. Love.az

Vikipediya Silinmeye Namized Sehifeler Arxiv 2015 May - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Silinmeye Namized Sehifeler Arxiv 2015 May
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz.

Mündəricat

  • 1 Kuşan padşahlığı və Kuşan İmperiyası
  • 2 Azərbaycanda LGBT tarixi
  • 3 Araz Yaquboğlu

Kuşan padşahlığı və Kuşan İmperiyası

Son rəy: 10 il öncə3 şərhMüzakirədə 2 nəfər

Bu məqalələr eyni mövzudadır. Birisi silinməlidir.--Yuşin (münazirə) 06:18, 2 may 2015 (UTC)

Məlumat üçün təşəkkürlər cənab Yuşin.--Baskervill müzakirə 06:23, 2 may 2015 (UTC)


Yekunlaşdırma:

  •   Qəbul edildi--Baskervill müzakirə 06:25, 2 may 2015 (UTC)

Azərbaycanda LGBT tarixi

Son rəy: 10 il öncə54 şərhMüzakirədə 19 nəfər

Məqalə qərəzlidir və azərbaycan ərazisində yaşamış etnik xalqlara qarşı böhtan xarakterlidir. Göstərilən mənbələrin çoxu şübhəlidir. Belə bir məqalənin az-vikidə olması utandırıcıdır. Digər tərəfdən məqalədə göstərilən bəzi faktların Azərbaycana ümumiyyətlə dəxli yoxdur. Məqalənin adı Asiyada homoseksualizmin tarixi olsa daha doğru olar.--İrada (müzakirə) 19:57, 21 aprel 2015 (UTC)

  Silinsin:--İrada (müzakirə) 19:58, 21 aprel 2015 (UTC)

  Silinsin: Ensiklopedik məqalə deyil, mənbələr hamısı "dağdan-dərədəndir". Bir də ki, azviki tolerant bir vikipediyadır - burda heç kimə hansısa məqalə üzərində işləmək qadağan olunmur və bu istifadəçinin öz seçimidir. Amma son dövrlərin bəzi seçilmiş məqalələrinə baxıram - bu homoseksualizm mövzulu məqalələrə 3-5 cümlə yazıb 3-5 istifadəçinin təşəbbüsü ilə onlar seçilmiş məqalə edilir. Özü də bu kampaniya kimi həyata keçirilir kimi gəlir mənə. Hər halda tərəfsiz idarəçilərimizdən kimsə bu mövzuları nəzarətə götürsə yaxşı olar. Hörmətlə:--Sortilegus (müzakirə) 20:04, 21 aprel 2015 (UTC)

Hörmətli Sortilegus, siz də təhlükələrin bəzilərini hiss etməyə başladınız. --İrada (müzakirə) 20:07, 21 aprel 2015 (UTC)

Mən yaxşı və seçilmiş məqalələrə, onlar üçün keçirilən səsvermələrə nəzarət edə bilmirəm. Çünki digər texniki işlər burada həddən artıq çoxdur. Ona sadəcə vaxtım qalmır. Amma qeyri-rəsmi iş bölhgüsü var idarəçilər arasında, o sahəyə nəzarət edən idarəçilərimiz də var. Onlar gərək belə məsələlərdə diqqətli olalar.--Sortilegus (müzakirə) 20:10, 21 aprel 2015 (UTC)

Razıyam. Hər halda məqalə yaradarkən siyasi ayıqlıq da göstərmək lazımdır. Özümüzə hörmət etməliyik. Dəstək verdiyinizə görə təşəkkür edirəm. --İrada (müzakirə) 20:13, 21 aprel 2015 (UTC)

  Silinsin: --Zaur Turan (1994) (Söhbət) 20:48, 21 aprel 2015 (UTC)

  Qalsın: Deməli belə, ilk öncə onu bildirmək istəyirəm ki, bu məqalənin silinməsini mən dəstəkləmirəm, düzdür heç kim onunla çalışmır, yarımçıq məqalədir özü də ki, uzun müddətdir, lakin onu düzəldə bilərlər, qoy iş tamamlansın sonra müzakirə edərik bu barədə. Daha sonra İrada xanımın gətirdiyi təhlükələrin bəzilərini hiss etmək ifadəsi ilə bağlı - İrada xanım Siz hansı təhlükədən danışırsınız? Mövcud olan bir şeyin, inkişaf etmiş ölkələrin hamısında tolerantlıqla münasibət bildirdiyi bir şeyi Siz necə təhlükə adlandıra bilərsiniz ki? Qonşunuz Türkiyədə hər il onların praydları keçirilir, Türkiyə müsəlman ölkəsidir ancaq tolerantdır, qonşunuz Gürcüstanda isə, onlara qarşı diskriminasiyanın ortadan qaldırılması üçün qanun tərtib edilib, qonşunuz İranın rejissorları isə, bu mövzuya aid bir neçə film çəkib və daha sonra onu Venesiya kinofestivalına təqdim ediblər. Maraqlısı odur ki, bu yalnız bizimkilərə təhlükəli gəlir. İndi isə keçirəm cənab Sortilegusun yazdıqlarına - bu homoseksualizm mövzulu məqalələrə 3-5 cümlə yazıb 3-5 istifadəçinin təşəbbüsü ilə onlar seçilmiş məqalə edilir - zəhmət olmazsa buraya baxın [1] bu məqaləni bəli mən yaratmışam, ancaq səsvermədə İrada xanım da iştirak edib və bir çox digər idarəçilər. Özü də İrada xanım "Maraqlı məqalədir" yazıb. Mövzu pisdir, ancaq məqalə maraqlıdır? Bax bu məqalənin laboratoriya səhifəsində isə düz 4 idarəçi səs verib lehinə [2], mən hələ istifadəçiləri demirəm. Ona görə də xahiş edirəm 2-3 cümləlik ifadəni yazarkən, unutmayın ki, hər bir şey Vikipediyanın arxivində vardır. --Keete 37 (Farid Aliev) (müzakirə) 21:44, 21 aprel 2015 (UTC)

