Viki Abidələri Sevir hər ilin sentyabr ayında keçirilən beynəlxalq fotoşəkil müsabiqəsidir. Müsabiqə insanları öz ölkəsində yerləşən abidələrin şəkillərini çəkib Wikimedia Commons layihəsinə yükləməyə həvəsləndirir. Müsabiqə, Vikipediyanı illüstrativ materiallarla təmin etmək və Azərbaycanda memarlıq irsinin mühafizəsi məsələsinə diqqət çəkmək məqsədi daşıyır.
Bu il keçirilən müsabiqə barədə daha ətraflı məlumat almaq üçün "Wikimedia Commons"da yerləşən Wiki Loves Monuments 2013 səhifəsinə baxmaq olar.
Əgər siz yüklədiyiniz fotoşəkillərin müsabiqədə iştirakını istəyirsinizsə, o zaman wikilovesmonuments.org saytına və ya birbaşa Kommonsdakı yükləmə səhifəsinə keçə bilərsiniz. Həmin keçid vasitəsilə açılan səhifədə ölkəni seçib "Upload Wizard" proqram təminatından istifadə edərək fotoşəklinizi yükləyirsiniz. Bu zaman şəklin səhifəsinə avtomatik olaraq {{Wiki Loves Monuments 2013|az}} şablonu yerləşdirilir və o müsabiqədə iştirak edir.
Müsabiqədə qalib gələn 10 fotoşəkli Vikipediya və Wikimedia Commons layihələrinin təcrübəli istifadəçiləri seçiblər. Bunlar Interfase, İrada və Spider adlı istifadəçilərdi.
Münsiflər heyəti müsabiqədə iştirak edən 490 fotoşəkil arasında 10 qalib fotoşəkli seçmişdir. Seçim zamanı fotoşəklin keyfiyyəti, parlaqlığı, abidənin (və ya onun vacib detalının) tam görüntüsü və s. nüanslar nəzərə alınmışdır. Həmin 10 fotoşəkil beynəlxalq müsabiqədə iştirak etmək hüququ qazanacaq. Biz qalibləri təbrik edir və onlara 40-dan artıq ölkədən olan iştirakçıların iştirak etdiyi beynəlxalq müsabiqədə uğurlar arzulayırıq.