmi işçi, bölmə müdiri və şöbə müdiri kimi vəzifələrdə çalışıb. O, 1977-ci ildə Oktyabr inqilabının 60 illiyinə həsr olunmuş yarış çərçivəsində keçirilən "Ən yaxşı gənc mühəndis" müsabiqəsinin qalibi olub, "Gənc alim və mütəxəssislər tərəfindən yerinə yetirilmiş ən yaxşı elmi-tədqiqat işləri" müsabiqəsində isə 3-cü yerə layiq görülərək fəxri fərmanlarla təltif olunub. 1980-ci ildə SSRİ Xalq Təsərrüfatı Naliyyətləri Sərgisinin baş komitəsi tərəfindən xalq təsərrüfatının inkişafındakı töhfələrinə görə bürünc medala layiq görülüb, o cümlədən SSRİ Nazirlər Sovetinin Elm və Texnika üzrə Dövlət Komitəsi tərəfindən gənclərin elmi-texniki yaradıcılığı üzrə ümumittifaq müsabiqəsinin laureatı diplomu ilə təltif edilib.

Vahid Hacıyev 1975 və 1980-ci illərdə SSRİ Kimya və Neft Maşınqayırma Nazirliyi tərəfindən "Sosializm yarışı qalibi" döş nişanı ilə təltif edilib. O, daha sonra 1984-cü ildə keçirilmiş sosializm yarışında "peşəsində ən yaxşı" nominasiyasının qalibi olub, 1985 və 1989-cu illərdə isə "Sosializm yarışı əlaçısı" adına layiq görülüb. Bu dövrdə SSRİ İxtiralar və Kəşflər üzrə Dövlət Komitəsi onu "SSRİ ixtiraçısı" döş nişanı ilə təltif edib.

1992–1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Maşınqayırma İstehsalat Birliyində baş mühəndis kimi fəaliyyət göstərib, daha sonra 1995-ci ildən "Neftqazmaş" Bakı Maşınqayırma Zavodunda direktor təyin edilib. 2001-ci ildə zavodun bazasında yaradılmış "Neftqazmaş" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, 2004-cü ildən isə bu müəssisənin baş direktoru vəzifəsində çalışıb. 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Vahid Hacıyev həmçinin zavodun ilk partiya təşkilatının sədri olub.[1]

"Neftqazmaş" zavodunda direktor olduğu müddətdə o, 2000-ci ilin dekabrında Kiyevdə yerləşən Beynəlxalq Kadr Akademiyası tərəfindən rəqabət qabiliyyətli məhsulların buraxılması ilə əlaqədar istehsalatda yeni texnologiyanın hazırlanması və tətbiqindəki uğurlu təşkilatçılıq fəaliyyətinə, həmçinin beynəlxalq əməkdaşlığın inkişafındakı roluna görə "Səmərəli idarəetməyə görə" qızıl medalı, o cümlədən Azərbaycan Respublikasında maşınqayırma sənayesinin formalaşması və inkişafındakı böyük töhfəsinə və səmərəli beynəlxalq əməkdaşlığa görə akademiyanın "Şərəf ordeni" ilə təltif olunub. Onun rəhbərliyi dövründə zavod 2000-ci ildə İspaniyanın Madrid şəhərində 30-cu "Beynəlxalq ticarət nüfuzu" qızıl mükafatına və 2001-ci ilin may ayında Ukraynanın paytaxtı Kiyevdə yerləşən "Qızıl Fortuna" beynəlxalq açıq reytinq təşkilatının keyfiyyət diplomuna və gümüş mükafatına layiq görülüb.[1]

Vahid Hacıyev Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 oktyabr 2011-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.[2] O, həmçinin Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə Prezidentin 23 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Əməkdar mühəndis" adına layiq görülüb.[3] Prezidentin 27 may 2019-cu il tarixli Sərəncamı ilə isə Vahid Hacıyev "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib.

Elmi fəaliyyəti

redaktə

Vahid Hacıyev 1986-cı ildə namizədlik dissertasiyasını, 2002-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsi alıb. O, 100-ə yaxın elmi məqalənin, o cümlədən istehsalata tətbiq edilmiş bir çox ixtira və səmərələşdirici təklifin müəllifidir. Onun "Qazma baltalarının saroşkalarının periferik dişlərinin iki ədəd qeyri simmetrik frezerlə frezerlənməsi" səmərələşdirici təklifi Rusiyanın Sarapul maşınqayırma zavodunda, "Saroşkaların dişlərinin frezlənməsi" səmərələşdirici təklifi isə Ukraynanın Draqoviç balta zavodunda istehsalatda tətbiq edilib. "Neftqazmaş" ASC-də isə onun "Səmt qazını yığan kompressorların təkmilləşdirilməsi" və "Qoruyucu qurğulu siyirtmələr" səmərələşdirici təklifləri icra edilib.[1]

İxtiraları

redaktə

Vahid Hacıyevin aşağıdakı ixtiralarına SSRİ İxtiralar və Kəşflər üzrə Dövlət Komitəsi tərəfindən müəlliflik şəhadətnaməsi verilmişdir:

  • "Alətin ayrixətli konusunun alınma yolları" (19 oktyabr 1979-cu il)
  • "Məmulatların diametrini ölçmək üçün qurğu" (3 aprel 1980-ci il)
  • "Qazma baltasının yuyucu qovşağı" (21 iyul 1983-cü il)
  • "Qazma baltasının yuyucu qovşağı" (19 iyun 1985-ci il)
  • "Hissələrin fliyans birləşməsi" (23 noyabr 1987-ci il)
  • "Yükün yerdəyişmə qurğusu" (21 sentyabr 1989-cu il)

Kitabları

redaktə
  • Qazma nasoslarının təmir texnologiyası. Bakı: "Elm" nəşriyyatı, 2008

Mükafatları

redaktə
  • XTNS bürünc medalı (1980)
  • "Sosializm yarışı qalibi" döş nişanı (1975, 1980)
  • "SSRİ ixtiraçısı" döş nişanı
  • "Tərəqqi" medalı (18 oktyabr 2011)
  • "Əməkdar mühəndis" fəxri adı (23 iyun 2018)
  • "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı (27 may 2019)

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 HK, Neftqazmaş ASC, 25 iyul 2011
  2. ↑ "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 18 oktyabr 2011. İstifadə tarixi: 2025-04-19.
  3. ↑ "Azərbaycan Respublikasının maşınqayırma sənayesi işçilərinə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 23 iyun 2018. İstifadə tarixi: 2025-04-19.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vahid_Hacıyev_(ixtiraçı)&oldid=8109139"
LOVE.AZ