Azərbaycanda bu mövzuya adını çəkdiyiniz ölkələrdən daha tolerant yanaşma var. Ondan narahat olmayın. Sadəcə dediyim odur ki, seçilmiş məqalə statusu almağa layiq olmayan homoseksual mövzulu məqalələri konveyer üsulu ilə seçilmiş məqalə edirsiz. Sonra bu məqalələr gəlib çıxır azvikinin ana səhifəsinə. Bu mövzunu işləməyi sizə heç kim qadağan eləmir, sizin, ya Səfərin maraq dairənizdəki mövzudursa ürəyiniz istəyən qədər ensiklopedik məqalə yarada bilərsiz. Sadəcə bu mövzunu bu cür təbliğ eləmək, necə gəldi seçilmiş məqalə statusu almalarını çalışmaq lazım deyil. Səs verən istifadəçilərimiz də bilmirəm hansı kriteriyaları əsas götürüb heç yaxşı məqalə olmağa layiq olmayan məqalələri seçilmiş məqalə edirlər. --Sortilegus (müzakirə) 22:20, 21 aprel 2015 (UTC)
Cənab Sortilegus, YM və ya SM statusunu əldə etmək üçün məqalənin həcmi 1000000000 bayt olması vacib deyil. Əsas şərt - mövzunun 100% əhatə edilməsidir. Bunu da ki, mən həmişə etmişəm. Narazılığınız əsassızdır, inciməyin. Hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 22:35, 21 aprel 2015 (UTC)
Belə davam etsə Avropalılar homoseksuallığı bizdən öyrəndiklərini deyəcəklər. Ya silinsin, ya da İradə xanımın fikri ilə razıyam ki, – Məqalənin adı Asiyada homoseksualizmin tarixi olsa daha doğru olar. --Araz Yaquboglu (müzakirə) 05:25, 22 aprel 2015 (UTC)
  Qalsın: Porsesə qarşı sərgilənən yanaşmanı düzgün hesab etmirəm. LGBT mövzulu məqalələrin kütləvi şəkildə laba daxil edilməsinə və status verilməsinə qarşı məndə öz etirazımı ifadə etmişdim. Bu tip məqalələr bizim cəmiyyətimiz üçün məqbul hesab edilmir və bu an belə düşünürəm ki, yaradılası onlarla maraqlı məqalələr varkən nədən belə mövzularda məqalələr işlənməlidir. Ancaq bütün bunlar o demək deyil ki, biz üzərində iş gedir şablonu olan bir məqaləni silməliyik. Yuxarıda Keete 37 (Farid Aliev) tərəfindən göstərilən keçid linkdə maraqlıdır. Bu tip məqalənin Azvikidə olmasını utandırıcı sayan idarəçimiz 1 il bundan əvvəl LGBT mövzulu Qozbel dağ filmi ilə bağlı məqalənin səs verməsində Maraqlı məqalədir ifadəsindən istifadə edib. Yoldaşlar bizim burada qaydalar cərcivəsində fəaliyyət göstərən şəxslərin fəaliyyətlərini məhdudlaşdırmaq kimi bir hüququmuz yoxdur. Bilirəm bəziləri öz aləmlərində məni LGBT təəssübkeşi elan edəcək və hətta 1-2 nəfər görəsən buda homosekusaldı? kimi düşük zənnlərə qapılacaq, ancaq səmimiyyətimə inanın ki, burada hər görmək istəmədiyiniz nəsnəni anında yox etmək ikmanı olsaydı Azviki əsil cənnət məkan olardı. Bu tip məqalələr bütün ölkələr barədə bir çox vikilərdə yaradılır. Məsələyə hisslərlə yox bir az realistika mövqeyindən yanaşmağ təklif edirəm. Hörmətlə:--Baskervill müzakirə 07:42, 22 aprel 2015 (UTC)
  Qalsın: Məqaləni yaradan adamı tanıyıram. Vikipediyada yeni işləməyə başlayır. İradə xanımın mövqeyinin doğru olmadığını düşünürəm. Konkret hansı fikirlərin qərəzli və ya şübhəli olduğunu düşünürsünüzsə məqalənin müzakirəsinə qeyd edin, əgər mənbə varsa əlavə edilər, yoxdusa fikirlər məqalədən çıxarılar. Maraqlıdır, cəmi bir abzası işlənmiş və hələ üzərində iş gedən məqalənin qərəzli olmasına necə qərar verirsiz? Üstəlik azvikidən məqaləni silməklə mövzunu "ört-basdır" etmək cəhdinizin də düzgün olmadığını da düşünürəm. Çünki məqalənin paralel olaraq bir neçə dildə yaradılması nəzərdə tutulub. Məqalənin işlənməsinə şəxsən nəzarət ədəcəm və qeyd etdiyiniz kimi mövzuya dəxli olmayan məlumat və mənbələri məqalədən ixtisar edəcəm. Amma əvvəlcə məqalənin tamamlanmasına imkan verin. Məncə mövzu kiminsə xoşuna gəlmir deyə məqalənin silinməsi düz deyil. Üstəlik azvikinin iki ən qocaman idarəçilərindən olan İradə xanım və Sortilegusun bu cür reaksiyasını Azərbaycan cəmiyyətində və azvikidə homofobiyanın göstəricisi kimi də qəbul etmək olar. --sefer azeri 08:11, 22 aprel 2015 (UTC)
  •   Qalsın: Başqa Vikipediyalarda bu cür məqalələr var, AzVikidə isə bu mövzu ilə bağlı qadağanedici bir qayda yoxdur. Buna görə onu silməyə səbəb görmürəm. Azərbaycan ərazidə olan ənənələri, sosial qaydaları meydana gətirməyə isə məncə yersizdir: artıq dəfələrlə deyirdim və bir daha təkrar edirəm ki, bura Azərbaycan Vikipediyası deyil, bura Azərbaycanca Vikipediyadır. --Мурад 97 (müzakirə) 08:32, 22 aprel 2015 (UTC)
Məqalə necə gəldi mənbəyi bilinməyən, doğruluğu sübut edilməyən məlumatlarla doldurulub. Azərbaycanın ikiçayarası xalqlarına dəxli yoxdur. Bu adda məqalə yaratmaq xatirinə yaradılmışdır. Sonuncu, mən heç istəməzdim ki, ermənilər bu adla məqalələri başqa-başqa dillərdə zənginləşdirərək bizim kişiləri, cavanlarımızı, tariximizi təhqir etsinlər. Bir qadın kimi sizlərdən xahiş edirəm: xalqımızı alçaltmayın. Qəhrəmanlıq tarixindən, məhəbbət tarixindən və digər mövzulara maraq göstərin. Belə mövzular xalqımıza layiq deyil ki, ona vaxt ayırasınız və maraq göstərəsiniz. --İrada (müzakirə) 10:22, 22 aprel 2015 (UTC)
İradə xanım, mən məqalənin tam formasını oxumuşam, kifayət qədər tutarlı faktlar və mənbələr var, bir qədər səbr edin, istifadəçi məqaləni tam yerləşdirsin. Məqalədə yerləşdirilən bütün fikirlərə mənbələr göstərilir, bir çox mənbələrə onlayn baxmaq mümkündür. Konkret hansı məlumatın mənbəsini istəyirsizə şablon qoyun mənbə əlvə eləsin istifadəçi. Azərbaycan və İkiçayarası tayfalarının əlaqəsi olmadığını iddia edirsizsə, bu sizin bəhs etdiyiniz mövzu ilə bağlı məlumatlı olmadığınızı göstərir. Çünki, məhz Azərbaycan tarixçiləri Azərbaycan və İkiçayarası tayfalarının qarşılıqlı münasibətlərinə aid onlarla monoqrafiyalar yazıblar, akademik Y. Yusifovun məşhur "Qədim Dünya Tarixi" əsərinin bir fəsili məhz bu əlaqələrə həsr edilib. Konkret olaraq Gilqameş dastanının Azərbaycan mədəniyyətinə və ədəbiyyatına təsiri haqqında E. Əlibəyzadənin "Türk-Azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları" (səh. 57-83) və P. Əfəndiyevin "Dastan yaradıcılığı" (səh 181-195) əsərlərinə, həmçinin "Qədim Şərq Ədəbiyyatı" toplusuna İ. Vəliyev tərəfindən yazılmış ön sözə baxa bilərsiz. Əlavə mənbələr və ədəbiyyat siyahısı da göstərmək mümkündür.--sefer azeri 17:52, 22 aprel 2015 (UTC)

