Müqəddəs Pyotr bazilikası — Roma daxilində Papalıq anklavı olan Vatikan şəhərində yerləşən İtalyan intibahı dövrünə aid kilsə. Əsasən Donato Bramante, Mikelancelo Buonarotti, Karlo Maderno və Covanni Lorenso Bernini tərəfindən dizayn edilmiş kilsə, İntibah memarlığının ən məşhur nümunələrindən və dünyanın ən böyük kilsələrindən biridir. Katolik kilsəsinin ana kilsəsi və ya Roma yeparxiyasının kafedralı olmamasına baxmayaraq, Müqəddəs Pyotr bazilikası katolisizmin ən müqəddəs ziyarətgahlarından biri hesab edilir. O, "xristian dünyasında unikal mövqeyə malik" və "xristian dünyasının ən möhtəşəm kilsələrindən biri" kimi təsvir edilir. Katolik ənənəsinə görə kilsədə İsanınon iki həvarilərindən biri olan və ilk Roma Papası hesab edilən Müqəddəs Pyotr dəfn edilmişdir.