![]() Üsyan ilk öncə tələbə etirazları şəklində başladı. Etirazçılar Budapeştin mərkəziylə Macarıstanın parlament binasına doğru irəliləyərkən, səsucaldıcı cihazların quraşdırıldığı avtofurqonlardan istifadə edərək minlərlə insanın bu mübarizəyə qoşulmasını təmin etdilər. Tələbələrin ümumi tələblərini bəyan etmək üçün radio binasına daxil olan bir qrup tələbə saxlanıldı. Çöldəki etirazçılar tələbə yoldaşlarının azad olunmasını tələb etdikdə onlara binanın içərisindən ÁVH kimi tanınan (mac. Államvédelmi Hatóság və ya ÁVH, azərb. Dövlət Mühafizə Təşkilatı) Dövlət Təhlükəsizlik Polisləri tərəfindən atəş açıldı. Nəticədə bir tələbə həyatını itirdi və bayrağa sarılaraq izdihamın çiyinləri üzərində tutuldu. Bu, inqilabın növbəti mərhələsinin başlanğıcı mənasına gəlirdi. Xəbərlər yayıldıqca paytaxtda iğtişaşlar və şiddət daha da artaraq pik həddə çatırdı. |