Bu məqalə azərbaycanlılara qarşıdır. Bu məqalə ilə biz özümüzü dünyada biabır edə bilərik. Məqalə yaratmaq üçün başqa mövzu tapa bilmirsiz. Mən anlayıram ki, az-viki istifadəçiləri arasında homoseksuallar ola bilər. Lakin onlara xoş olsun deyə belə biabırçılığa yol vermək olmaz. Mövzunu TV-yə çıxarıb məqalə ilə bağlı fikirləri Azərbaycan xalqı ilə bölüşdürmək məncə ən doğru variantdır. --İrada (müzakirə) 19:31, 22 aprel 2015 (UTC)

İrada xanım, gəlin bütün məsələləri konkret müstəviyə qoyaq. Siz özünüz LGBT mövzularına laboratoriyalarda lehinə səs vermisiniz bir vaxtlar - sübut da etmişəm. Məqalənin müəllifi mən deyiləm, lakin onun müəllifi məqalənin yuxarısına redaktə etməyin şablonunu yerləşdirib. Burada homoseksualların olmasına mən şəxsən inanmıram. Heç mən özüm də onlardan deyiləm, buna 100% əmin ola bilərsiniz. Düzdür, mən bu mövzularda məqalələr yaratmışam, ancaq bunun səbəbi mənim 1 ilə yaxın Almaniyada və Çexiyada yaşamağımdır, qısası mən tipik Avropa dünya görünüşünə malik ali savadlı bir insanam. Mən anlaya bilmirəm - Sizə nə vacibdir? Geniş ensiklopedik məqalə? Yaradılır da geniş və ensiklopedik məqalə, daha bu insanlara nə lazımdır? Ya gəlin inkişaf edək, ya da o iki cümləlik məqalələrə üstünlük verək. İnciməyin - ancaq mən şəxsən sizin bu vaxta qədər bir məqaləni laboratoriyaya verdiyinizi görməmişəm. Mən onlarca müxtəlif mövzularda məqalələr yaratmış və onları laboratoriyaya vermişəm, Sizə dəvətnamə də göndərmişəm. Məsələn Müqəddəs Vit kilsəsi barədə, Peterhof şəhəri, Böyük Peterhof sarayı, Xəbis qızlar filmi, Koralina cizgi filmi və sairə və ilaxır. Bunların heç birisi LGBT-yə aidiyyatı yoxdur, niyə onlara lehinə səs vermədiniz? Məqər pis məqalələrdir? Yoxsa Siz düşünürsünüz ki, insanlar burada oturub əziyyət çəkirlər ki, onları sonradan əziyyətinə görə qınasınlar? Mən şəxsən nə Sizdən, nə də ki, başqasından bir şeyi unmuram, heç nəyi də istəmirəm. Könüllü çalışır, Azərbaycanın gələcəyini düşünürəm. Çünki mən Azərbaycanca Vikipediyanın alman, ingilis, rus dilli vikipediyalarda olduğu kimi zəngin görməyi arzulayıram. Sizdən soruşuram - Siz heç görmüsünüzmü ki, hansısa istifadəçi, burada, ömründə bilmədiyi və danışmadığı bir dildən azərbaycan dilinə məqalə tərcümə etsin və onu sonradan laboratoriyaya versin? Heç kim bunu etməz, çünki özlərinə niyə əziyyət versinlər? Ancaq mən bunu dəfələrlə etmişəm. Özümü tərifləmək üçün demirəm. Sadəcə olaraq bildirmək istəyirəm ki, Sizdə çalışan istifadəçilərin qayğısına qalın. Yaxşını pisdən ayırmağı bacarın. Stereotiplərlə də yaşamayın. Ümumiyyətlə ayrı-seçkilik, diskriminasiya yönümlü mövzuları buradan yığışdırın. Mən şəxsən keyfiyyətsiz məqalə görəndə çox utanıram, ancaq yenə də onun tematikasında bu cür emosiyalarla yanaşmıram. Mənim Sizə heç bir pisliyim dəyməyib, xahiş edirəm mənim ünvanıma da az-viki istifadəçiləri arasında homoseksuallar ola bilər kimi konteks altı formasında ittihamlar işlətməyin - əqər istifadəçi xristianlıq barəsində məqalə yaradırsa, o demək deyil ki, o xristiandır, əqər istifadəçi Yaponiya haqqda məqalə yaradırsa, o demək deyil ki, o yapondur və əqər istifadəçi LGBT barədə məqalə yaradırsa, bu o demək deyil ki, o hansısa əqidə problemi varır. Xahiş edirəm, bunu nəzərə alasınız. --Keete 37 (Farid Aliev) (müzakirə) 20:28, 22 aprel 2015 (UTC)
  Silinsin: Birbaşa Azərbaycana aid olmayan "mənbələr"dən görüntü yaradılmağa cəhd edilib. İradə xanımla razıyam.--Asparux Xan Bulqar (müzakirə) 20:07, 22 aprel 2015 (UTC)
Keete 37 (Farid Aliev) tərəfindən yuxarıda sadalanan məsələlərin hər birini tamamilə doğru hesab edirəm. İnsanları yaratdıqları məqalələrə görə günahlandırmaq qətiyyən düzgün deyil. Burada əsas problemimiz məqaləni yaradan yox onun silinməsinə qarşı olan şəxslələrlə bağlı çıxır. Yəni bir adam belə bir mövzuda məqalə yaradırsa deməli onun özündə şübhəli nəsə var və s.. Lütfən bizi belə şeylərdə ittiham etməyin. Mənə görə Azvikinin 4 əsas inkubator məqalə yaradan şəxsi var. Bunlar: Keete 37 (Farid Aliev), Sefer azeri, Serkanland və Kim Yushin. Qalan şəxslərdə aktiv fəaliyyət göstərirlər. Biri texniki məsələləri icra edir, bir digəri meta ilə əlaqələrimizi saxlayır və ya kimsədə mənim kimi əsasən vandalizm halları ilə bağlı olan məsələlərlə məşğul olur. Həmin bu 4 yoldaş tərəfindən yaradılan və zənginləşdirlən dəyərli məqalələrin tez-tez müzakirəyə çıxarılması və onların məhsuldarlığına təsir edəcək sözlərin işlədilməsinin qəti əlehinəyəm. Əgər biz onlar qədər zəngin məqalələr yazmırıqsa, bizim nə haqqımız var ki, onların işinə çomaq soxaq ? :) İdarəçilərimizi istifadəçilərə qarşı daha həssas olmağa dəvət edirəm. 1-2 aydan bir vikiyə baş çəkib belə radikal təkliflər irəli sürmək yol verilməz bir haldır. Hörmətlə:--Baskervill müzakirə 20:53, 22 aprel 2015 (UTC)
Cənab Baskervill, məni dəstəklədiyiniz üçün Sizə öz dərin minnətdarlığımı bildirirəm. Bilirəm Siz bunu tərəfsiz olduğnuz və hər şeyə obyektiv yanaşmağınızdan irəli gəlir, ancaq yenə də təşəkkür. Ancaq mən çox üzülürəm belə yazıları görəndə, xüsusən də İdarəçilərdən, yəni LGBT mövzulu məqalələrin 90% mən tərəfdən yaradıldığını nəzərə alsaq, belə çıxır ki, İrada xanımın yazdığı az-viki istifadəçiləri arasında homoseksuallar ola bilər ifadəsi bir başa mənə ünvanlanır. İrada xanım məni heç tanıyır? O mənlə heç bir dəfə də olsun ünsiyyətdə olub? Xeyr olmayıb, buna görə də o necə bu cür yazılar yaza bilər axı? Mənə qarşı yalan və iftiralar? Belə məqamlar mənə çox toxunur inanın Nihat bəy. Mən mənim şəxsiyyətimə atılan iftiranın yolverilməz hal olduğnu düşünür və tələb edirəm ki, İrada xanım məndən üzr istəsin. Mən belə şeyləri heç cür qəbul edə bilmərəm. İrada xanım mövzuya öz mövqeyini bildirsin, camaatı heç nədə ittiham etməsin. Hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 21:05, 22 aprel 2015 (UTC)
İrada xanım Azviki üçün ən təcrübəli simalardan biridir və mən əsla inanmaram ki, o burada sizin və ya digər bir şəxsin şəxsiyyətinə toxunacaq nəsə demək istəsin. Sadəcə bir ehtimalı səsləndirib və sizdən rica edirəm ki, həmin sözləri öz ünvanınıza qarşı istiqamətlənmiş sözlər olaraq qəbul etməyəsiniz. Məsələnin başqa məcraya yönəlməsi halı yavaş-yavaş başlamaq üzrədir. Mövzunu başladan və məsələnin həllində maraqlı olan bir şəxsi əməli işə dəvət edirəm. Məqalənin silinməsini təklif edən şəxslər konkret olaraq səbəblər göstərsinlər ki, filan-filan yerlərdə işlədilən fikirlər həqiqətə uyğun deyil. Belə. --Baskervill müzakirə 21:15, 22 aprel 2015 (UTC)

Bir həftə öncə mənə elə gəlirdi ki, Vikipediyada məni heç kim və heç nə təəccübləndirə bilməz. Amma ən çox güvəndiyim, hörmət etdiyim istifadəçilərin tariximizə, mədəniyyətimizə belə münasibəti məni heyrətləndirdi. İnanın ki, hələ də şokdayam. Keete 37, yazdığım az-viki istifadəçiləri arasında homoseksuallar ola bilər ifadəsini özünüzə götürməyin. Məyər siz qarantiya verirsiz ki, Vikipediya istifadəçiləri arasında eləsi yoxdur. Mən sizi tanımıram, ola bilər ki, sizinlə müqayisədə mən köhnə fikirli bir nənəyəm. Amma məqalə yaradanda bu məqalənin xalqımıza xeyir və ya ziyan gətirəcəyi haqqında fikirləşmək lazımdır. Vaxt gələcək bu məqalələri sizin övladlarınız oxuyacaq. Axı belə məqalələr bizə baş ucalığı gətirmir. --İrada (müzakirə) 21:48, 22 aprel 2015 (UTC)

Yəqin hamımız bilirik ki, burda məqaləni müzakirə edirik. İstifadəçilərin kimliyi müzakirə olunmamalıdır (bütün hallarda; yalnız vikidəki fəaliyyəti xaric). Məqaləni yazan şəxsin məqaləni yalnış kökdə başladığını düşünürəm. Elə bir zaman və faktlardan başlayıb ki, onların uzaqdan yaxından bizlə əlaqəsi yoxdur. Əgər bu şəkildə davamını (yəni eyni üslubda) istəyirsə yəqin elə Şah Abbasdan bir başa 1990-cı illərə keçəcək. Şah sarayının əhaliyə nə dəxli var ? Özüdə İranda ? Bilirik ki, belə bənzər şahsayağı həyat tərzi nəinki indiki İranın keçmişində, həmçinin Hindistan, Osmanlı və Şərq ölkələrində eynən son dövrədək Avropada da olub. Ancaq bunun ümumən ölkə əhalisi üçün həyat tərzi kimi qələmə verilməsi doğru deyil, nə də bunu heç kəs EM ilə əsaslandıra bilməz çünki elə mənbələr yoxdur. İnana bilmirəm ki, belə önəmsiz və mənasız mövzunu bu qədər müzakirə edirik. Mənim artıq əlavə edəcək sözüm yoxdur. Hərçənd səsləri sayası olsaq bilinsin ki, mən əlehinə olacam. Hər kəsə hörmətlə !--Asparux Xan Bulqar (müzakirə) 09:07, 23 aprel 2015 (UTC)

  Qalsın: Hər kəsin LGBT mövzusuna öz yanaşması var. Şəxsən mən də LGBT mövzusundan xoşum gəlmir, ümumiyyətlə həyatda LGBT-yə qarşıyam. Çünki bunu bioloji cəhətdən düzgün hesab etmirəm (hərçənd Avropada bunu dəstəkləyirlər, hansı Avropa ki, orta əsrlərdə qatı dini qanunlar hakim idi). Amma mən fikirləşirəm ki, mövzu məqalənin silinməsinə heç cür təsir edə bilməz. Unutmayaq ki, vikipediya açıq və tərəfsiz ensiklopediyadır. Bizim vəzifəmiz toplumu hər cür neytral və ətraflı məlumatla təmin edən ensiklopediya inkişaf etdirməkdir. Mənbələrin saxta və ya uydurma olduğu fikrini isə ancaq " etməyin!" şablonu götürüləndən sonra irəli sürmək mümkündür. --Serk@nl@nd 09:49, 23 aprel 2015 (UTC)

  Bitərəf: İradə xanımı da, Fərid bəyi də başa düşürəm. Ən çox Asparux xanla razıyam. Məncə də məqalənin məzmununun ümumən Azərbaycana birbaşa dəxli yoxdur. Lakin bu səbəblə də məqalə silinməz. Ona görə də ən yaxşısı məqalə işlənsin. Bəli sonda görsək ki, elə eyni şeydi. Yəni Azərbaycana aid olmayan məlumatlardı, ya adı dəyişər, ya da silinər.--samral müzakirə 20:15, 24 aprel 2015 (UTC)
  Silinsin: - Azvikidə kifayət qədər ehtiyac olan məqalələr əvəzinə bu məqalə kimə lazımdır? Tariximizə lazım olan məqalələrdə bu qədər mənbə göstərilməz hec. Şəklin şərhi belə səhvdir. http://www.historiadelarte.us/tag/jordania/ bu keçiddən baxa bilərsiz. İndi bütün göstərilən mənbələri bir-bir yoxlayaq? --Kriptex (müzakirə) 09:07, 28 aprel 2015 (UTC)
  •   Silinsin:. Məqalənin mətni Vikipediyanın mühüm qaydalarından olan Vikipediya:Orijinal tədqiqata yer verməmək qaydasına ziddir. Heç bir etibarlı mənbə bu mövzunu bu şəkildə tədqiq eləmir və heç bir etibarlı mənbədə Azərbaycanda LGTB-nin tarixinə bu qədər diqqət yetirmir. Məqalədə hər şey qarışıb bir birinə. Azərbaycan ərazisini işğal edən ölkələrdə baş verən hadisələrə daha çox yer ayrılıb. Məsələ süni şəkildə şişirdilərək, onun guya əhəmiyyətli olduğu illyuziyası yaranıb. --Interfase (müzakirə) 12:09, 30 aprel 2015 (UTC)
  Silinsin:Heyif bu məqaləyə ayrılan bu qədər vaxta və əməyə. Amma mən də Interfase ilə razıyam ki, burada daha çox özəl yanaşma var və deyərdim ki, şəxsi tədqiqatdır. "Kitabi-Dədə Qorqud" dastanından, Füzulinin də bəzi əsərlərindən, Mirzə Ələkbər Sabirin şeirlərindən, Əli və Nino romanından ikibaşlı sözləri bu yönümdə yozmaq məncə düzgün deyil. --Araz Yaquboglu (müzakirə) 12:19, 30 aprel 2015 (UTC)
  Silinsin: və Azərbaycana birbaşa aid olan hissələr Azərbaycanda LGBT hüquqları məqaləsinə köçürülsün. Osmanlı İmperiyasında homoseksualizm kimi Səfəvi İmperiyasında homoseksualizm məqaləsi də yaradıla bilər.--Yuşin (münazirə) 12:57, 30 aprel 2015 (UTC)
Səfəvi İmperiyasında homoseksualizm yox Səfəvi sarayında homoseksualizm və ya eynən Osmanlı və ilaxır xanədanlıqlar üçün olsa doğru olardı. İmperiyasında yazsaq bu artıq yenə irad edildiyi kimi bütün təbəqələri əhatə edən bütün təbəələrin yəni xalqın üstünə köçürülür. Tutaq ki, bir əyalətdə 20 nəfər oğru 1 milyon adam var: o məntiqlə yazsaq deməliyik ki, bütün əyalət əhalisi oğrudur. Fikir verdiz mən mənbələrin səhihliyindən heç söz yazmıram.--Asparux Xan Bulqar (müzakirə) 18:49, 30 aprel 2015 (UTC)
Asparux Xan Bulqar (müzakirə) Azərbaycanda LGBT tarixi#Monqol, Türkman sülalələri və Səfəvilərin hakimiyyəti dövründə başlığının üçüncü abzasında saraydan yox, mədrəsələrdən bəhs edilir.--Yuşin (münazirə) 19:00, 30 aprel 2015 (UTC)
Bəy mən qeyd etdiyiniz qismi birdə nəzərdən keçirdim: iki gün öncə oxuduğum idi məqaləni sonuncu dəfə. Və ağır mənbələr istifadə olunub həmin bölmədə :). Yüksək ehtimalla məqalə silinməsə belə ən azından o hissələr məqalə bitəndən sonra silinəcək. Mənbələr doğurdan da ya aidiyyatı olmayan ya da ağırlığı olmayan (EM) cinsdəndir.--Asparux Xan Bulqar (müzakirə) 19:28, 30 aprel 2015 (UTC)
Məqalənin silinməsi qətiyyən düzgün deyil. Məqaləni silinməyə namizəd göstərən istifadəçinin məsələyə yanaşması isə tamamilə səhvdir məncə. Çünki mövzunun ensiklopedikliyi mübahisə mövzusu ola bilməz. Əksər vikilərdə, bütün ölkələrdə LGBT tarixi haqqında məqalələr var. Azərbaycanda LGBT tarixi məqaləsi envikidə də var, yaxın zamanda başqa vikilərdə də yaradılacaq. Məqalədə mübahisə və müzakirə mövzusu ola biləcək məqamlar redaktə edilə və ya məqalədən çıxarıla bilər, lakin məqalənin mövzusunun kimlərinsə xoşuna gəlməməsi onun silinməsi üçün əsas ola bilməz. Məqalədə səsləndirilən bütün fikirlərin mənbələri göstərilib. Əgər hansısa məlumatlar şübhəli görünürsə mənbəni müzakirə edərək məlumatın məqalədən çıxarılmasından söz gedə bilər lakin, mövzunun ensiklopedikliyi mübahisə mövzusu olmadığından istənilən halda azvikidə bu adda məqalə olacaq. Bu məqalənin silinməsindən sonra özüm bu mövzuda yeni məqalə yaradacam!--sefer azeri 15:06, 30 aprel 2015 (UTC)
P.S. Məqalənin silinməsinə səs verənlərin əksəri, başda idarəçilərimiz olmaqla, axırıncı dəfə nə vaxt vikipediyada bu həcmdə məqalə işlədiklərini yadlarına salmağa çalışsalar yaxşı olar. Başqasının zəhmətini heç eləmək asandı, bu temp və dünyagörüşü ilə çətin ki, azviki inkişaf edə. Üstəlik məncə METAdakılar da azvikidəki diskriminasiya və homofobiya haqqında mütləq məlumatlandırılmalıdırlar. --sefer azeri 15:09, 30 aprel 2015 (UTC)
"envikidə də var" - envikidə belə bir məqalə yoxdur. Orda cəmi bir cümlə var[3]. Siz bir cümləyə bir məqalə deyirsiz? Əlbəttə ki, orada siz bu cür məqalə yarada bilməzsiz, çünki, orada Vikipediya:Orijinal tədqiqata yer verməmək qaydası həqiqətən də işləyir. Əgər çəkilən zəhmət Vikipediyanın qaydasını pozursa, onda o həqiqətən də hədər gedib. Təəsüf ki, onu daha səmərəli işə sərf etmək olardı. Mən Azərbaycanda LGBT tarixini araşdıran, və ya ona sadəcə toxunan heç bir mənbə görmürəm. Sadəcə vikipediyada süni şəkildə yaradılan orijinal bir sintez görürəm. Məqalədə yazılanların çoxusunun isə Azərbaycana heç bir adiyyatı yoxdur. Bunu sizə rus vikipediyasında Azərbaycana aid olan onlarca yaxşı və seçilmiş məqalə yazan istifadəçi deyir (inanın ki, orda bu statusu almaq o qədər də asan deyil). Və burda nə diskriminasiya nə də homofobiyadan söz gedə bilməz. --Interfase (müzakirə) 19:12, 30 aprel 2015 (UTC)

  Qalsın: və təkmilləşdirilsin. Mənbələr dəqiqləşdirilsin.HulaguKaan (müzakirə) 17:35, 30 aprel 2015 (UTC)

  Qalsın:--RafiqAli (müzakirə) 22:54, 30 aprel 2015 (UTC)


  Silinsin: Məqalədə açıq aşkar qərəzli mənbələrdən istifadə olunub. Bəziləri isə mənbələr deyil , tarixi ədəbiyyatlardır. Xüsusilə səfəvilər haqda verilən mənbələr Osmanlı tarixçilərinə əsaslanır. Bu isə ona bənzəyir ki , Məmmədəmin Rəsulzadəni araşdırmaq üçün bolşevik mənbələrinə , Babəki araşdırmaq üçün isə xəlifəyə yaltaqlanan ərəb tarixçilərinə müraciət edəsən. Hansı kı , Osmanlı tarixi mənbələrində Şah İsmayıl və tərəfdarları qəzərli şəkildə adamyeyənlər deyə tanıdılıblar.--İstifadəçi:Nabiyev

  Qalsın: və təkmilləşdirilsin. Kimlərinsə ucuz dünyagörüşünə görə tarixi reallıqları gizlədə bilmərik. Olanlar yazılmalı və bilinməlidir. Gedin Sabirin Hop-Hopnaməsində yazdığı Zəncan mollaları məsələsini araşdırın. Şərqin çoxdankı adətidir oğlanbazlıq. --İstifadəçi:Nijat_Baku

Zəncan mollalarının Azərbaycana nə dəxli var? Zəncan İrandadı. İranda LGBT tarixinə aid olan şeyləri Azərbaycana nəyə görə yozmaq lazımdı ki? Həm də Sabirin şeri ilkin mənbədi. Ona istinad etmək üçün onun əsərinin bu mövzusunu araşdıran etibarlı mənbə lazımdı, tarixçilər və ədəbiyyatşünaslar, daha Vikipediyada işləyən diletantlar yox. --Interfase (müzakirə) 19:21, 30 aprel 2015 (UTC)

  Qalsın: və lazım gələrsə təkmilləşdirilsin. Cəmiyyətdə yazılı olmayan tabunun Vikipediyada da tabulaşdırılması lazım deyil. Bu məsələ barədə bu qədər ciddi müzakirə olmasının səbəbi əsla mənbəsizlik deyil, çünki Vikipediyada itə daş atsan mənbəsiz məqaləyə rast gəlir. Bunun səbəbi müxtəlif idarəçilərin şəxsi baxışlarıdır. Mən özüm heteroseksual olsam da bu kimi məqalələrin mövcudiyyətinə qarşı deyiləm. Azərbaycanda LGBT tarixi üçün mənbələrin az olmasının səbəbi elə bu tabuya görə araşdırmanın da mövcud olmamasıdır. Elmi bir araşdırma ortaya çıxanadək bu məqalənin qalmasının tərəfdarıyam --Cavid Ağa (müzakirə) 20:16, 30 aprel 2015 (UTC)

  Qalsın: Vikipedia açıq yerdir və burada həqiqətə söykənən fikirlərdən istifadə etmək lazımdı. Təbii ki, məqalədə əsasda Xürrəmilər və Şah İsmayıl Xətai haqqında ərəb və Osmanlı mənbələrində sitatlar var və onlar həqiqətə tam söykənmir. Məncə məqalə qalmalıdır, amma təkmilləşdirilməlidir. Ora da bəzi mənbələrdən düzgün istifadə edilməyib və təhriflər var. Onlara düzəlişlər edilsə çox gözəl bir məqalə olar. --İstifadəçi:Orxan Hacızadə 08:37, 1 may 2015 (UTC)

Məqalənin bəzi hissələri orijinal tədqiqatı olduğu, bütün məqaləni silmək üçün səbəb deyil. --Мурад 97 (müzakirə) 23:20, 30 aprel 2015 (UTC)

Burda yazılanlar heç biri Azərbaycana aid deyil . silinməyi məsləhətdi — Bu imzasız yazı 5.44.37.232 (m) tərəfindən əlavə edilib;

Burda bütün yazılanları oxuyursan bəzi (texniki) həqiqi iradlardan başqa hər kəs subyektiv fikrini bölüşüb. Fikir yazanların bir qismi ümumiyyətlə vikiyələ əlaqəli şəxslər deyil: sadəcə həmrəylik xatirinə (elə bil qanun lahiyəsi filan qəbulu üçün səs çoxluğu gərəkir :) ) əsaslandırmadan ya məqaləni silin deyir ya da qalsın deyir. Demək (əksəriyyət) çoxu mənbələrə nəzər yetirmir. Eynicinsli münasibətlrə dair şəxsi fikirlərinizi kənara qoyun lütfən. Məqaləni istinadları ilə bir də oxuyun. Görün məqalənin məzmunu (və etibarsız mənbələri) nəmənədir, adı nəmənədir. Hərkəsdən ricam budur.--Asparux Xan Bulqar (müzakirə) 08:08, 1 may 2015 (UTC)

  Qalsın: : Azərbaycanda homoseksuallığın olmadığını sübut edən bir dənə də mənbə tapa bilməzsiniz, amma bunun mövcud olduğunu sübut edən təkcə mənim bildiyim nə qədər mənbələr var ki, heç bu məqalədə göstərilməyib. Vikiyə nə lazımdır, mənbə? Bu haqda əlavə mənbələr təqdim edə bilərəm. Mən bu məqalənin silinməsinin əleyhinəyəm. Ona görə qalsın deyirəm. Əgər homoseksulallığı azərbaycanlılara yaraşdırmırsınızsa, o zaman bunun olmadığını sübut edin.--Gulyakhaki (müzakirə) 19:12, 30 aprel 2015 (UTC)

Bura forum deyil. Mənasız müzakirədənsə uyğun ilkin mənbələrdən istinadlar verin məqalədə ki, təqdim etməyə çalışdığınız kimi bütün Azərbaycan xalqında qəbul edilmiş norma olub, yoxsa etibarsız mənbələrə əsaslanıb cəmiyyətin az bir qismindən bəhs edir və bunu ölkə əhalisinə yamayırsız. Bunu kim qəbul edər ? Bu yazdıqlarınız tarixdən və və mənbələrdən anlayışı olmayan şəxslərə təsir edə bilər o qədər. Yenə öncədə yazadığım kimi hərkəsin subyektiv fikiri özünə burda məqalə müzakirə olunur itifadəçilərin münasibəti yox.--Asparux Xan Bulqar (müzakirə) 11:26, 1 may 2015 (UTC)
  • "Azərbaycanda homoseksuallığın olmadığını sübut edən bir dənə də mənbə tapa bilməzsiniz" - keç kəs demir ki Azərbaycanda homoseksuallar yoxdu, ancaq Azərbaycanda nəinsə olduğu həmin şeyin tarixi barədə Vikipediyada məqalə yaratmağa əsas vermir. Bunun üçün ayrıca, bu məsələni araşdıran və ona yer ayıran etibarlı mənbələr olmalıdı. Azərbaycanda çox şey var. Azərbaycanda oğurluq da var, rüşvətxorluq da var, faişəlik də var, satqınlar da var, və hətta taxtabitilər də var. Sizin məntiqnən biz bunların hamısının tarixi barədə məqalə yarada bilərik: Azərbaycanda oğurluğun tarixi, Azərbaycanda faişəliyin tarixi, Azərbaycanda satqınlığın tarixi, Azərbaycanda rüşvətxorluğun tarixi, Azərbaycanda taxtabitilərin tarixi və s. Sizcə bu hansı məntiqə uyğundu? Vikpediya da qayda qanun var. Burada heç kəs özündən tədqiqat aparıb, orijinal bir məqalə yarada bilməz, əgər onun əlində bu məsələyə mühüm yer ayıran mənbə yoxdursa. Bəlkə Azərbaycan Vikipediyasında qaydalar ancaq onları pozmaq üçün yaranıb, deyin bilək də. --Interfase (müzakirə) 07:41, 2 may 2015 (UTC)
Interfase tərəfindən səsləndirilən fikirlərdə də həqiqət var..--Baskervill müzakirə 08:02, 2 may 2015 (UTC)
Cənab Interfase, narahat olmayın elə sizin göstərdiyiniz mövzulara da aid məqalələr yaratmaq mümkündür - məsələn ingilis dilində "Rusiydakı rüşvətxorluq" adlı məqalə mövcuddur, içində onun tarixi də vardır - [4], və yaxud bu məqalənin aşağısındakı şablonda "Azərbaycandakı fahişəlik" məqaləsi də mövcuddur - [5] yəni demək istədiyim, hər bir mövzuda məqalə yaratmaq mümkündür, yetər ki, istinadlar olsun. --Keete 37 (Farid Aliev) (müzakirə) 18:15, 2 may 2015 (UTC)
məsələn ingilis dilində "Rusiydakı rüşvətxorluq" adlı məqalə mövcuddur - o məqalə ona görə mövcuddur ki, həmin məsələni ayrıca araşdıran mənbələr mövcuddur, məhs rüşvətxorluğun özünü, daha onun tarixini yox. Əgər sizdə bu cür mənbələr Azərbaycanda rüşvətxorluğun tarixinə də aid varsa, onda onu da yaratmaq mümkündür. Müzakirə etdiyimiz məqaləni isə bu cür araşdıran mənbə yoxdur. İstinadların olması yetər deyil. Əgər onları bir birinə bağılayan və bir kontekstdə uyğunlağdıran mənbələr yoxdursa, onda o məqalə mövcud ola bilməz. Buna orijinal tədqiqat deyiir.
məqalənin aşağısındakı şablonda "Azərbaycandakı fahişəlik" məqaləsi də mövcuddur - siz heç həmin keçidə baxmısız? Məncə, yox. Orada heç bir məqalə yoxdur. Keçid verilib Asiyada fahişəlik məqaləsinə, orada da Azərbaycana aid cəmi bir-iki cümlə var. Xahiş olunur gələcəkdə nə haqqda danışdığınız barədə xəbərdar olun. Camaatı da çaşdırmayın.
Demək istədiyim odur ki, nəinsə mövcud olması o haqqda məqalə yaratmağa əsas verə bilməz. Bir biri ilə əlaqli olmayan istinadları sintez edib məqalə yaratmaq da olmaz. Burada da isƏ məqalə məhz orijinal sintez əsasında yaranıb. Bu da yuxarıda qeyd etdiyim qaydaya ziddir. --Interfase (müzakirə) 18:53, 2 may 2015 (UTC)
Cənab Interfase, xahiş edirəm, bilmədiyiniz məsələdə məni suçlamaysınız. Bəli, məndə bilirəm ki, o məqalə Asiyadakı fahişəlik məqaləsinə keçid edir. Ancaq göndərdiyim məqalə Böyük Britaniyadakı fahişəliklə bağlıdır. Yəni oradakı keçid, məlumatların azlığı ilə bağlıdır. Rusiyadakı rüşvətxorluq məqaləsinin içərisində hər bir şey verilib, rüşvətxorluğun durumu, onun tarixi və s. Elə düşünməyin ki, siz məndən ağıllı savadlı və hər bir şeydə məndən artıq bilirsiniz. Sabah mən şəxsən istəsəm, Azərbaycanda rüşvətxorluq məqaləsini da yarada bilərəm, istədiyim qədər də istinad tapa bilərəm. Sizə yuxarıda yazdım - istənilən mövzuda məqalə yaratmaq olar, bunu lazımi istinadları istifadə etmək təqdirində. Azərbaycanda LGBT mövzusu ensiklopedikdir vəssalam. Özüdə ki, xahiş edirəm mənlə yüksək tonla yazışmayasınız, buna sizin heç bir ixtiyarınız çatmır. --Keete 37 (Farid Aliev) (müzakirə) 19:03, 2 may 2015 (UTC)
Sizin sözlərinizdən belə başa düşünürəm ki, siz yuxarıda göstərdiyim qaydanı tam başa düşmürsüz. Göstərdiyiniz məqalə Böyük Britaniyadakı fahişəliklə bağlıdır, ancaq yazmışdız ki, "Azərbaycandakı fahişəlik" məqaləsi də mövcuddur[6]. Bu sizin sözlərdi, halbuki, bu həqiqətə uyğun deyil. Məsələ məqalə yaratmaqda deyil. Əgər əlinizdə hansısa bir hadısəni geniş araşdıran mənbə varsa onda o hadisə barədə məqalə yarada bilərsiz. Yox, əgər siz müxtəlif hadisələrə aid mənbələri sintez edib orijinal tədqiqat apararaq məqalə yaradırsınızsa, onda o məqalənin mövcudluğu Vikipediya prinsiplərinə ziddir və o məqalə silinməlidir. Bir də, siznən heç kəs yüksək tonla danışmır. Mən ki öz opponentimə yazmıram ki, "elə düşünməyin ki, siz məndən ağıllı savadlı və hər bir şeydə məndən artıq bilirsiniz". Bunu siz yazırsız. Əgər nəisə düz demirəmsə, göstərin nəyi. Mən Vikipediya qaydalarına istinad edərək danışıram, siz isə ingilis dilində olan digər məqalələrin mövcudluğuna. Orada bəlkə hansısa məqalənin mövzusunu araşdıran mənbə var, bu məqalədə isə yoxdu. Elə ona görə də ingilis dilində "Wikipedias in other languages" qaydası var. Bu o deməkdi ki, başqa dillərdə nəyin mövcud olması və nəyin mövcud olmaması bizə məqalə yaratmağa əsas verə bilməz. --Interfase (müzakirə) 19:50, 2 may 2015 (UTC)

Qərar: Müzakirənin başladılmasından 15 gün keçib.. Bu isə o deməkdir ki, bir qərar vermək lazımdır. Məqalə silinsin yoxsa saxlanılsın. Proses barədə ümumilikdə 20 nəfərdən çox şəxs öz fikirini ifadə edib. Fikir bildirən yoldaşların 10 nəfəri məqalənin silinməsini, 11 nəfəri isə saxlanılmasına səs verib. Qeyd etmək lazımdır ki, səsvermə prosesində iştirak edən yoldaşların heç də hər birinin səsvermədə iştirak etmək hüququ yoxdur. Bu məsələ sosial şəbəkələrdə də müzakirə edildi. Karoçi mən təklif edirəm ki, məqalə silinməsin. Orjinal təhqiqat olaraq adlandırılan bölümlər çıxarıla, dəyişdirilə və ya silinə bilər. Ancaq məqalənin silinməsinə qarşı bu qədər şəxs varkən məqaləni silmək böyük bir ədalətsizlik olardı. Məqalə saxlanılır. Hörmətlə--Baskervill müzakirə 11:00, 5 may 2015 (UTC)

Baskervill, burada səsvermə keçirilmir. Məqalənin silinməsi və ya saxlanması haqqında qərar tutarlı dəlillərə və Vikipediyanın qaydalarına söykənməlidir. Yuxarıda leyhinə səsverənlərin əksəriyyətinin isə ümumiyyətlə Vikipediya qaydalarından xəbəri yoxdur. Təəssüf hissi ilə --İrada (müzakirə) 11:16, 5 may 2015 (UTC)

Mən öz şübhələrimdə yayınmadım. Azərbaycan Vikipediyasında qaydalar olsa da onlara hələ də riayət etmirlər. Hətta idarəçilər də. Çox təəsüf ki bu Vikipediyanın mənim ana dilim olduğu dil bölməsində baş verir. Belə gedişlə bu layihənin gələcəyi yoxdu. --Interfase (müzakirə) 14:20, 6 may 2015 (UTC)

Araz Yaquboğlu

Son rəy: 9 il öncə10 şərhMüzakirədə 10 nəfər

Düşünürəm ki, istifadəçi və yaxud idarəçi öz barəsində məqalə yaratmamalıdır. Məqalə qeyri-ensiklopedikdir.

  Silinsin: --Keete 37 (Farid Aliev) (müzakirə) 12:51, 14 may 2015 (UTC)
  Qalsın: "Qızıl qələm" mükafatı ilə təltif olunduğundan Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər)#Mədəniyyət və incəsənət xadimləri#Jurnalistlər qaydasının 4-cü bəndinə görə ensiklopedikdir. Həm də tarixçəyə baxdım, məqalə eyniadlı istifadəçi tərəfindən yaradılmayıbdır, bir IP tərəfindən yaradılmışdır. Bir də istifadəçinin özü ensiklopedikdirsə haqqında məqalənin yaradılması mümkündür. --Serk@nl@nd 17:22, 14 may 2015 (UTC)
  Qalsın: Birincisi məqalə İP-dən yaradılıb. Digər tərəfdən istifadəçinin özünün özü haqqında məqaləni redaktə etdiyi söylənilə bilər - adamın özü haqqında özündən daha çox kimdə məlumat ola bilər ki? Burda istifadəçilərə xəbərdarlıq edilir ki, özünüz haqqında məqalə yaratmayın - bu onun üçün edilir ki, ensiklopedik olmayan şəxs belə məlumatı öz istifadəçi səhifəsində yazsın. Ensiklopedik olan şəxs əgər vikipediya istifadəçisidirsə - sadəcə buna görə onun haqqında vikipediyada məlumat olmamalıdır? Bu yanlış məntiqdir. Çox sayda vikipediya istifdəçimiz var ki, onlar həm də ensiklopedik şəxsdir və burada haqlarında məlumat var. Araz Yaquboğlu da onlardan biri. --Sortilegus (müzakirə) 19:36, 14 may 2015 (UTC)
  Qalsın: Araz bəy dəyərli bir insandır. Onun Azvikinin inkişafında böyük zəhmət payı var. Əlbəttə də mən məsələlərə bu nöqtədən yanaşmıram. Əgər bir şəxs ensiklopedik deyilsə onun barəsində olan məqalə silinməlidir. Sadəcə yuxarıda dostlarımız şəxsin ensiklopedik əhəmiyyətini isbat ediblər. Mən istəməzdim ki, idarəçi barədə olan məqalənin gündəmə gətirilməsi belə bir zamanda baş versin. Yəni mən bir idarəçinin dostu barədə silinməyə namizəd verdim deyə sizlərində belə etməsinin konkret yeri yoxdu. Uşaq başı aldadırsız ? yoxsa məni uşaq sayırsız :) Uğurlar. Hörmətlə:--Baskervill müzakirə 19:49, 14 may 2015 (UTC)
  Qalsın: Məqalə şəxslərin ensiklopedik əhəmiyyətlilik dərəcələrinə müvafiqdir. -- ■ Sultan mesaj 18:46, 15 may 2015 (UTC)
  Qalsın: Həmkarımızın fikri ilə razıyam.--Asparux Xan Bulqar (müzakirə) 19:04, 15 may 2015 (UTC)
  •   Qalsın: Məqalənin saxlanılmasında problem görmürəm.  Pərviz   17:29, 16 may 2015 (UTC)
  Qalsın:--Enver62 (müzakirə) 18:26, 16 may 2015 (UTC)
  Qalsın:- Araz Yaquboglu haqqında kifayət qədər mənbələr var. --Melikov Memmed⇒email 07:27, 20 may 2015 (UTC)

Qərar: İstifadəçilərin fikirlərinə əsasən məqalənin saxlanılmasına qərar verildi. --sefer azeri 05:52, 21 may 2015 (UTC)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Silinməyə_namizəd_səhifələr/Arxiv/2015_May&oldid=7562076"
LOVE.AZ